Azərbaycandan Yunanıstana təbii qaz ixracının həcmi açıqlanıb (FOTO)

İqtisadiyyat Xəbər 30 Sentyabr 2026 19:20 (UTC +04:00)
Azərbaycandan Yunanıstana təbii qaz ixracının həcmi açıqlanıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 8 ayında Azərbaycandan Yunanıstana 700 milyon kubmetrə yaxın təbii qaz tədarük olunub.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Afinada Hökumətlərarası Komissiyanın VI iclası çərçivəsində Yunanıstanın ətraf mühit və energetika naziri Stavros Papastavrou ilə enerji əməkdaşlığımızın inkişafını müzakirə etdik. Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyi|ndə TAP-ın rolu, təbii qaz təchizatı ilə yanaşı, bərpa olunan enerji, "yaşıl enerji" bağlantıları və enerji keçidi ilə bağlı fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Azərbaycanın Avropaya təbii qaz ixracında Trans-Adriatik Boru Kəməri (TAP) mühüm rol oynayır. TAP vasitəsilə "Şahdəniz" yatağından hasil olunan Azərbaycan qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropa bazarlarına çatdırılır.

TAP konsorsiumunun idarəedici direktoru Luka Skiepattinin sözlərinə görə, Yunanıstandakı Nea-Mesimvria interkonnektor məntəqəsi oktyabrın 1-dən etibarən ikiistiqamətli fəaliyyət göstərəcək.

O bildirib ki, bu dəyişiklik bazarların inteqrasiyasını gücləndirəcək və qaz sisteminin çevikliyini artıracaq. İkiistiqamətli fəaliyyət qazın həm TAP sisteminə daxil olmasına, həm də bu sistemdən çıxarılmasına imkan verəcək. Beləliklə, TAP ilə Yunanıstanın Milli Qaz Ötürmə Sistemi arasında qazın hər iki istiqamətdə nəqli mümkün olacaq.

Skiepatti qeyd edib ki, TAP kommersiya istismarına başladığı təxminən altı il ərzində Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətini təsdiqləyib. Onun sözlərinə görə, bu müddət ərzində boru kəməri ilə 62 milyard kubmetrdən çox qaz nəql edilib.

İdarəedici direktor əlavə edib ki, 2026-cı ildən etibarən TAP ildə əlavə 1,2 milyard kubmetr uzunmüddətli ötürücülük gücü təqdim edib.

TAP-ın aşağı karbonlu gələcəyə hazırlanması istiqamətində də işlər davam etdirilir. Bu çərçivədə biomethandan istifadə, hidrogenin təbii qazla qarışdırılması, elektrikləşdirmə və karbon emissiyalarının idarə olunması üzrə texnologiyaların tətbiqi nəzərdə tutulur.

Əlavə edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa seqmentidir. Uzunluğu təxminən 878 kilometr olan boru kəməri Yunanıstan-Türkiyə sərhədində TANAP-a birləşir, Yunanıstan və Albaniyadan keçərək Adriatik dənizini kəsir və İtaliyanın cənubunda quruya çıxır.

TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə təxminən 10 milyard kubmetr təşkil edir. Bazar tələbi və tənzimləyici qurumların razılığı olduğu təqdirdə bu göstəricinin ildə 20 milyard kubmetrə qədər artırılması mümkündür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti