Bakı. Trend:
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 12-ci İllik Toplantısı 2027-ci ildə Azərbaycanda keçiriləcək.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Dohada keçirilən 11-ci İllik Toplantı çərçivəsində AİİB Müdirlər Şurasının qərarı ilə növbəti İllik Toplantıya ev sahibliyinin Azərbaycana ötürülməsi ilə bağlı təşkil olunan mərasimdə iştirak etdik. Ölkəmizə göstərilən yüksək etimada görə təşəkkürümüzü bildiririk.
Bu qərar Azərbaycanın AİİB ilə möhkəm tərəfdaşlığını, ölkəmizin beynəlxalq maliyyə və investisiya platformalarında fəal rolunu əks etdirir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsinə, yeni investisiya imkanlarının təşviqinə və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə töhfə verəcək", - paylaşımda qeyd edilib.
Daha əvvəl AİİB-nin baş iqtisadçısı Konor Barri Trend-ə açıqlamasında Bankın Azərbaycanla əməkdaşlığında əsas prioritet istiqamətlər barədə danışıb.
O bildirib ki, Azərbaycan və qonşu ölkələr arasında “yaşıl” elektrik enerjisi bazarının yaradılması AİİB-nin iştirak etməkdə maraqlı olduğu mühüm təşəbbüslərdən biridir.
“Biz Azərbaycana AİİB olaraq əvvəlcədən müəyyən edilmiş prioritetlərlə gəlmirik. Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində ölkənin inkişaf məqsədlərindən çıxış edərək fəaliyyət göstəririk. Bu məqsədləri transsərhəd bağlantı, “yaşıl” infrastruktur və rəqəmsal həllər də daxil olmaqla, infrastruktur üçün mühüm hesab etdiyimiz istiqamətlərlə uzlaşdırmağa çalışırıq”, - deyə K.Barri bildirib.
AİİB-nin baş iqtisadçısı qeyd edib ki, Bank Azərbaycanda bərpaolunan enerji sahəsində, o cümlədən iri həcmli günəş enerjisi layihələrində iştirak edib.
“Biz hesab edirik ki, bu istiqamət özəl investisiyalar üçün imkanlar açmaqda davam edəcək. Məqsədimiz daha böyük həcmdə özəl kapital cəlb etməkdir ki, həm daxili, həm də beynəlxalq əlavə özəl investisiyaların bərpaolunan enerjiyə və elektrik mobilliyinə yönəldilməsində multiplikator rolunda çıxış edək”, - deyə o vurğulayıb.
K.Barri əlavə edib ki, AİİB investisiyalarının ümumi həcmində iqlim maliyyələşdirməsinin payı artıq 50 faizi ötüb.
“Hazırda 70 faizə çatmağa can atırıq. Bizim üçün növbəti mərhələ təkcə kəmiyyət baxımından artımı deyil, həm də keyfiyyət baxımından təsirin təmin edilməsini və iqlim dayanıqlığının artırılmasını nəzərdə tutur”, - deyə o bildirib.
O, Azərbaycanla çoxillik investisiya proqramının hazırlanmasının tərəflərə əməkdaşlığın prioritet istiqamətlərini daha aydın müəyyənləşdirməyə imkan verəcəyini bildirib.
“Belə bir proqramın razılaşdırılması bankın konkret ölkədə maliyyələşdirə biləcəyi layihələrin tam siyahısı kimi nəzərdən keçirilmir. Bu, daha çox bankın və ölkənin qarşıdakı illərdə inkişaf etdirmək niyyətində olduğu əməkdaşlığın səviyyəsinə dair siqnaldır”, - deyə K.Barri qeyd edib.
