Bakı.Trend:
Azərbaycanda Mastercard ödəniş kartları üzrə əməliyyatların həcmi 4 milyard manatı ötüb.
Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteninə əsasən, cari ilin avqust ayının sonuna ölkənin rezidenti olan maliyyə institutları tərəfindən buraxılmış Mastercard kartları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) üzrə ümumilikdə 4,331 milyard manat məbləğində 76,668 milyon əməliyyat həyata keçirilib.
AMB-nin məlumatına görə, ötən ilin avqust ayı ilə müqayisədə əməliyyatların sayı 2,21 milyon və ya 3 faiz artıb, həcmi isə 432 milyon manat və ya 9,1 faiz azalıb.
Rezident olmayan maliyyə təşkilatları tərəfindən buraxılmış Mastercard kartları üzrə əməliyyatların sayı 771 min, həcmi isə 68,2 milyon manat təşkil edib.
Qeyd olunub ki, ötən ilin avqust ayı ilə müqayisədə belə əməliyyatların sayı 329,6 mindən çox və ya 74,7 faiz artıb, həcmi isə 22,2 min manatdan çox və ya 48,3 faiz yüksəlib.
Qeyd edək ki, rezident maliyyə təşkilatları tərəfindən buraxılmış ödəniş kartları üzrə əməliyyatların həcmi və sayı yerli banklar və ya ölkə ərazisində fəaliyyət göstərən maliyyə təşkilatları tərəfindən buraxılmış kartlarla həyata keçirilən əməliyyatların ümumi həcminə və sayına aiddir.
Rezident olmayan maliyyə institutları tərəfindən emissiya edilmiş kartlar üzrə əməliyyatların həcmi və sayı isə Azərbaycanda xaricdə fəaliyyət göstərən banklar və maliyyə institutları tərəfindən buraxılmış ödəniş kartlarından istifadə edilməklə həyata keçirilən əməliyyatların sayını və ümumi həcmini əks etdirir.
