"Saipem" Xəzər dənizində iri layihə üzrə SCA ilə müqavilə bağlayıb

İqtisadiyyat Xəbər 30 Sentyabr 2026 09:57 (UTC +04:00)
"Saipem" Xəzər dənizində iri layihə üzrə SCA ilə müqavilə bağlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

İtaliyanın "Saipem" şirkəti Xəzər dənizində iri enerji layihəsinin həyata keçirilməsi çərçivəsində Niderlandın "Subsea Cable Assets" (SCA) şirkəti ilə müqavilə imzalayıb.

Şirkətin sentyabrın 24-də yaydığı məlumata görə, bu, SCA-nın "Saipem Contracting Netherlands BV" ilə ilk müqaviləsidir. Müqavilənin dəyəri təxminən 20 milyon dollar təşkil edir. Müqavilə Xəzər regionunda iri dəniz enerji layihəsinin dəstəklənməsi məqsədilə mühəndislik işlərinin aparılmasını, ixtisaslaşdırılmış avadanlığın istehsalını, quraşdırılmasını və istismarını, sökülməsini və bərpasını nəzərdə tutur.

Bununla belə, şirkət layihənin adını açıqlamayıb.

Məlumata görə, müqavilə çərçivəsində SCA hər birinin yükqaldırma qabiliyyəti 1 100 ton olan beş kabel daşıma karuseli, eləcə də kabellərlə işləmək üçün müvafiq avadanlıq tədarük edəcək. Avadanlıq kabelin Böyük Britaniyada yüklənməsi və daha sonra Azərbaycan istiqamətində daşınması üçün istifadə olunacaq.

"SCA avadanlığın tədarükündən tutmuş onun ərazidə yerləşdirilməsinə qədər bütün əməliyyatı idarə edəcək və vahid, əlaqələndirilmiş iş prosesini təmin edəcək", - deyə SCA-nın məlumatında bildirilir.

Şirkət qeyd edib ki, kabel karusellərinin və müvafiq avadanlıqların istehsalı hazırda SCA-nın Dubaydakı istehsalat sahəsində aparılır. Onların Avropaya göndərilməsi cari ilin sonunadək planlaşdırılır.

"Saipem ilə milyonlarla dollar dəyərində bu müqavilə komandamızın son illər ərzində topladığı əhəmiyyətli təcrübəyə əsaslanaraq, kabelin daşınması və texniki xidmət üzrə mürəkkəb layihələrin həyata keçirilməsi sahəsindəki imkanlarını nümayiş etdirir", - deyə SCA-nın əməliyyat direktoru Sil de Rayke bildirib.

Onun sözlərinə görə, şirkətin əməliyyat təcrübəsinin kabel sarınması və avadanlıq istehsalı imkanları ilə birləşdirilməsi SCA-ya layihənin təhlükəsiz və vaxtında həyata keçirilməsini təmin etməyə imkan verir.

Qeyd edək ki, Subsea Cable Assets (SCA) dəniz energetikası sahəsində ixtisaslaşmış şirkət olaraq mühəndislik həlləri, avadanlıq istehsalı, sualtı kabellərin daşınması və texniki xidməti ilə məşğul olur. Şirkət kabel karuselləri, yükləmə qüllələri, dartıcı qurğular və kabellərlə işləmək üçün digər avadanlıqları layihələndirir və istehsal edir, həmçinin dəniz külək energetikası, neft-qaz sənayesi, enerji şəbəkələrinin birləşdirilməsi və sualtı infrastruktur layihələri üçün mühəndislik, səfərbərlik və əməliyyat xidmətləri göstərir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti