Bakı. Trend:
Xüsusi xidmət orqanlarında xidmətkeçən şəxslərin pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdiriləcək.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Vergi Məcəlləsində və 9 qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
Hazırda qüvvədə olan qanunvericiliyə görə, hərbi qulluqçulara, hakimlərə, prokurorluq orqanlarının prokurorluq işçilərinə və prokurorluq işçiləri olmayan hərbi qulluqçularına, hüquq mühafizə orqanlarının (o cümlədən hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən vergi orqanının) xüsusi rütbəsi olan əməkdaşlarına ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla), habelə əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar gəlir vergisindən azaddır.
Qanun layihəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının gəlirlərinin gəlir vergisindən azad olunmasının istisna edilməsi təklif olunur. Yəni həmin hərbi qulluqçuların gəlirlərinin gəlir vergisi tutulacaq.
“Hərbi qulluqçuların statusu haqqında” Qanunda dəyişiklik edilməsi qanun layihəsi
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularının pul təminatının ödənilməsi sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Həmin hərbi qulluqçuların (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və onun müavinləri istisna olmaqla) pul təminatı rütbə maaşından, rütbə maaşından hesablanan əlavələrdən və mütləq rəqəmlərlə müəyyən edilən əlavələrdən ibarət olacaq.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularına qida məhsullarının verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Hərbi qulluqçuların və onların ailə üzvlərinin yeni xidmət yerinə köçməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada ödəniləcək.
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
Kəşfiyyat və əks-kəşfiyyat hərbi fəaliyyəti subyektlərinin qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularına münasibətdə rütbə maaşından, rütbə maaşından hesablanan əlavələrdən və mütləq rəqəmlərlə müəyyən edilən digər əlavələrdən) ibarət olacaq.
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin əməkdaşlarına peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faizindən (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçularına münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdən) çox olmamaqla əlavələr təyin edə biləcək.
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları istisna olmaqla) hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət veriləcək.
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları istisna olmaqla) müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət veriləcək.
Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları və işçiləri istisna olmaqla) vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqani tərəfindən müəyyən olunacaq.
Qanunun məqsədi
Beləliklə, təqdim olunan layihədə nəzərdə tutulan dəyişikliklər, xüsusi xidmət orqanlarında xidmətkeçən şəxslərin pul və maddi təminatı ilə bağlı normaların təkmilləşdirilməsinə, mövcud hüquqi tənzimləmənin dəqiqləşdirilməsinə və bu sahədə hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
