Bakı. Trend:
Torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilərək mülkiyyətçiyə tanıdılması xidməti elektronlaşdırılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, vətəndaşlar xidmətə Elektron Xidmətlər Portalı (https://e-services.economy.gov.az/) vasitəsilə müraciət edə bilərlər.
Müraciətə baxıldıqdan sonra rəsmi cavab məktubu xüsusi link vasitəsilə elektron formada göndərilir. Əvvəllər müraciətlər və cavab məktubları kağız daşıyıcıda təqdim olunurdu.
Xidmət mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulub. Müraciət əsasında sahənin sərhədləri dəqiqləşdirilir, sərhəd nöqtələrinin koordinatları ölçülərək yerində göstərilir.
Dövlət Xidməti bildirir ki, bu prosedur qonşu sahələrlə sərhəd mübahisələrinin qarşısını almağa və tikintidən əvvəl ərazinin dəqiq hüdudlarını müəyyənləşdirməyə kömək edir.
