Bakı.Trend:
Azərbaycanda Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə aparılan əməliyyatların həcmi avqust ayında 5,4 dəfədən çox artıb.
Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik bülletenə əsasən, bu ilin avqust ayında Azərbaycanda AÖS vasitəsilə aparılan əməliyyatların həcmi 1,314 milyard manat, sayı isə 16,168 milyon ədəd təşkil edib.
2025-ci ilin avqust ayı ilə müqayisədə AÖS vasitəsilə aparılan əməliyyatların həcmi 1,072 milyard manat və ya 5,4 dəfə, sayı isə 15,268 milyon ədəd və ya 18 dəfə artıb.
AÖS Azərbaycan Mərkəzi Bankı tərəfindən “Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə 2018-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində yaradılıb. Sistem 2020-ci ilin avqustunda pilot rejimdə istifadəyə verilib, 2020-ci il oktyabrın 1-dən isə tam rejimdə fəaliyyətə başlayıb.
AÖS-ün əsas məqsədi fiziki şəxslər, müəssisələr və dövlət qurumları arasında 24/7/365 rejimində ödənişlərin həyata keçirilməsini təmin etməkdir. Hesablaşmalar bank hesablarından və FİN, VÖEN, mobil telefon nömrəsi və elektron poçt ünvanı kimi sadələşdirilmiş identifikatorlardan istifadə etməklə 5-10 saniyə ərzində həyata keçirilir.
Sistem bank hesabları arasında pul köçürmələrini həyata keçirməyə, kommunal xidmətlər və büdcə ödənişlərini ödəməyə, habelə QR-kodlardan istifadə etməklə ödənişlər aparmağa imkan verir. Əməliyyatlar Azərbaycanın milli valyutası - manatla həyata keçirilir.
