"SOCAR Polymer"in yanvar-avqust gəlirləri 176 milyon dollar təşkil edib

İqtisadiyyat Xəbər 29 Sentyabr 2026 13:21 (UTC +04:00)
"SOCAR Polymer"in yanvar-avqust gəlirləri 176 milyon dollar təşkil edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

"SOCAR Polymer" şirkətinin 2026-cı ilin yanvar-avqust ayları üzrə ixrac gəlirləri təxminən 176 milyon dollar təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin avqust ayında dərc etdiyi “İxrac icmalı”na əsasən, bu ilin yanvar-avqust aylarında SOCAR Polymer şirkətinin ixrac gəlirləri 175,6 milyon ABŞ dolları təşkil edib.

Trend-in icmalda əks olunan məlumatlar əsasında hesablamalarına görə, bu göstərici 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 14,9 milyon ABŞ dollarından çox və ya 7,8 faiz azdır.

Qeyd edək ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir. Siyahıda daha sonra “AzerGold” QSC, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC (AZAL), “Naxçıvan Enerji” MMC, “SOCAR-CAPE” MMC və “Azəripək” ASC yer alır.

"SOCAR Polymer" Azərbaycanın neft-qaz sektorunda ilk dövlət-özəl tərəfdaşlığıdır. Şirkət Sumqayıt Kimya Sənaye Parkının (SCIP) rezidentidir.

Azərbaycanın paytaxtı Bakıdan 30 kilometr şimalda yerləşən Sumqayıt Kimya Sənaye Parkının formalaşdırılmasına 2013-cü ildə başlanılıb və parkın Mərkəzi Asiyada yeni iri neft-kimya mərkəzinə çevriləcəyi gözlənilir.

Şirkət iki zavod inşa edib: biri polipropilen (PP), digəri isə yüksək sıxlıqlı polietilen (HDPE) istehsalı üzrə ixtisaslaşıb. Zavodların illik istehsal gücü müvafiq olaraq 184 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edir.

Şirkətin məhsullarından qaz, çirkab suları və suyun nəqli üçün yüksək təzyiqə davamlı boruların, qablaşdırma materiallarının, tekstil məhsullarının, dəftərxana ləvazimatlarının, avtomobil komponentlərinin, elektron və elektrik avadanlıqlarının, tibbi məmulatların və digər məhsulların istehsalında istifadə oluna bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti