Bakı. Trend:
Bakının mərkəzində beş küçədə avtomobil hərəkətinin həftənin bütün günləri məhdudlaşdırılması ilə bağlı qərarın daşınmaz əmlak bazarına mümkün təsirləri müzakirə olunur. Bu dəyişiklik fonunda piyada axını, kommersiya dövriyyəsi və qeyri-yaşayış obyektlərinin gəlirlilik göstəricilərinin necə dəyişəcəyi diqqət çəkir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti(AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) son qərarını şərh edərkən Trend-ə açıqlamasında bildirib ki, piyada zonalarının genişləndirilməsi ilk növbədə, ərazidə insan axınının artmasına və ictimai məkanlardan istifadə intensivliyinin yüksəlməsinə səbəb olacaq. Bu dəyişiklik kafe, restoran, mağaza, hotel və digər xidmət obyektlərində müştəri sayını və satış dövriyyəsinin artması ilə nəticələnəcək.
“Qeyri-yaşayış obyektlərində qiymət artımının əsas mexanizmi məhz gəlir potensialının yüksəlməsidir. Əgər obyektin aylıq icarə gəliri artırsa, onun kapitalizasiya olunmuş bazar dəyəri də yüksəlir. Piyada zonalarının yaranması piyada axınını artırır və bu halda ictimai nəqliyyatla inteqrasiya təmin olunursa, parklanma və yükdaşıma məsələləri həll edilirsə, piyada zonalarının təsir dairəsində olan qeyri-yaşayış obyektlərində 10–20 faiz, turizm və ictimai iaşə potensialı yüksək olan obyektlərdə isə 15–25 faiz aralığında orta müddətli qiymət artımı mümkündür. İcarə haqlarında artımın 10–15 faiz, doluluq səviyyəsində isə 5–10 faiz yüksəlməsi ehtimal oluna bilər”, - deyə o qeyd edib.
AQC sədri bildirib ki, bəzi istisnalar da ola bilər:
"Elə obyektlər var ki, avtomobil girişinin məhdudlaşdırılması onların müştərilərinin və təchizatçılarının hərəkətini çətinləşdirir, parklanma imkanları azalır, yükdaşıma sistemi düzgün qurulmur. Bu halda bəzi obyektlərdə dövriyyə və icarə gəlirləri 3–7 faiz azala, bazar dəyəri isə dəyişməyə və ya 2–5 faiz geriləyə bilər. Xüsusilə avtomobillə girişə ehtiyacı yüksək olan obyektlər bu riskə daha həssasdır".
Vüqar Orucun sözlərinə görə, yaşayış mənzillərinə təsir isə daha az olacaq. Səs-küy, parklanma və logistika problemləri nəzarətdə saxlanılarsa, piyada əlçatanlığı və ictimai məkanların keyfiyyəti mənzil qiymətlərinə 5–7 faiz müsbət təsir göstərə bilər.
Piyada zonalarının yaratdığı əlavə dəyər obyektin istifadə təyinatından, fasadın görünmə səviyyəsindən, giriş imkanlarından və ətrafdakı bizneslərin strukturundan asılı olacaq. Restoran, kafe, pərakəndə satış, hotel və turizm xidmətləri üçün piyada axını birbaşa gəlir mənbəyidir. Ofis, anbar və avtomobillə xidmət göstərən obyektlərdə isə bu, zəif formada təsir edə bilər. Şəhərin mərkəzində avtomobilin hərəkət imkanları məhdudlaşdıqca, piyadaların hərəkət imkanları genişlənir və bu əmlakın iqtisadi dəyərinə çevrilə bilər.
1. Ən çox təsir gözlənilən küçələr
|
Küçə |
Qeyri-yaşayış obyekti |
Yaşayış obyekti |
|
Tərlan Əliyarbəyov küçəsi |
+10–20% |
+5–10% |
|
Yusif Məmmədəliyev küçəsi |
+10–20% |
+5–10% |
|
Hacı Zeynalabdin Tağıyev küçəsi |
+10–15% |
+3–5% |
|
Zərifə Əliyeva küçəsi |
+10–15% |
+3–5% |
|
Əbdülkərim Əlizadə küçəsi |
+5–10% |
+3–5% |
Ekspertin bildirdiklərinə əsasən, əsas qiymət artımının baş verəcəyi küçələrlə yanaşı, yaxınlıqda yerləşən digər küçələrdə də qiymət artımı gözlənilir. Nizami, Rəsul Rza, Nigar Rəfibəyli və Xaqani küçələri bu qəbildəndir.
Onun fikrincə, bu qərardan sonra Bakının mərkəzində qeyri-yaşayış obyektlərinin icarə bazarında yeni qiymət fərqləri yaranacaq. Əmlakın yalnız mərkəzdə yerləşməsi deyil, piyada axınının hansı nöqtəsində yerləşməsi də mühüm qiymətləndirmə amilinə çevriləcək.

