Yeni cinayət növləri qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir – Kamran Əliyev

Cəmiyyət Xəbər 30 Sentyabr 2026 21:15 (UTC +04:00)
Yeni cinayət növləri qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir – Kamran Əliyev
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yeni cinayət növlərinin meydana çıxması qanunvericiliyin müasir tələblərə uyğun təkmilləşdirilməsini zəruri edir. Bu zaman qanunvericiliyin sabitliyi qorunmalı, dəyişikliklər diqqətlə aparılmalıdır.

Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Trend Beynəlxalq İnformasiya Agentliyinə və REAL televiziyasına birgə müsahibəsində deyib.

“Qanunvericiliyin təkmilləşdirilməsi dinamik prosesdir. Bununla yanaşı, onun sabitliyini qorumaq da vacibdir. Çünki qanunların səmərəli tətbiqi üçün sabitlik zəruridir.

Digər tərəfdən, cəmiyyətin müxtəlif sahələrində sürətli inkişaf və elmi tərəqqi qanunvericiliyin yenilənməsini zəruri edir. Bu dəyişikliklər diqqətlə aparılmalıdır. Qanunvericiliyin sabitliyini qorumaqla yanaşı, mühüm sahələr üzrə ona dəyişiklik və əlavələr edilməlidir. Bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə işimizi davam etdiririk”, – deyə Baş prokuror bildirib.

Kamran Əliyev qeyd edib ki, bir sıra istiqamətlərdə qanunvericilik artıq təkmilləşdirilib və bu proses davam edir. Onun sözlərinə görə, hər bir dəyişiklik üçün ciddi əsas olmalıdır. Həmin əsaslar zərurətdən, məhkəmə və istintaq təcrübəsindən irəli gəlir.

“Qanunvericiliyin dəyişdirilməsi üçün, ilk növbədə, ciddi əsaslar olmalıdır. Bu əsaslar zərurətdən, eləcə də məhkəmə və istintaq təcrübəsindən irəli gəlir. Biz əvvəlcə həmin təcrübəni öyrənir və dəyişikliklərə ehtiyac olduğunu əsaslandırırıq. Müəyyən müddət ərzində qanunvericiliyə dəyişiklik edilməsinin zəruri olduğunu gördükdə bununla bağlı müvafiq dövlət qurumlarına müraciət edirik”, – deyə o qeyd edib.

Baş prokuror mübarizə aparılması vacib olan cinayət növlərinə də toxunub. O, insan alveri, məişət zorakılığı və ekoloji cinayətlərlə yanaşı, çirkli pulların yuyulmasına qarşı mübarizənin əhəmiyyətini vurğulayıb.

“Zamanın tələbinə uyğun olaraq rəqəmsal cinayətləri, narkotiklərin qanunsuz dövriyyəsini və informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətləri qeyd etdik. İnsan alverinə və məişət zorakılığına qarşı mübarizəni də xüsusi vurğulamaq istəyirəm. Bu sahələrdə üzərimizə mühüm vəzifələr düşür. Ekoloji cinayətlərə qarşı mübarizə də indiki mərhələdə çox aktualdır. Çirkli pulların yuyulmasına və istifadəsinə qarşı mübarizə də qarşımızda duran ən mühüm vəzifələrdən biridir”, – deyə Kamran Əliyev bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti