Startap və texnopark rezidentlərinin xeyrinə 20 % güzəşt tətbiq ediləcək

İqtisadiyyat Sənəd 30 Sentyabr 2026 12:19 (UTC +04:00)
Startap və texnopark rezidentlərinin xeyrinə 20 % güzəşt tətbiq ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Satınalma komissiyasının startap və texnopark rezidentlərinin xeyrinə birmənalı olaraq 20 faiz güzəşt tətbiq etməsi öhdəlik kimi təsbit olunacaq.

Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, satınalma komissiyası təklifləri qiymətləndirərkən, yerli mənşəli satınalma predmeti üzrə təklifin xeyrinə 20 faizə qədər həcmdə satınalma güzəşti tətbiq edir. Tətbiq edilmiş satınalma güzəşti yekun protokolda qeyd olunur. Satınalma güzəşti qeyri-neft məhsullarının istehsalı sahəsində investisiyaların stimullaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallara da şamil edilir.

Qanun layihəsinə əsasən, satınalan təşkilat tərəfindən aparılan satınalmalarda satınalma komissiyası ehtimal olunan qiyməti 250 000 manatadək olan satınalmalarda satınalma predmeti üzrə təklifləri qiymətləndirərkən startap və ya sənaye, yaxud texnologiyalar parklarının rezidenti tərəfindən təqdim edilən innovasiya məhsulları üzrə təklifin xeyrinə 20 faiz həcmdə satınalma güzəşti tətbiq edəcək.

Tətbiq edilmiş satınalma güzəşti yekun protokolda qeyd olunacaq. Qeyd edilən güzəşt yuxarıdakı abzasda müəyyən edilmiş satınalma güzəşti ilə toplanıla bilməz.

İnnovasiya məhsulunun satın alınmasına münasibətdə bu qanunla müəyyən edilmiş güzəşt və üstünlüklərdən istifadə etmək üçün təchizatçı uyğunluğun müəyyənləşdirilməsi mərhələsində “Startap” şəhadətnaməsini və ya sənaye parkının, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini satınalan təşkilata təqdim etməlidir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti