Bakı. Trend:
Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad ediləcək.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” 8 iyul 2026-cı il tarixində Bakı şəhərində imzalanıb.
Sazişin məqsədi dövlətlərarası münasibətlərin inkişafının təşviq edilməsi və onların vətəndaşlarının səyahət prosedurlarının asanlaşdırılmasıdır.
Sənəd 10 maddədən ibarətdir.
Sazişə əsasən, hər bir tərəfin dövlətinin etibarlı ümumvətəndaş pasportlarına malik olan vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oradan çıxmaq, tranzit keçmək və hər 180 gün müddətində 90 gündən artıq olmayaraq orada qalmaq üçün viza tələbindən azad edilir. Bu müddətdən artıq qalmaq, yaşayış hüququ əldə etmək, əmək fəaliyyəti, təhsil və ya digər tərəfin dövlətinin səlahiyyətli qurumlarının öncədən icazəsi tələb olunan başqa fəaliyyətlərlə məşğul olmaq niyyətində olan xarici vətəndaşlar həmin dövlətin ərazisinə daxil olmadan öncə müvafiq viza üçün müraciət edirlər.
Tərəflər bu Sazişin imzalandığı tarixdən sonra 30 gündən gec olmayaraq özlərinin etibarlı ümumvətəndaş pasportlarının nümunələrini diplomatik kanallar vasitəsilə mübadilə edirlər.
Tərəflər milli təhlükəsizlik, ictimai asayiş və ya ictimai sağlamlıq səbəbləri ilə bu Sazişin tətbiqini müvəqqəti olaraq, tamamilə və ya qismən dayandırmaq hüququnu özlərində saxlayırlar. Belə qərar digər dövlətin ərazisinə artıq daxil olmuş vətəndaşların hüquqlarına təsir etmir.
Tərəflərin qarşılıqlı razılığı ilə Sazişə istənilən dəyişikliklər edilə bilər. Belə dəyişikliklər Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir.
Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı mübahisə qarşılıqlı məsləhətləşmələr və ya danışıqlar yolu ilə həll edilir.
“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
