Bakı. Trend:
Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Bu fikir Prezident İlham Əliyevin “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində yer alıb.
Müraciətdə, həmçinin qeyd edilib: “Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayesi bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar Silahlı Qüvvələrimizin təchizatında mühüm yer tutmaqla yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti ilə seçilərək müxtəlif ölkələrin aidiyyəti qurumları tərəfindən xüsusi maraqla qarşılanır. Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə, dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir”.
Qeyd edək ki, “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.
Ümumilikdə, “ADEX” və “Securex Caspian” sərgilərində 29 ölkədən 270-dən çox şirkət iştirakını təsdiqləyib. Sərgidə iştirak üçün indiyədək 33 ölkədən 45 xarici nümayəndə heyəti qeydiyyatdan keçib.
Nümayəndə heyətlərinin təmsil etdiyi ölkələr arasında ABŞ, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Əfqanıstan, Gürcüstan, İordaniya, İraq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Malayziya, Mərakeş, Monteneqro, Nigeriya, Özbəkistan, Pakistan, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Sudan, Şimali Kipr, Türkiyə, Türkmənistan, Ukrayna, Uqanda və Vyetnam yer alır.
Bundan başqa, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Çin, İsrail, İtaliya, Pakistan, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə və Özbəkistan olmaqla 14 ölkə sərgilərdə milli pavilyonla təmsil edilir.
"ADEX" 2026-nın əsas yeniliklərindən biri Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə milli ekspozisiyaya ayrılmasıdır.
