Bakı. Trend:
İnnovativ fəaliyyətə dövlət dəstəyi konkret meyarlarla, o cümlədən ixrac göstəriciləri və valyuta daxilolmaları ilə əlaqələndiriləcək və dövlət dəstəyi daha ünvanlı və nəticəyönümlü tətbiq ediləcək.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə günü Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında innovativ iqtisadiyyatın stimullaşdırılmasını, güzəştlərin tətbiqini nəzərdə tutan və Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmadan qaytarılan qanunun təqdimatı zamanı deyib.
Azər Əmiraslanov xatırladıb ki, Milli Məclis tərəfindən növbədənkənar sessiya dövründə dövlətin rəqəmsal inkişaf strategiyasının və innovasiya ekosisteminin hüquqi bazasının yaradılması məqsədilə dörd layihədən ibarət qanunvericilik paketi müzakirə edilərək qəbul olunub və imzalanmaq üçün Prezident İlham Əliyevə təqdim edilib.
Onun sözlərinə görə, üç oxunuşdan keçən qanunlardan biri Vergi Məcəlləsinə və digər beş qanuna dəyişiklikləri nəzərdə tutan, rəqəmsal iqtisadiyyatın stimullaşdırılmasına və bu sahədə güzəştlərin tətbiqinə yönələn qanun olub.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikası Prezidenti innovativ fəaliyyətə dövlət dəstəyi və güzəştlərlə bağlı həmin qanunu Konstitusiyanın 110-cu maddəsinə uyğun olaraq, təklif etdiyi dəyişikliklərlə təkrar baxılması üçün Milli Məclisə qaytarıb.
O bildirib ki, yenilənmiş qanun Milli Məclisin Daxili Nizamnaməsinin 21-ci maddəsinə uyğun olaraq aparıcı komitə kimi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib və dəyişikliklərlə qəbul edilməsi məqsədəuyğun hesab olunub. Müvafiq qərar komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib.
Komitə sədri qanuna daxil edilmiş yeni müddəaların məqsədəuyğun olması barədə komitənin rəyini təqdim etməklə yanaşı, bir sıra məqamları xüsusi vurğulayıb.
O qeyd edib ki, Milli Məclisin üç oxunuşda qəbul etdiyi qanunun yeni redaksiyada əsas konsepsiyası dəyişmir, təkliflər isə həmin konsepsiyanın həyata keçirilməsi mexanizmlərini təkmilləşdirir.
“Başlıca məqsəd yenə də ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsi, bu sahəyə çoxşaxəli dövlət dəstəyinin göstərilməsi, özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır”, – deyə Azər Əmiraslanov bildirib.
Onun sözlərinə görə, ilkin yanaşmada sektor üzrə müəyyən edilən güzəştlər ümumi qaydada tətbiq edilirdi. Təklif olunan yeni dəyişikliklər isə innovativ fəaliyyətə dövlət dəstəyini konkret meyarlarla – ixrac göstəriciləri və valyuta daxilolmaları ilə əlaqələndirir və şərtləndirir.
Komitə sədri mühüm dəyişikliklərdən birinin güzəştlərin tətbiq dairəsinin daha dəqiq müəyyən edilməsi və dövlət dəstəyinin konkret olaraq özəl innovativ sahibkarlığa istiqamətləndirilməsi olduğunu deyib.
O bildirib ki, dövlət innovativ məhsullar üçün bazarın və tələbin formalaşmasına şərait yaratmaq məqsədilə 20 faizlik satınalma güzəşti müəyyən edir və yeni redaksiyada bu, imperativ norma kimi təsbit olunur.
Azər Əmiraslanov, həmçinin yenilənmiş qanuna innovativ iqtisadiyyatın iştirakçısı olan sahibkarların hüquqlarının müdafiəsi baxımından mühüm əlavələrin daxil edildiyini diqqətə çatdırıb.
“Dövlət innovativ sahibkarlığı dəstəkləməyə davam edir, lakin bu dəstəyi şəffaf meyarlar əsasında konkret iqtisadi nəticəyə görə hədəfləyir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu, uzunmüddətli dövlət dəstəyinin son nəticədə iqtisadiyyat üçün əlavə dəyər yaratması, ixracı və investisiyaların həcmini genişləndirməsi, ölkəyə valyuta daxilolmalarını artırması və yerli şirkətlərin xarici bazarlara çıxışını stimullaşdırması deməkdir.
Azər Əmiraslanov vurğulayıb ki, söhbət dövlət dəstəyinin məhdudlaşdırılmasından deyil, onun daha ünvanlı və nəticəyönümlü tətbiq edilməsindən gedir.
"Təkliflər qanunun ilkin məqsədini qorumaqla onun tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir”, – deyə komitə sədri bildirib.
O, həmçinin rəqəmsal və innovativ iqtisadiyyatın sürətlə dəyişən sahə olduğunu və onun kompleks hüquqi tənzimlənməsinin Azərbaycan üçün nisbətən yeni təcrübə olduğunu qeyd edib.
Azər Əmiraslanov bildirib ki, yeni texnologiyalar, biznes və maliyyələşmə modelləri yarandıqca və inkişaf etdikcə tənzimləmə mexanizmlərinin, o cümlədən bu sahədə qanunvericiliyin davamlı təkmilləşdirilməsi təbii və zəruri olacaq.
“Əsas məsələ müvafiq hüquqi bazanın rəqəmsal və innovativ iqtisadiyyatın inkişaf tempinə uyğunlaşdırılması və yeni çağırışları çevik nəzərə almasıdır”, – deyə o vurğulayıb.
Komitə sədri qeyd edilənləri nəzərə alaraq, Milli Məclisin üç oxunuşda qəbul etdiyi innovasiya ekosisteminə dövlət dəstəyi ilə bağlı qanunun təklif edilən dəyişikliklərlə qəbul edilməsini məqsədəuyğun hesab etdiyini bildirib və qanunun təqdim olunan redaksiyada səsə qoyulmasını xahiş edib.
