Bakı.Trend:
Azərbaycanda AZIPS-də aparılan əməliyyatların həcmi 65 faiz artıb.
Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik bülletenə əsasən, cari ilin avqust ayında Azərbaycanın Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) aparılan əməliyyatların həcmi 113 milyard manatı ötüb, onların sayı isə 202,3 minə çatıb.
Trend-in bankın məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin eyni ayı ilə müqayisədə bu sistemdə aparılan əməliyyatların həcmi 44,5 milyard manatdan çox və ya 65 faiz artıb, əməliyyatların sayı isə 13,1 min ədəd və ya 6,9 faiz çoxalıb.
Qeyd edək ki, Azərbaycanda bankların və “Azərpoçt” MMC-nin dövriyyədə olan ödəniş kartlarının sayı avqustun sonuna 22 milyon 974 minə çatıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu göstərici iyulun sonu ilə müqayisədə 189 min ədəd və ya təxminən 0,8 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə dövriyyədə olan ödəniş kartlarının sayı 8,7 faiz artıb.
Kartların strukturunda da dəyişiklik baş verib: debet kartlarının sayı illik ifadədə 10,2 faiz artıb, kredit kartlarının sayı isə 4,3 faiz azalıb.
Nağdsız ödənişlərin artımı da davam edib. 2026-cı ilin avqust ayında ödəniş kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız əməliyyatların həcmi 8 milyard 888 milyon manat təşkil edib. Bu məbləğin 7 milyard 682 milyon manatı elektron ticarətin, 1 milyard 204 milyon manatı POS-terminalların, 2 milyon manatı isə özünəxidmət terminalları və bankomatların payına düşüb.
