Bakı.Trend:
Azərbaycan ilə "Cisco" arasında regional mərkəz və akademiyanın yaradılması müzakirə olunub.
Bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında yazıb.
"“Cisco” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Müştəri Təcrübəsi istiqamətinin baş vitse-prezidenti və baş direktoru Adel Trombetta ilə görüş keçirdik.Görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt sahəsində prioritetləri, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, məlumat mərkəzləri və “Hökumət buludu”nun inkişafı, kibertəhlükəsizlik və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik", - deyə məlumatda qeyd olunur.
Həmçinin qeyd olunur ki, birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, regional mərkəzin, o cümlədən “Cisco” akadamiyasının yaradılması imkanları və rəqəmsal bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Cisco müxtəlif sistem və qurğuların təhlükəsiz şəkildə əlaqələndirilməsini təmin edən və geniş spektrli həllərin tətbiqi üçün imkanlar yaradan qlobal texnologiya lideridir.
Şirkət müştərilərinə tətbiqlərinə yeni yanaşmalar formalaşdırmağa, hibrid iş modelini təmin etməyə, korporativ infrastrukturu qorumağa, infrastrukturunu transformasiya etməyə və dayanıqlı inkişaf məqsədlərinə nail olmağa kömək etməklə hamı üçün inklüziv gələcəyin formalaşmasına töhfə verməyə çalışır.
Xəbər yenilənəcək
