Bakı. Trend:
Məcburi köçkünlərin elektron bazasındakı məlumatların tam dəqiqləşdirilərək yenilənməsi tapşırılıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli bölmə və nümayəndəliklərinin iştirakı ilə Regional idarəetmə və status şöbəsinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclasında bildirilib.
Tədbirdə qurumun yerli bölmə və nümayəndəliklərinin rəhbərlərinə işin səmərəli qurulması və fəaliyyətin günün tələblərinə uyğun təşkili ilə bağlı zəruri tələb və tövsiyələr çatdırılıb. Mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyi vurğulanıb və məcburi köçkünlərin elektron bazasındakı məlumatların tam dəqiqləşdirilərək yenilənməsi tapşırılıb.
İclasda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, keçmiş məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı ilə bağlı məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin mütəmadi davam etdirilməsi barədə göstəriş verilib. İşğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən həyata keçirilən müasir infrastruktur layihələri, Böyük Qayıdışın mərhələləri, məskunlaşma qrafiki və növbəlilik prinsipləri barədə sakinlərə dövri və rəsmi məlumatların çatdırılması üçün müvafiq materialların hazırlanması tapşırılıb.
Qeyd olunub ki, Dövlət Komitəsi yaradılmış elektron sistem vasitəsilə keçmiş məcburi köçkünlər arasında mütəmadi sorğular keçirir. İşğaldan azad olunmuş ərazilərə qayıtmaq istəyən şəxslərin ailə tərkibi, sağlamlıq vəziyyəti və peşə ixtisasları rəsmi qaydada qeydiyyata alınır. Bu məlumatlar azad edilmiş ərazilərdə tikiləcək mənzillərin sayının, məktəblərin və iş yerlərinin profilinin müəyyənləşdirilməsində mühüm rol oynayır.
Görüşdə məskunlaşma prosesinin və evlərin püşkatma yolu ilə paylanmasının rəsmi qurumların, media nümayəndələrinin və köçkün icmalarının iştirakı ilə tam şəffaf şəkildə həyata keçirildiyi bildirilib. Həmçinin Qarabağ və Şərqi Zəngəzura köçürülmənin, sakinlərin və onların əmlakının təhlükəsiz daşınması və yerləşdirilməsinin dövlət vəsaiti hesabına həyata keçirildiyi vurğulanıb. Yerli struktur rəhbərlərinə vətəndaşların sosial şəbəkələrdə yayılan qərəzli və dəqiqləşdirilməmiş məlumatlardan uzaq durmaları üçün müvafiq maarifləndirmə işlərinin aparılması tapşırılıb.
İclas zamanı yerlərdə mövcud olan problemlər dinlənilib və onların həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda yerli bölmə rəhbərlərinə məcburi köçkünlərlə iş sahəsində qanunvericilikdə edilən yeniliklər barədə müraciət edən hər bir vətəndaşa ətraflı məlumat vermələri, ağır şəraitdə yaşayan məcburi köçkünlər haqqında məlumatları dəqiqliklə araşdıraraq Komitəyə təqdim etmələri və müraciətlərə baxılarkən qanunvericiliyin tələblərinə əməl etmələri bir daha diqqətə çatdırılıb.
