TAP-ın Yunanıstandakı interkonnektor məntəqəsi oktyabrın 1-dən etibarən ikiistiqamətli olacaq

İqtisadiyyat Xəbər 29 Sentyabr 2026 18:21 (UTC +04:00)
TAP-ın Yunanıstandakı interkonnektor məntəqəsi oktyabrın 1-dən etibarən ikiistiqamətli olacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstandakı interkonnektor məntəqəsi oktyabrın 1-dən etibarən ikiistiqamətli olacaq.

Bu barədə TAP konsorsiumunun idarəedici direktoru Luka Skiepatti çərşənbə axşamı İtaliyada keçirilən Enerji Sammiti çərçivəsində bildirib.

"Oktyabrın 1-dən Nea-Mesimvria interkonnektor məntəqəsi iki-istiqamətli olacaq. Bu, bazarların inteqrasiyasını gücləndirəcək və qaz sisteminin çevikliyini artıracaq”, - deyə o bildirib.

Qeyd edək ki, bu, məntəqədən həm qazın daxil olması, həm də çıxarılması üçün istifadə etməyə imkan verəcək. Beləliklə, qazın TAP sistemi ilə operatoru DESFA olan Yunanıstanın Milli Qaz Ötürmə Sistemi (NNGS) arasında hər iki istiqamətdə nəqlinə şərait yaranacaq.

Skiepatti əlavə edib ki, TAP kommersiya istismarına başlandığı təxminən altı il ərzində Avropa üçün strateji əhəmiyyətini təsdiqləyib. Boru kəməri ilə artıq 62 milyard kubmetrdən çox qaz nəql edilib. Bunun təxminən 10 milyard kubmetri ildə İtaliyanın payına düşür ki, bu da ölkənin ümumi qaz idxalının təxminən 15-16 faizini təşkil edir.

“2026-cı ildən etibarən TAP ildə əlavə 1,2 milyard kubmetr uzunmüddətli ötürücülük gücü təqdim edib”, - deyə o bildirib.

İdarəedici direktor bildirib ki, TAP-ın aşağı karbonlu gələcəyə hazırlanması istiqamətində işlər də davam edir. Bura biomethandan istifadə, hidrogenin təbii qazla qarışdırılması, elektrikləşdirmə və CO₂ emissiyalarının idarə olunması üzrə yeni texnologiyaların tətbiqi daxildir.

“2026-2030-cu illər üçün "Carbon Management Plan" çərçivəsində şirkət emissiyaları və onların intensivliyini azaltmaqda davam etmək niyyətindədir. Uzunmüddətli perspektivdə TAP Avropanın enerji şəbəkəsində birləşdirici element kimi rolunu gücləndirməyi, karbon intensivliyi tədricən azalan qazın nəqlini təmin etməklə enerji təchizatının təhlükəsizliyinə töhfə verməyi planlaşdırır”, - deyə o qeyd edib.

Skiepattinin sözlərinə görə, qısamüddətli perspektivdə Ukrayna və Yaxın Şərqdəki böhranlar fonunda TAP təchizat təhlükəsizliyi baxımından strateji əhəmiyyətini qoruyur. Boru kəməri enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə, sistemlərarası bağlantıların inkişafına və qaz infrastrukturlarından daha səmərəli istifadəyə töhfə verir.

Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa seqmentidir və Xəzər dənizində yerləşən Azərbaycanın "Şahdəniz" yatağından hasil olunan təbii qazı Avropa bazarlarına nəql edir. Uzunluğu təxminən 878 kilometr olan qaz kəməri Yunanıstan-Türkiyə sərhədində TANAP-a birləşir, Yunanıstan və Albaniyadan keçir, Adriatik dənizini kəsərək İtaliyanın cənubunda quruya çıxır.

TAP-ın ilkin ötürücülük qabiliyyəti ilə təxminən 10 milyard kubmetr təşkil edir və bazar tələbi, eləcə də tənzimləyici qurumların razılığı olduğu təqdirdə bu həcmin ildə 20 milyard kubmetrə qədər artırılması mümkündür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti