Bakı. Trend:
Bakıda Şah İsmayıl Xətainin heykəlinin üzərindəki yazı sosial şəbəkədə müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçisi Sənan Nəcəfov paylaşımında heykəlin kartuş (lövhə) hissəsində “ŞAH İSMAYIL XƏTAİ” yazısının altında “Nəvəm İsmayıl Atakuşevə həsr olunur — İbrahim Zeynalov” ifadəsinin yer aldığını bildirib. O, dövlət vəsaiti hesabına ucaldılmış monumental abidədə müəllifin ailə üzvünə həsr olunmuş belə bir yazının yerləşdirilməsinin hüquqi əsaslarının olub-olmaması və bunun nə dərəcədə doğru olduğu ilə bağlı sual qaldırıb.
Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Trend-in sorğusuna cavab olaraq, qeyd edilib ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.
"Dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan hər hansı əlavə yazı, element və ya müdaxilənin edilməsi yolverilməzdir. Belə müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və mədəni əhəmiyyətinin təhrif olunmasına səbəb olur.
Heykəlin postamentinin üzərindəki lövhədə yer alan sözügedən yazının əlavə edilməsi məsələsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır.
Eyni zamanda, məsələ müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert Komissiyası çərçivəsində ətraflı şəkildə nəzərdən keçiriləcək. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək", - deyə əlavə edilib
