Bakı. Trend:
Azərbaycan və İran hərbi əməkdaşlığın inkişafını və regiondakı hadisələri müzakirə edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 30-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İran Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat üzrə müavini general-leytenant Reza Şeyxhəsəninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Kərim Vəliyev ordular arasında əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin artırılması baxımından qarşılıqlı səfər və görüşlərin əhəmiyyətini vurğulayıb.
Reza Şeyxhəsəni səmimi qəbula görə təşəkkür edərək İranın tarixən dostluq və mehriban qonşuluq münasibətlərində olduğu Azərbaycanla ikitərəfli hərbi əməkdaşlığın inkişafına maraq göstərdiyini bildirib.
Görüşdə regionda baş verən hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
İran nümayəndə heyəti Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və “Birliyin Gücü – 2026” birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək üçün ölkəmizə gəlib.
