Bakı. Trend:
Dövlət təşkilatlarının startaplarla birbaşa sınaq müqavilələri bağlaması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi tələb olunacaq.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, pilot tətbiq prosesində iştirak edən təchizatçı tərəfindən bağlanmış subpodrat müqavilələrinin ümumi məbləği satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox ola bilməz.
Satınalma predmetini dəqiq xüsusiyyətlərinin (texniki göstəricilərinin) müəyyənləşdirilməsi əvvəlcədən mümkün olmayan innovasiya məhsulunun yaradılması təşkil etdiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada verilən rəy əsasında satınalan təşkilat ikimərhələli tenderin birinci mərhələsi çərçivəsində pilot tətbiq prosesini həyata keçirə bilər.
Pilot tətbiq prosesinin həyata keçirilməsi məqsədilə satınalan təşkilat ilkin təklifləri məqbul sayılan təchizatçılarla pilot tətbiq müqaviləsi bağlayır. Hər bir təchizatçı ilə bağlanan pilot tətbiq müqaviləsinin məbləği 1 milyon manatdan, icra müddəti isə 12 aydan çox ola bilməz.
Nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən pilot tətbiq müqaviləsində layihələndirmə, prototipin yaradılması və sınaqdan keçirilməsi üzrə aralıq mərhələlər, kəmiyyət və keyfiyyətcə ölçülə bilən hədəf göstəriciləri (indikatorlar), hədəflərə nail olunmasına mütənasib mərhələli ödəniş şərtləri, məlumatların mühafizəsi, məxfilik, insident məsuliyyəti, təhlükəsizlik auditi və çıxış strategiyası üzrə şərtlər, habelə mərhələli xitam halları və əqli mülkiyyət hüquqlarının bölgüsü (müstəsna hüquqların təchizatçıda qalması və satınalan təşkilata yalnız öz ehtiyacları üçün qeyri-müstəsna pulsuz lisenziyanın verilməsi, habelə mənbə kodlarının açıq yerləşdirilməsi şərtilə) müəyyən edilməlidir.
Təqdim edilmiş innovasiya məhsulu pilot tətbiq müqaviləsində müəyyən edilmiş aralıq hədəf göstəricilərinə cavab verməyən təchizatçı satınalma komissiyasının qərarı ilə sınaq mərhələsindən kənarlaşdırılır və müqavilə birtərəfli qaydada ləğv ediləcək. Tərəflər arasında öhdəliklərin qarşılıqlı icrası ilə bağlı münasibətlər Mülki Məcəlləyə uyğun olaraq həll ediləcək.
Məlumat üçün bildirək ki, pilot tətbiq prosesi satınalma predmetini dəqiq xüsusiyyətlərinin (texniki göstəricilərinin) əvvəlcədən müəyyənləşdirilməsi mümkün olmayan innovasiya məhsulunun yaradılması təşkil etdiyi halda, həmin məhsulun ikimərhələli tender metodu çərçivəsində layihələndirilməsi və funksionallığının real iş şəraitində sınaqdan keçirilməsidir.
İnnovasiya məhsulu texnoloji qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlmiş, yeni yaradılmış və ya xassələrinə, tətbiq sahəsinə və (və ya) istifadə formasına görə əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənən (əsaslı şəkildə təkmilləşdirilmiş), iqtisadi, sosial və ya ekoloji səmərə verən, istehlakçıya təqdim edilmiş (bazara çıxarılmış) və ya təcrübədə tətbiq olunmuş və ya normativ hüquqi aktlara uyğun olaraq patent (ixtira, faydalı model və sənaye nümunəsi) kimi qeydiyyata alınmasını təsdiq edən sənədlə təsdiqlənmiş texnoloji həll formasında olan mal (iş, xidmət) deməkdir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
