Bakı. Trend:
2002-ci ildə istifadəyə verildiyi zaman o, dünyada analoqu olmayan attraksion kimi təqdim edilirdi. Lakin Kaliforniyadakı Six Flags Magic Mountain əyləncə parkının bu əsas attraksionu çərşənbə axşamı park rəhbərliyi tərəfindən istismardan çıxarılıb. Oturacaqları idarə olunan şəkildə irəli və geriyə 360 dərəcə fırlana bilən X2 roller-koster attraksionu son günlər ABŞ-da ciddi mübahisələrə səbəb olub. Buna səbəb attraksiondan istifadə etdikdən sonra üç nəfərin travmatik beyin xəsarətləri aldıqları barədə məhkəməyə müraciət etməsidir.
Onlardan biri, 25 yaşlı qadın, hələ də vegetativ vəziyyətdə xəstəxanada müalicə olunur. O, təcili cərrahi müdaxilə tələb edən genişmiqyaslı beyin qanaxmasından əziyyət çəkir. Ailəsi onun adından məhkəməyə müraciət edib.
Bundan başqa, Six Flags avqustun sonunda oxşar şəraitdə həlak olan 22 yaşlı şəxsin ailəsinin ehtiyatsızlıqdan ölümə səbəb olma ilə bağlı qaldırdığı məhkəmə işi çərçivəsində barışıq sazişi imzalayıb. Məhkəmə-tibbi ekspertiza idarəsi onun ölümünün küt kəllə-beyin travması nəticəsində baş verdiyi qənaətinə gəlib.
Ardıcıl olaraq mənfi rezonans doğuran bu hadisələr parkın prezidenti Brayan Ördinqi qərar qəbul etməyə vadar edib.
“X2 attraksionu çoxsaylı təhlükəsizlik sınaqlarından həmişə uğurla keçsə də, bunun düzgün qərar olduğuna əmin olduğumuz üçün onu bağlamaq qərarına gəldik”, – deyə o, internetdə yayımlanan və ABŞ-ın Associated Press agentliyi tərəfindən yayılan bəyanatında bildirib.
“Attraksionların təhlükəsizliyi fəaliyyətimizin təməl daşıdır və ziyarətçilərimizin etimadının sarsıldığını gördükdə bunu çox ciddi qəbul edirik”, – deyə o vurğulayıb.
Attraksion iyulun 12-si axşamından etibarən onsuz da bağlı idi. Buna səbəb bir həftədən az müddət ərzində iki qadının bu roller-kosterdən istifadə etdikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılması olub.
Onların vəkilləri bildiriblər ki, son iki il ərzində bu roller-kosterdən istifadə edən 100-dən çox insan beyin xəsarətləri almış ola bilər. Qarşıdakı həftələrdə digər şəxslər tərəfindən də məhkəmə iddialarının qaldırılması mümkündür.
Six Flags Magic Mountain parkının internet saytına görə, X2 roller-kosterinin maksimal sürəti saatda 122 kilometrdir və uzunluğu 1100 metr təşkil edir. Oturacaqlar 360 dərəcə fırlanır və nəticədə “bədəniniz fasiləsiz olaraq dövr edir”. Marşrutda həmçinin iki “qarğa döngəsi” – yolun ortasında kəskin enişlərə çevrilən yarımdöngələr var.
Attraksion 2002-ci ildə parkda X adı ilə istifadəyə verilib və dünyanın ilk “dördüncü ölçülü” roller-kosteri kimi təqdim olunub. Daha sonra yeni vaqonlar və xüsusi effektlərlə 2008-ci ildə X2 adı altında yenidən fəaliyyətə başlayıb.
