Bakı.Trend:
“Azərenerji”nin 2026-cı ilin yanvar-avqust ayları üzrə ixrac gəlirləri təxminən 8 milyon dollar təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin avqust buraxılışında dərc olunan məlumata əsasən, bu ilin yanvar-avqust aylarında “Azərenerji”nin ixrac gəlirləri 8,3 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri siyahısına Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Siyahıda daha sonra “AzerGold” QSC, “SOCAR Polymer” MMC, “AzərAlüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC, “Naxçıvan Enerji” MMC, “SOCAR CAPE” MMC və “Azəripək” ASC yer alır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 20 aprel 2016-cı ildə yaradılıb. Mərkəzin fəaliyyətinin əsas məqsədi ölkədə həyata keçirilən iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi və bu sahədə işlərin səmərəli əlaqələndirilməsinin təmin edilməsidir.
Mərkəz Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi məqsədilə makro və mikroiqtisadi səviyyələrdə təhlil və araşdırmalar aparır. Qurum analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı təkliflər, həmçinin orta və uzunmüddətli dövrlər üçün proqnozlar hazırlayaraq dövlət orqan və qurumlarına təqdim edir.
Bundan əlavə, Mərkəz Azərbaycanın iqtisadiyyatın müxtəlif sahələrində əldə etdiyi nailiyyətlərin təşviqini təşkil edir. Qurum fəaliyyət istiqamətlərindən biri kimi rəqabətqabiliyyətli, sosialyönümlü bazar iqtisadiyyatı modelinin formalaşdırılmasına yönəlmiş iqtisadi islahatlara dəstək göstərilməsini müəyyənləşdirib.
