2030-cu ilədək Orta Dəhliz üzrə ticarəti üç dəfə artırmaq mümkündür - Mikayıl Cabbarov

İqtisadiyyat Xəbər 1 Oktyabr 2026 10:05 (UTC +04:00)
2030-cu ilədək Orta Dəhliz üzrə ticarəti üç dəfə artırmaq mümkündür - Mikayıl Cabbarov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2030-cu ilədək Orta Dəhliz üzrə ticarəti üç dəfə artırmaq və daşınma müddətini iki dəfə azaltmaq mümkündür.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov cümə axşamı Bakıda keçirilən CAMCA Regional Forumunda deyib.

Nazir bildirib ki, Azərbaycanın müasir iqtisadi tarixinin əsas mərhələlərindən biri "Əsrin müqaviləsi"nin imzalanması ilə başlayıb.

"İstehlak olunan enerjinin formaları dəyişir, lakin əvvəllər neft, daha sonra qaz əsas rol oynayırdı. Bu gün isə eyni müştərilər və eyni bazarlar üçün yaşıl enerji dəhlizindən danışırıq. Fərq ondadır ki, bu dəfə qonşularımız və regionumuzla, xüsusilə Xəzərin şərqindəki ölkələrlə daha sıx əməkdaşlıq edirik. Azərbaycanın qərbindəki tərəfdaşlarımız isə bu prosesdə iştirakını və dəstəyini davam etdirir", - deyə Mikayıl Cabbarov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın dənizə birbaşa çıxışının olmaması ölkəni bağlantı məsələsinə xüsusi diqqət yetirməyə vadar edib.

"Azərbaycan bir tərəfdən dənizə çıxışı olmayan ölkədir, digər tərəfdən isə bu xüsusiyyət müəyyən təbii seçim yaradıb. Bu seçim coğrafi həssaslığımızı azaltmaq üçün bağlantıya böyük önəm vermək və bu istiqamətdə investisiyalardan çəkinməməkdən ibarət olub", - deyə nazir bildirib.

Mikayıl Cabbarov qeyd edib ki, Ələt limanının inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycandakı gəmiqayırma zavodu, eləcə də ölkə hüdudlarından kənarda liman və müvafiq terminallara yatırılan investisiyalar bu siyasətin tərkib hissəsidir.

"Enerji infrastrukturu, boru kəmərləri və fiber-optik bağlantılar da eyni funksiyanı yerinə yetirir və bizim fikrimizcə, onların potensialı daha böyükdür. Dünya Bankının 2023-cü il qiymətləndirməsinə görə, lazımi investisiyalar qoyularsa və səmərəlilik tədbirləri həyata keçirilərsə, bağlantı səylərinin davam etdirilməsi şərti ilə 2030-cu ilədək Orta Dəhliz üzrə ticarəti üç dəfə artırmaq və daşınma müddətini iki dəfə azaltmaq mümkündür", - deyə o vurğulayıb.

Nazir bildirib ki, son beş ildə Mərkəzi Asiya Azərbaycan üçün ən dinamik inkişaf edən ticarət tərəfdaşları regionu olaraq qalır.

Onun sözlərinə görə, regionda sülhün bərqərar olması bağlantı imkanlarına yeni ölçü əlavə edir.

"2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar Cənubi Qafqaz üçün də yeni səhifə açdı. Zəngəzur dəhlizi və ya TRIPP marşrutu Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və Orta Dəhlizin daha bir halqasına çevriləcək", - deyə Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, Mərkəzi Asiya ölkələri də bu əlavə imkanların genişləndirilməsində maraqlıdır.

"Sülhün bağlantını arzudan maliyyələşdirilə bilən real layihəyə necə çevirdiyini görürük. Səfir artıq həm TRIPP təşəbbüsü, həm də Transxəzər Müəssisə Fondu barədə danışıb", - deyə nazir əlavə edib.

Mikayıl Cabbarov müasir dəhlizlərin yalnız yükdaşımalarla məhdudlaşmadığını vurğulayıb.

"Biz hesab edirik ki, müasir dəhlizlər yük daşımalarından daha geniş anlayışdır. Enerji sahəsində Cənub Qaz Dəhlizi artıq fəaliyyət göstərir. Növbəti mərhələdə elektrik enerjisi gəlir. Avropa İttifaqı tərəfindən Ümumi Maraq Layihəsi kimi tanınan Qara Dəniz sualtı elektrik kabeli və Azərbaycan, Qazaxıstan, Özbəkistan və Gürcüstanın iştirakı ilə Xəzər Yaşıl Enerji Dəhlizi bu istiqamətdə mühüm layihələrdir", - deyə o bildirib.

Nazir qeyd edib ki, Xəzər Yaşıl Enerji Dəhlizinin yaradılması ilə bağlı müvafiq saziş COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri arasında imzalanıb.

O, rəqəmsal bağlantının da regional əməkdaşlıq üçün mühüm istiqamət olduğunu bildirib.

"Azərbaycan və Qazaxıstan arasında Transxəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir. Bu xətt Avropa ilə Asiya arasında yüksək tutumlu yeni bağlantı yaradacaq", - deyə Mikayıl Cabbarov vurğulayıb.

Nazirin sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiyanın münasibətlərində ortaq gələcək perspektivi xüsusilə aydın görünür.

"Biz uzun illərdir bu regional arxitekturanın bir hissəsinə çevrilmişik. Qeyd etdiyim kimi, siyasi ölçü 2025-ci ilin noyabrında Daşkənddə daha da dərinləşdi. Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşündə tamhüquqlu iştirakçı oldu və bununla Mərkəzi Asiyadan kənar ilk ölkəyə çevrildi", - deyə o qeyd edib.

Mikayıl Cabbarov bildirib ki, bundan bir neçə gün əvvəl Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın ticarət və investisiya nazirləri ilk dəfə bu formatda görüşüblər.

"Bizim məqsədimiz regional ticarətin həcmini 20 milyard dollara çatdırmaq və "Made in Central Asia" ("Mərkəzi Asiyada istehsal olunub") brendi altında birgə istehsal yaratmaqdır", - deyə nazir bildirib.

O qeyd edib ki, iqtisadi və maliyyə sahəsində Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb.

"Bu fondlar bir neçə orta ölçülü bazarı vahid investisiya portfelində birləşdirir. Bu fondların hər birində Azərbaycanın payı ən azı 50 faizdir. Beləliklə, Azərbaycan və Mərkəzi Asiya Türkiyə ilə, daha sonra bir tərəfdən Avropa, digər tərəfdən isə Asiya ilə əlaqələndirilmiş vahid iqtisadi məkan formalaşdırır", - deyə Mikayıl Cabbarov əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti