Azərbaycan qızıl ixracından gəlirini artırıb

İqtisadiyyat Xəbər 29 Sentyabr 2026 11:49 (UTC +04:00)
Azərbaycan qızıl ixracından gəlirini artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 271,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən açıqlanan “İxrac icmalı”nın 2026-cı il üzrə sentyabr sayında bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60,5 milyon ABŞ dolları və ya 28,7% çoxdur.

Təkcə avqustda isə Azərbaycan 36,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,8 milyon ABŞ dolları və ya nisbətən 15% çoxdur.

Ümumilikdə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artaraq 2,81 milyard ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (271,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda mis filizləri və konsentratları (183,7 milyon ABŞ dolları) ikinci, tomat (172,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 2026-cı ilin avqust ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (36,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda mis filizləri və konsentratları (31,7 milyon ABŞ dolları) ikinci, şaftalı (nektarinlər daxil olmaqla) (29,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Qızılın Azərbaycan iqtisadiyyatındakı əhəmiyyəti yalnız ixrac göstəriciləri ilə məhdudlaşmır. Qiymətli metal Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ən böyük komponentidir və fondun aktivlərinin 36%-ni təşkil edir.

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings”in yeni hesabatına görə, 2026-cı ilin birinci rübünün sonuna ARDNF-in aktivləri 73,5 milyard ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın 2026-cı il üçün proqnozlaşdırılan ÜDM-nin 93,2%-nə bərabərdir.

“Fitch” qeyd edir ki, 2023-cü ildən 2026-cı ilin birinci rübünə qədər ARDNF aktivlərinin 19,4 milyard dollar artmasına qızıl aktivləri birbaşa töhfə verib. Bu artımın 26%-i həcm effekti hesabına formalaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti