Bakı. Trend:
PAŞA Holding kənd təsərrüfatında qadın sahibkarlığının inkişafına töhfə vermək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” (AFAQ) layihəsinə dəstəyini davam etdirir.
AFAQ layihəsi kənd təsərrüfatı və aqrar dəyər zəncirində fəaliyyət göstərən qadınların bizneslərini inkişaf etdirmələrinə, bilik və bacarıqlarını artırmalarına, bazarlara çıxış imkanlarını genişləndirmələrinə və yeni iş imkanları yaratmalarına dəstək olmaq məqsədi daşıyır. Layihə çərçivəsində qadın fermerlərə biznes fəaliyyətlərinin genişləndirilməsi və dayanıqlı inkişafının təmin edilməsi üçün müxtəlif istiqamətlər üzrə dəstək göstərilir.
Layihənin əsas istiqamətlərinə konsultasiya dəstəyi, bilik və bacarıqların artırılması, marketinq və satış imkanlarının genişləndirilməsi, eləcə də texniki dəstək daxildir. Bununla yanaşı, iştirakçıların biznes, marketinq və elektron ticarət sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
AFAQ layihəsi qadınların kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinə cəlb olunmasını təşviq etməklə yanaşı, kənd yerlərində məşğulluq imkanlarının artırılmasına, yerli icmaların sosial rifahının yaxşılaşdırılmasına və qadınların iqtisadi fəallığının gücləndirilməsinə töhfə verir.
AFAQ layihəsinin fəaliyyət miqyası illər ərzində əhəmiyyətli dərəcədə genişlənib. 2020-ci ildə layihə çərçivəsində 32 qadın fermerə dəstək göstərildiyi halda, 2025-ci ildə bu göstərici 110 fermerə çatıb ki, bu da ilk illə müqayisədə 3 dəfədən çox artım deməkdir. Eyni zamanda, layihənin 2026-cı ilin yanvar–sentyabr aylarını əhatə edən nəticələrinə əsasən, 76 fermerə maddi-texniki dəstək göstərilib və 88 qadın fermerin təsərrüfatına baxış keçirilib. Bu göstəricilər AFAQ-ın illər ərzində həm əhatə dairəsini, həm də qadın fermerlərə təqdim etdiyi dəstək imkanlarını genişləndirdiyini nümayiş etdirir.
Qeyd edək ki, qadınların səlahiyyətləndirilməsi mövzusu PAŞA Holding-in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən müxtəlif layihələr həyata keçirilir ki, bunlara AFAQ, “Ana Sahibkar”, “Women Bazaar”, “Tənha anaların sosial inkişafına dəstək” və digər layihələr daxildir.