Bakı. Trend:
İoannis Diamantakos Azərbaycanın basketbol üzrə qadınlardan ibarət milli komandasının baş məşqçisi və bütün yaş qrupları üzrə qadın milli komandalarının koordinatoru təyin olunub.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yunanıstanlı mütəxəssislə iki il müddətinə müqavilə imzalanıb.
Son olaraq Səudiyyə Ərəbistanının AlUla klubunun baş məşqçisi kimi fəaliyyət göstərən Diamantakos milli komandalar və peşəkar klublar səviyyəsində zəngin beynəlxalq təcrübəyə malikdir.
O, Livan Basketbol Federasiyasında texniki koordinator, Livanın qadınlardan ibarət əsas milli komandasının, eləcə də U18 oğlan və qız milli komandalarının baş məşqçisi vəzifələrində çalışıb. Mütəxəssis, həmçinin Fələstinin kişilərdən ibarət əsas milli komandasına və Rumıniyanın U20 milli komandasına rəhbərlik edib.
Klub səviyyəsində Yunanıstan, Rumıniya, Fələstin və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Diamantakosun məşqçilik karyerasında U18 qadınlar arasında FIBA Asiya Kubokunun B divizionunda və U18 WABA turnirində qazanılmış gümüş medallar, Fələstin Basketbol Liqası çempionluğu və Yunanıstanda iki liqa çempionluğu yer alır. O, həmçinin komandaları ilə FIBA Europe Cup-da ən güclü səkkizlikdə yer alıb və FIBA U20 Avropa çempionatını beşinci pillədə başa vurub.
Basketbol sahəsindəki fəaliyyətindən əlavə, İoannis Diamantakos psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Onun akademik bilikləri məşqçilik və liderlik fəaliyyətinə elmi yanaşma gətirir.
Diamantakosun əsas milli komanda ilə qarşıdakı hədəfi 2026-cı ilin noyabrında və 2027-ci ilin fevralında keçiriləcək FIBA-nın qadınlar arasında 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində rəqabətədavamlı çıxış etməkdir. Bu turnir gələcək üçün mühüm təcrübə qazandırmaqla yanaşı, 2027-ci ilin yayında keçiriləcək FIBA-nın qızlar arasında U16, U18 və U20 Avropa çempionatlarına hazırlıq baxımından da faydalı olacaq.
Yeni təyinatı ilə bağlı İoannis Diamantakos bildirib ki, Azərbaycan Basketbol Federasiyasına qoşulmaq onun üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir:
“Mənə göstərilən etimada görə Federasiyaya və onun rəhbərliyinə minnətdaram. Əsas milli komandanı qarşıdakı çağırışlara hazırlamaqla yanaşı, bütün yaş qrupları üzrə milli komandalar arasında aydın inkişaf yolu qurmaq üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirəm. Məqsədimiz davamlı inkişaf və Azərbaycan basketbolunun uğurlu gələcəyi üçün möhkəm təməl yaratmaqdır”.
