Bakı.Trend:
İspaniyanın paytaxtının mərkəzində ölkədəki mənzil böhranına qarşı keçirilən oturaq aksiya çərçivəsində təxminən 500 çadır qurulub.
Bu barədə EFE agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hazırda Madridin əsas görməli yerlərindən biri olan Puerta-del-Sol meydanında təxminən 1 000 nəfər qalır. Son gecə heç bir insident baş verməyib.
İnsanlar sentyabrın 26-da Madriddə keçirilən nümayişdən sonra çadırlar qurmağa başlayıblar. Aksiya 70 il yaşadığı kirayə mənzildən çıxmağa məcbur edilən yaşlı qadının evdən çıxarılmasından sonra təşkil olunub. Aksiya iştirakçıları həmçinin mənzil böhranının qarşısının alınması üçün effektiv tədbirlərin görülməsini tələb ediblər. Daha sonra məlum olub ki, qadın mənzilə sahib olan şirkətlə razılığa gəldikdən sonra evinə qayıda biləcək. Madriddən sonra ölkənin digər şəhərlərində də analoji aksiyalar təşkil olunub.
Son illərdə qiymətlərin artması fonunda İspaniyada mənzilə çıxış imkanları əhəmiyyətli dərəcədə çətinləşib. Belə ki, RTVE tele-radio şirkətinin məlumatına görə, ev almaq pandemiyadan əvvəlki dövrlə müqayisədə təxminən 35% bahalaşıb, kirayə haqları isə 43% artıb.
