Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

İqtisadiyyat Xəbər 29 Sentyabr 2026 19:28 (UTC +04:00)
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Bakı. Trend:

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb.

Bu barədə Qlobal İnnovasiya İndeksi-2026-nın hesabatında qeyd olunub.

Məlumata görə, 2026-cı il üzrə Qlobal İnnovasiya İndeksi (Qİİ) "Elmin qabaqcıl sahələrində texnoloji sahibkarlığın dəstəklənməsi" adı altında dərc edilib.

Hesabat elmi kəşflərin elmtutumlu startaplara və törəmə şirkətlərə (spin-off) çevrilməsi prosesinin təhlilini əhatə edir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) ardıcıl olaraq 19-cu nəşri olan Qİİ 139 ölkənin iqtisadiyyatını əhatə edir və onların innovasiya sahəsində güclü və zəif tərəflərini nümayiş etdirir. 2007-ci ildən etibarən Qİİ ölkələr üçün innovasiya fəaliyyətinin qiymətləndirilməsi, innovasiya siyasətinin təkmilləşdirilməsi və onun səmərəliliyinin artırılması baxımından mühüm istinad və analitik vasitə kimi çıxış edir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Qİİ-ni davamlı inkişaf məqsədləri naminə elm, texnologiya və innovasiya siyasəti kontekstində innovasiyaların ölçülməsi üzrə müqayisəli təhlilin nüfuzlu aləti kimi qəbul edir.

2026-cı il üzrə Qİİ reytinqi innovasiya fəaliyyətinin potensialını, nəticəliliyini və institusional-çərçivə şərtlərini əhatə edən 80 indikator əsasında formalaşdırılıb. Təhlil olunan indikatorlar qanunvericilik, elm və təhsildən tutmuş bazarın və biznesin inkişafı, infrastruktur və digər istiqamətlərədək geniş məlumat spektrini əhatə edir. Qİİ-nin əsas məqsədi ölkələrin innovasiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün imkan yaratmaqdır.

2026-cı il üzrə Qİİ reytinqində İsveçrə birinci, İsveç, Amerika Birləşmiş Ştatları, Koreya və Sinqapur isə müvafiq olaraq sonrakı yerlərdə qərarlaşıb. Ən innovativ on ölkə sırasına, həmçinin Böyük Britaniya, Niderland, Finlandiya, Danimarka və Çin daxildir.

Postsovet məkanının ölkələri arasında ən yüksək göstəricilər Estoniyaya – 17-ci, Litvaya – 32-ci və Latviyaya – 40-cı yerlərə məxsusdur. Rusiya 58-ci yerdədir. Azərbaycan isə 2026-cı il reytinqində 85-ci yeri tutaraq 2025-ci illə müqayisədə mövqeyini 9 pillə yaxşılaşdırıb.

Bununla yanaşı, qeyd edilib ki, 2025-ci ildə Azərbaycan statistik etimad intervalına uyğun olaraq 86–103-cü yerlər arasında qərarlaşan ölkələr qrupuna daxil olduğu halda, 2026-cı ildə 79–95-ci yerlər arasında yerləşən ölkələr qrupunda yer alıb.

2026-cı il Qİİ reytinqi iki nəticəaltı indeksə daxil olan innovasiya fəaliyyətinin 7 indikator qrupundan ibarətdir: "innovasiya resursları" və "innovasiya nəticələri".

"İnnovasiya resursları" nəticəaltı indeksi

"İnnovasiya resursları" nəticəaltı indeksi milli iqtisadiyyatın innovasiya proseslərinin həyata keçirildiyi elementlərini qiymətləndirir və beş qrup üzrə təsnif edilir:

1. institutlar;

2. insan kapitalı və tədqiqatlar;

3. infrastruktur;

4. bazarın inkişaf səviyyəsi;

5. biznesin inkişaf səviyyəsi.

"İnnovasiya nəticələri" nəticəaltı indeksi

"İnnovasiya nəticələri" nəticəaltı indeksi innovasiya fəaliyyətinin faktiki nəticələrini iki qrup üzrə əks etdirir:

6. bilik və texnologiya nəticələri;

7. yaradıcı fəaliyyət nəticələri.

"İnnovasiya resursları" nəticəaltı indeksi innovasiya fəaliyyəti üçün əlverişli şəraitin səviyyəsini əks etdirirsə, "innovasiya nəticələri" nəticəaltı indeksi bu sahədə əldə edilmiş nəticələri xarakterizə edir. Bu nəticəaltı indeksin göstəricisi nə qədər yüksəkdirsə, innovasiya imkanlarından bir o qədər tam və səmərəli istifadə edildiyi hesab olunur.

Qİİ üzrə 2025 və 2026-cı illər üçün indikator bloklarının müqayisəsi

№

İndikator bloklarının adı

2025

2026

Fərq

I

İnstitutlar

41

36

+5

II

İnsan kapitalı və tədqiqatlar

88

89

-1

III

İnfrastruktur

105

87

+18

IV

Bazarın inkişaf səviyyəsi

72

63

+9

V

Biznesin inkişaf səviyyəsi

111

91

+20

VI

Bilik və texnologiya nəticələri

110

100

+10

VII

Yaradıcı fəaliyyət nəticələri

108

110

-2

Azərbaycanın güclü tərəfləri kimi Qİİ-nin ekspertləri aşağıdakı indikatorları qeyd edirlər:

"İnstitutlar" bloku üzrə – 3 indikator:

  • sahibkarlıq siyasəti və mədəniyyəti;
  • biznes siyasətinin sabitliyi;
  • biznesin əməliyyat sabitliyi.

"İnsan kapitalı və tədqiqatlar" bloku üzrə – 2 indikator:

  • orta məktəbdə şagird-müəllim nisbəti;
  • elm və texnika sahələri üzrə məzunlar.

"Biznesin inkişaf səviyyəsi" bloku üzrə – 2 indikator:

  • klasterlərin inkişaf vəziyyəti;
  • universitetlərlə sənaye arasında elmi-tədqiqat və təcrübi-konstruktor işləri (ETTKİ) sahəsində əməkdaşlıq.

"Bilik və texnologiyaların yayılması" bloku üzrə – 2 indikator:

  • elmi-texniki məqalələr;
  • mənşə üzrə patentlər.

"Bazarın inkişaf səviyyəsi" bloku üzrə – 1 indikator:

  • startapların və kiçik müəssisələrin maliyyələşdirilməsi.

Beləliklə, reytinqin müəllifləri Azərbaycanın güclü tərəfləri sırasında 2-ci yerdən 56-cı yerədək mövqelərdə qərarlaşan 10 indikatoru müəyyən ediblər. III "İnfrastruktur" və VII "Yaradıcı fəaliyyət nəticələri" bloklarında ölkənin güclü tərəflərini əks etdirən indikator müəyyən edilməyib.

Qİİ-nin ekspertləri Azərbaycanın gücləndirilməli tərəfləri sırasında aşağıdakı indikatorları qeyd edirlər: ETTKİ-yə investisiya yatıran qlobal korporativ investorlar; startapların yaradılması; bazar kapitallaşması; elmi kadrlar; biznes tərəfindən həyata keçirilən ETTKİ; milli bədii filmlər; universitet-sənaye və beynəlxalq əməkdaşlıq; vençur kapitalının əldə edilməsi; yaradıcı məhsulların ixracı; birbaşa xarici investisiyaların xalis daxilolması.

İnnovasiya resursları

2026-cı ildə Azərbaycanın "innovasiya resursları" nəticəaltı indeksi 65-ci yerdə qərarlaşmış və əvvəlki illə müqayisədə 11 pillə irəliləyib. Bu, 2020-ci ildən etibarən qeydə alınan ən yüksək göstəricidir. Sözügedən dövr ərzində yalnız 2021-ci ildə "innovasiya resursları" nəticəaltı indeksi 74-cü yeri tutub.

Eyni zamanda, "innovasiya resursları" nəticəaltı indeksinə daxil olan beş blok arasında "İnstitutlar" – 36-cı, "Bazarın inkişaf səviyyəsi" – 63-cü yerləri tutmuşdur. Hər iki blokun mövqeyi bütövlükdə "innovasiya resursları" nəticəaltı indeksinin 65-ci mövqeyindən daha yüksəkdir.

"İnnovasiya resursları" nəticəaltı indeksi üzrə Azərbaycan postsovet məkanında Özbəkistanı (68), Rusiyanı (71), Qazaxıstanı (73), Ermənistanı (77), Ukraynanı (78), Moldovanı (94), Belarusiyanı (98), Qırğızıstanı (106) və Tacikistanı (113) qabaqlayır.

İnstitutlar

"İnnovasiya resursları" nəticəaltı indeksinin tərkibində dövlət idarəetmə orqanlarının rolunu əks etdirən "İnstitutlar" bloku 36-cı yerdə qərarlaşmış və mövqeyini 5 pillə yaxşılaşdırıb.

"İnstitutlar" bloku üzrə Azərbaycan postsovet məkanında Gürcüstanı (37), Latviyanı (43), Özbəkistanı (57), Qazaxıstanı (75), Ermənistanı (78), Moldovanı (88), Tacikistanı (96), Ukraynanı (111), Qırğızıstanı (116), Rusiyanı (127) və Belarusiyanı (134) qabaqlayır.

"İnstitutlar" blokunda aqreqasiya edilmiş "institusional mühit" indikatoru 65-ci yeri tutaraq mövqeyini 5 pillə yaxşılaşdırıb. "Müəssisələr üçün əməliyyat sabitliyi" indikatoru 47-ci, "hökumətin səmərəliliyi" indikatoru isə 71-ci yerdə qərarlaşmış və sonuncu indikator üzrə Azərbaycan mövqeyini 3 pillə yaxşılaşdırıb.

"Hökumətin səmərəliliyi" indikatoru üzrə Azərbaycan postsovet məkanında Qazaxıstanı (72), Özbəkistanı (85), Rusiyanı (100), Ermənistanı (103), Ukraynanı (107), Tacikistanı (109), Belarusiyanı (116) və Qırğızıstanı (128) qabaqlayır.

"İnstitutlar" blokunun aqreqasiya edilmiş "Biznes mühiti" indikatoru yüksək – 4-cü yerdə qərarlaşıb. "Sahibkarlıq siyasəti və mədəniyyəti" indikatoru ardıcıl ikinci il yüksək – 2-ci yeri tutur. "Biznes siyasətinin sabitliyi" indikatoru isə 5-ci yerdə qərarlaşaraq əvvəlki illə müqayisədə mövqeyini 5 pillə yaxşılaşdırıb.

İnsan kapitalı və tədqiqatlar

"İnsan kapitalı və tədqiqatlar" blokunda "Orta təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi" indikatoru 58-ci yerdə qərarlaşaraq mövqeyini 9 pillə yaxşılaşdırıb.

"Orta məktəbdə şagird-müəllim nisbəti" indikatoru ardıcıl ikinci il yüksək – 20-ci yeri tutur.

"Oxu, riyaziyyat və təbiət elmləri üzrə PISA göstəriciləri" 69-cu yerdədir.

"Ali təhsil" aqreqasiya edilmiş indikatorunda "Elm və texnika sahələri üzrə məzunlar" göstəricisi 69-cu yerdədir.

"Tədqiqat və işlənmələr" aqreqasiya edilmiş indikatorunda "Tədqiqatçılar" göstəricisi 47-ci, "Qlobal korporasiyaların elmə investisiyaları" indikatoru isə 46-cı yerdə qərarlaşıb.

İnfrastruktur

2026-cı ildə "İnfrastruktur" bloku 87-ci yerdə qərarlaşmış və 2025-ci illə müqayisədə mövqeyini 18 pillə yaxşılaşdırıb.

"İnfrastruktur" blokunda aqreqasiya edilmiş "İnformasiya-kommunikasiya texnologiyaları" indikatoru 72-ci yeri tutur. Bu aqreqasiya edilmiş indikatorun tərkibində "Dövlət onlayn xidmətləri" göstəricisi 66-cı yerdədir.

"İnfrastruktur" blokunda "Elektrik enerjisinin istehsalı" indikatoru 71-ci yerdə qərarlaşıb.

Bazarın inkişaf səviyyəsi

"Bazarın inkişaf səviyyəsi" bloku 63-cü yeri tutaraq 2025-ci illə müqayisədə mövqeyini 9 pillə yaxşılaşdırıb.

Bu blok üzrə Azərbaycan postsovet məkanında Özbəkistanı (69), Rusiyanı (73), Ermənistanı (80), Ukraynanı (81), Moldovanı (85), Qazaxıstanı (89), Belarusiyanı (96), Qırğızıstanı (114) və Tacikistanı (117) qabaqlayır.

Bu blokun aqreqasiya edilmiş "Kredit" indikatoru yüksək – 33-cü yerdə qərarlaşmış və mövqeyini 4 pillə yaxşılaşdırıb. "Startapların və kiçik müəssisələrin maliyyələşdirilməsi" indikatoru isə yüksək – 11-ci yerdədir.

Biznesin inkişaf səviyyəsi

"Biznesin inkişaf səviyyəsi" blokunda "Biznes tərəfindən maliyyələşdirilən elmi tədqiqatlar" indikatoru 68-ci yerdədir.

Aqreqasiya edilmiş "İnnovasiya əlaqələri" indikatoru 41-ci yerdə qərarlaşaraq mövqeyini 19 pillə yaxşılaşdırıb.

"Klasterlərin inkişaf vəziyyəti" indikatoru 4-cü yeri tutur və 2025-ci illə müqayisədə 26 pillə irəliləyib.

"Universitetlərlə sənaye arasında ETTKİ sahəsində əməkdaşlıq" indikatoru 5-ci yerdə qərarlaşaraq mövqeyini 31 pillə yaxşılaşdırıb.

"Biliklərin mənimsənilməsi" aqreqasiya edilmiş indikatorunda "Əqli mülkiyyətə görə ödənişlər" göstəricisi 61-ci yerdə qərarlaşmış və mövqeyini 8 pillə yaxşılaşdırıb.

İnnovasiya nəticələri

Mühüm nəticəaltı indekslərdən biri «innovasiya nəticələri» nəticəaltı indeksidir. 2026-cı ildə bu nəticəaltı indeks 109-cu yerdə qərarlaşıb.

Bu nəticəaltı indeksin "Bilik və texnologiyaların yayılması" blokunda aqreqasiya edilmiş "Biliklərin təsiri" indikatorunun tərkibində "Elmi-texniki məqalələr" göstəricisi 54-cü yerdə qərarlaşmış və əvvəlki illə müqayisədə mövqeyini 35 pillə yaxşılaşdırıb.

"Əmək məhsuldarlığının artımı" indikatoru isə 61-ci yerdədir. Bu göstərici nəticə xarakterli indikator olmaqla istehsala qabaqcıl texnologiyaların tətbiqindən, intellektual əməyin nəticələrindən və işçilərin ixtisas səviyyəsinin yüksəldilməsindən asılıdır.

"Yaradıcı fəaliyyət nəticələri" blokunda aqreqasiya edilmiş "Yaradıcı məhsullar və xidmətlər" indikatorunun tərkibində "Əyləncə və media bazar" göstəricisi 49-cu yerdədir.

İxtiraçılıq və əqli mülkiyyət göstəriciləri

Qeyd etmək lazımdır ki, ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması milli innovasiya prosesində prinsipial əhəmiyyət daşıyır və Qİİ-də "Mənşə üzrə patentlər" indikatoru ilə qiymətləndirilir.

"Bilik və texnologiya nəticələri" blokuna daxil olan bu indikator reytinqdə 56-cı yerdədir və ardıcıl ikinci il Qİİ-2026-nın ekspertləri tərəfindən ölkənin 10 güclü innovasiya nəticəsi sırasında qeyd edilib.

Bu indikator üzrə Azərbaycan postsovet məkanında Litvanı (59), Moldovanı (61), Tacikistanı (76) və Ermənistanı (87) qabaqlayır.

Qeyd edilməlidir ki, bu indikator üzrə Azərbaycan və Gürcüstan 53–58-ci yerlər arasında qərarlaşan ölkələr qrupunda yer alaraq Cənubi Qafqazda lider mövqeni bölüşürlər.

Bu göstərici "Elmi-texniki məqalələr" indikatoru (54-cü yer) ilə birlikdə əqli mülkiyyət sisteminin – patent və müəllif-hüquq mühafizəsinin – əsas göstəricilərindən hesab olunur.

Digər mühüm indikator "Mənşə üzrə faydalı modellər", yaxud "kiçik patentlər" göstəricisidir. Qİİ reytinqinə əsasən, bu indikator 40-cı yerdə qərarlaşmışdır.

"Mənşə üzrə əmtəə nişanları" indikatoru sənaye əqli mülkiyyətinin obyektləri ilə əlaqələndirilir və reytinqdə 80-ci yerdədir.

Yuxarıda göstərilən ixtiraçılıq fəallığı göstəriciləri ilə yanaşı, patent fəallığı ilə bağlı nəticələr də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan əsas göstəricilərdən biri olan "rezidentlərin PCT üzrə patent ərizələri" indikatoru 71-ci yerdə qərarlaşıb və 2025-ci illə müqayisədə mövqeyini 9 pillə yaxşılaşdırıb.

Bu indikator üzrə Azərbaycan postsovet məkanında Belarusiyanı (76), Qazaxıstanı (75), Tacikistanı (87), Özbəkistanı (101) və Qırğızıstanı (103) qabaqlayır.

Nəticə

Qİİ reytinqinin təhlilinin yekunu olaraq qeyd etmək lazımdır ki, Azərbaycan üzrə göstəricilərin əsas problemlərindən biri ildən-ilə təkrarlanan "innovasiya resursları" və "innovasiya nəticələri" nəticəaltı indeksləri arasındakı fərq, yəni mövcud innovasiya potensialı ilə həmin potensialın praktiki nəticələrə çevrilməsi arasındakı uyğunsuzluqdur.

2026-cı ildə bu fərq 44 pillə təşkil etmişdir ki, bu da mövcud innovasiya imkanlarından tam istifadə edilmədiyini göstərir.

Eyni zamanda, Qİİ-nin hesablama metodologiyasına əsasən ölkənin reytinqdəki mövqeyi "innovasiya resursları" və "innovasiya nəticələri" nəticəaltı indekslərinin orta göstəricisi əsasında müəyyən edilir.

Bununla yanaşı, ölkə təhlilinin nəticələrinə əsasən Qİİ-nin ekspertləri qeyd edirlər ki, 2026-cı ildə Azərbaycanın innovasiya nəticələri üzrə göstəriciləri innovasiyalara yönəldilən resurslarla müqayisədə daha aşağı olub. Bu istiqamət üzrə mövcud vəziyyətin yaxşılaşdırılması müvafiq dövlət və digər aidiyyəti qurumların diqqətinin cəmləşdirilməsini tələb edir.

Qİİ üzrə ölkə reytinqinin yaxşılaşdırılması üçün mövcud ehtiyatlardan biri reytinqin tərtibatçılarına çatışmayan məlumatların vaxtında və tam təqdim edilməsi, habelə ölkə göstəriciləri üzrə köhnəlmiş məlumatların yenilənməsidir. Belə məlumatların hesabatda əks etdirilməməsi Azərbaycanın innovasiya potensialının və əldə etdiyi nəticələrin Qİİ-də tam şəkildə qiymətləndirilməsinə təsir göstərə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti