Şahmar Mövsümov qanunun Milli Məclisə geri qaytarılmasının səbəbini açıqlayıb

İqtisadiyyat Xəbər 30 Sentyabr 2026 12:18 (UTC +04:00)
Şahmar Mövsümov qanunun Milli Məclisə geri qaytarılmasının səbəbini açıqlayıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün güzəşt və imtiyazları nəzərdə tutan qanun layihəsi təkmilləşdirilərək yenidən Milli Məclisin müzakirəsinə təqdim edilib.

Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Milli Məclisin bugünkü plenar iclasında innovativ iqtisadiyyatın stimullaşdırılmasını, güzəştlərin tətbiqini nəzərdə tutan və Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmadan qaytarılan qanunun müzakirəsi zamanı deyib.

Şahmar Mövsümov bildirib ki, 2026-cı il 14 iyul tarixində Milli Məclis tərəfindən qəbul olunmuş, rəqəmsal texnologiyalar sahəsi subyektləri üçün bir sıra güzəşt və imtiyazları nəzərdə tutan 453 nömrəli qanun Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq Milli Məclisə geri qaytarılıb.

Onun sözlərinə görə, həmin müddət ərzində qanun aidiyyəti dövlət orqanları ilə birlikdə təkrar müzakirə olunub və təkmilləşdirilərək Milli Məclisin müzakirəsinə təqdim edilib.

“Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə, dövlət dəstəyinin hədəflərinin və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsinə imkan yaradıb”, – deyə Şahmar Mövsümov qeyd edib.

Prezidentin köməkçisi bildirib ki, təqdim olunan layihə məhz bu çağırışa cavab verməyə yönəlib.

O vurğulayıb ki, layihənin konseptual mahiyyəti ayrı-ayrı vergi və sosial güzəştlərlə məhdudlaşmır.

“O, rəqəmsal ekosistem üçün vacib olan mütəxəssis, investor, tədqiqat və bazar həlqələrini vahid təşviq yanaşmasında birləşdirir”, – deyə Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, layihə innovasiyanın yeni məhsul və xidmətlərə çevrilməsinə şərait yaratmağı hədəfləyir.

Şahmar Mövsümov qeyd edib ki, qanunun müzakirəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində də keçirilib və komitənin müvafiq rəyi hazırlanıb.

O bildirib ki, qanunun təkmilləşdirilmiş redaksiyası Milli Məclis tərəfindən dəstəklənir və deputatları həmin redaksiyanı dəstəkləməyə çağırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti