Bakı. Trend:
Birinci və İkinci Qarabağ müharibələri zamanı itkin düşənlərin qalıqlarının eyniləşdirilməsi davam edir. Şəxsiyyəti müəyyən edilən şəxslərin qalıqları yaxınlarına təhvil verilir.
Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Trend Beynəlxalq İnformasiya Agentliyinə və REAL televiziyasına birgə müsahibəsində deyib.
“Bu günədək, səhv etmirəmsə, 900-dən artıq itkin düşmüş şəxsin qalıqları müəyyən edilib. Prokurorluq orqanları itkin düşmüş şəxslərin bütün yaxın qohumlarından DNT nümunələri götürüb. Yeni qalıqlar müəyyən edildikcə onların aidiyyəti laboratoriyalarda eyniləşdirilməsi aparılır”, – deyə Baş prokuror bildirib.
Kamran Əliyevin sözlərinə görə, Birinci və İkinci Qarabağ müharibələri zamanı ümumilikdə 4 010 Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsi, altı nəfəri isə İkinci Qarabağ müharibəsi dövründə itkin düşüb.
“328 nəfərin şəxsiyyəti müəyyən edilib, digərləri üzrə analizlər davam edir. Artıq 270-dən bir qədər çox şəxsin qalıqları yaxınlarına təhvil verilib və onlar dəfn olunublar”, – deyə o qeyd edib.
Baş prokuror işğaldan azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarla bağlı aparılan işlərin həm tarixi, həm də prosessual əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, İtkin düşmüş şəxslərin işləri üzrə Dövlət Komissiyası və prokurorluq orqanları bu istiqamətdə əməkdaşlıq edirlər.
“Uzun müddət keçsə də, yaxınları bu gün də itkin düşmüş şəxslərin taleyi ilə maraqlanırlar. Bu, təbiidir. Çalışırıq ki, həmin şəxslərin yaxınları heç olmasa müəyyən təsəlli tapsınlar”, – deyə Kamran Əliyev bildirib.
O əlavə edib ki, bu sahədə beynəlxalq qurumlarla da əməkdaşlıq aparılır. Baş prokurorun sözlərinə görə, İtkin düşmüş şəxslərin işləri üzrə Dövlət Komissiyası əsasən təşkilati məsələlərlə, Baş Prokurorluğun İstintaq İdarəsi isə işin prosessual tərəfi ilə məşğul olur.
“Bununla bağlı beynəlxalq qurumlarla, xüsusən Birləşmiş Millətlər Təşkilatının İtkin Düşmüş Şəxslər üzrə Komitəsi ilə əməkdaşlıq edirik. İtkin düşmüş şəxslərin işləri üzrə Dövlət Komissiyası daha çox təşkilati məsələlərlə məşğul olur. İşin prosessual tərəfi ilə isə prokurorluq orqanları, konkret olaraq Baş Prokurorluğun İstintaq İdarəsi məşğul olur”, – deyə Baş prokuror əlavə edib.
