Bakı.Trend:
Estoniya “Milrem Robotics” müdafiə sənayesi şirkətinin binasının yandırılmasını təxribat aktı kimi tanıyıb.
“Meduza”nın məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Marqus Tsahkna bildirib.
Hökumət bunun Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirildiyini iddia edib.
“Bu təxribat aktı bütün Avropada Rusiyanın bizi qorxutmağa və Ukraynaya dəstəyimizi zəiflətməyə yönəlmiş daha geniş kampaniyasının bir hissəsidir. Bizim cavabımız bunun əksi olacaq. Ukraynaya dəstəyimizi və Rusiyaya təzyiqi artıracağıq ki, o, təcavüzünü dayandırsın”, - deyə nazirliyin bəyanatında bildirilib.
Qeyd edək ki, sentyabrın 29-da Rusiyanın müvəqqəti işlər vəkili Lenar Salimullin Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Kreml Estoniya hakimiyyətinin ittihamlarını “əsassız, düşünülməmiş, reallığı heç bir şəkildə əks etdirməyən və hər hansı arqumentə söykənməyən” iddialar adlandırıb.
Yanğın avqustun 15-nə keçən gecə Tallində Betooni küçəsində baş verib. Müdafiə sənayesi şirkəti “Milrem Robotics”in binasında meydana gələn yanğın qısa müddətdə söndürülüb, xəsarət alan olmayıb. İş üzrə üç nəfər şübhəli şəxs qismində saxlanılıb və onların hamısının Latviya vətəndaşı olduğu müəyyənləşib.
