Bakı. Trend:
Azərbaycanda cinayətlərin sayında azalma müşahidə olunur. 2025-ci ildə qeydə alınan cinayətlərin sayı 2024-cü illə müqayisədə təxminən 4,6 faiz azalıb. 2026-cı ilin birinci yarısında da əvvəlki ilin eyni dövrünə nisbətən əhəmiyyətli azalma qeydə alınıb.
Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Trend Beynəlxalq İnformasiya Agentliyinə və REAL TV-yə birgə müsahibəsində deyib.
Baş prokuror müsahibənin əvvəlində Trend Beynəlxalq İnformasiya Agentliyinin və REAL televiziyasının rəhbərliyinə, eləcə də kollektivlərinə təşəkkürünü bildirib. Prokurorluq işçilərinin peşə bayramı ərəfəsində keçirilən müsahibədə o, qurumun qarşısında duran vəzifələrə və ölkədə cinayətkarlığın dinamikasına dair sualları cavablandırıb.
Bu gün Azərbaycan Prokurorluğunun qarşısında dayanan əsas vəzifə nədir?
Kamran Əliyev bildirib ki, prokurorluğun qarşısında bir çox vəzifələr dayanır və bunlar Konstitusiyada, eləcə də digər qanunlarda əksini tapıb. Onun sözlərinə görə, həmin vəzifələr mahiyyət etibarilə daim qalır, lakin zamanın tələbinə və cəmiyyətdə gedən dinamik proseslərə uyğun olaraq bu və ya digər formada dəyişə bilər.
Prokurorluğun qarşısında duran əsas vəzifələr
“Əslində, bu suala dərindən və ətraflı cavab vermək üçün “Prokurorluq nədir? Bu qurumun cəmiyyətdə və dövlət idarəçiliyində yeri və rolu nədir?” suallarına nəzər salmalıyıq. Bu məsələləri aydınlaşdırmağa çalışsaq, ilk növbədə qeyd etməliyik ki, prokurorluğun dövlət qurumu kimi ən gözəl tərifi Ulu Öndər, müasir Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyev tərəfindən verilmişdir. Xatırlayırsınızsa, 1994-cü ildə Ulu Öndər prokurorluq orqanlarını dövlətin əsas sütunlarından biri adlandırmışdır”, – deyə o bildirib.
Baş prokuror qeyd edib ki, prokurorluğun vəzifələri dövlət və cəmiyyətdə sabitliyin qorunmasından qanunun aliliyinin təmin edilməsinə qədər bir sıra istiqamətləri əhatə edir.
“Bu baxımdan prokurorluğun qarşısında dövlət və cəmiyyətdə sabitliyin qorunmasına xidmət etmək, qanunun aliliyini təmin etmək, vətəndaşların hüquq və azadlıqlarını qorumaq, cinayətkarlığa qarşı kəsərli mübarizənin aparılmasını təmin etmək, qanunların icrasına qanunla nəzərdə tutulmuş hallarda və formada nəzarət etmək və digər funksiyaları yerinə yetirmək kimi vəzifələr durur. Bu funksiyaların həyata keçirilməsinin konkret metodları, üsulları, vasitələri və mexanizmləri var və onlar qanunvericilikdə təsbit edilib”, – deyə Kamran Əliyev vurğulayıb.

Cinayətlərin sayında azalma və yeni cinayət növləri
Ölkədə cinayətkarlığın ümumi mənzərəsinə toxunan Baş prokuror bildirib ki, bu, geniş mövzudur, lakin əsas tendensiya cinayətlərin sayının azalmasıdır.
“Qısaca deyə bilərəm ki, Azərbaycan cəmiyyətində cinayətkarlığın azalması tendensiyası müşahidə olunur və bu, bizi sevindirməyə bilməz. Təbii ki, bu, ilk növbədə, uğurlu islahatların, eyni zamanda hüquq-mühafizə orqanlarının, hesab edirəm ki, səmərəli fəaliyyətinin nəticəsidir”, – deyə o bildirib.
Kamran Əliyev cinayətlərin sayına dair göstəriciləri də açıqlayıb.
“Yalnız onu qeyd etmək istəyirəm ki, 2024-cü illə müqayisədə 2025-ci ildə cinayətlərin sayında təxminən 4,6 faiz azalma müşahidə olunub. 2026-cı ilin birinci yarımilini 2025-ci ilin birinci yarımili ilə müqayisə etsək, burada da əhəmiyyətli azalma görərik”.
Baş prokurorun sözlərinə görə, cinayətkarlığın vəziyyəti və dinamikası hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır. Bununla yanaşı, son zamanlar cinayətlərin məzmununda və törədilən cinayətlərin növlərində müəyyən dəyişikliklər baş verir.
“Dediyim kimi, cəmiyyətdə gedən proseslər nəticəsində bəzi cinayət növlərinin sayı bir qədər artır, yeni cinayət növləri meydana çıxır. Bu proseslər yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur və tərəfimizdən daim nəzarətdə saxlanılır”, – deyə Kamran Əliyev əlavə edib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə
Baş prokuror Kamran Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinin Azərbaycan cəmiyyətini narahat edən geniş yayılmış cinayətlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, 2026-cı ilin göstəricilərində 2025-ci illə müqayisədə müəyyən sabitləşmə, hətta cüzi azalmaya meyl müşahidə olunur.
“Amma bu, bizi qətiyyən aldatmamalıdır”, – deyə o vurğulayıb.
Kamran Əliyev qeyd edib ki, əsas təhlükə problemin transmilli xarakter daşımasıdır. Onun sözlərinə görə, narkotiklərin qanunsuz dövriyyəsi yalnız Azərbaycanın qarşılaşdığı problem deyil və buna qarşı mübarizədə, xüsusilə region ölkələri ilə səylərin birləşdirilməsi vacibdir.
“Narkotik vasitələrin qanunsuz dövriyyəsinin sərhədləri aşması, qeyd etdiyiniz kimi, yeni informasiya texnologiyalarından istifadə edilməklə onların internet üzərindən alınıb-satılması, təhlükəli narkotik maddələrin yeni, süni şəkildə hazırlanmış növlərinin yayılması gənclərimizin sağlamlığı üçün təhlükə yaradır. Bu baxımdan qarşımızda çoxlu vəzifələr durur”, – deyə Baş prokuror bildirib.
O, bu sahədə hüquq-mühafizə orqanları tərəfindən çox iş görüldüyünü söyləyib. Kamran Əliyev narkotik vasitələrin sərhədləri aşaraq ölkəyə gətirildiyini nəzərə alaraq, daxili işlər orqanlarının, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Baş prokuror narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəni qarşıda duran ən mühüm vəzifələrdən biri adlandırıb.
Region ölkələri ilə əməkdaşlıq
Qonşu dövlətlərlə əməkdaşlığa dair sualı cavablandıran Kamran Əliyev bu istiqamətdə işin səmərəli aparıldığını bildirib. Onun sözlərinə görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı problemlər və mübarizə yolları həm region ölkələri arasında, həm də beynəlxalq səviyyədə müzakirə edilir.
“Əməkdaşlığımız səmərəlidir. Bu problemlər və onlarla mübarizə yolları həm region ölkələri arasında, həm də beynəlxalq səviyyədə müzakirə olunur. Praktik əməkdaşlıqda isə, təbii ki, region və qonşu ölkələrlə əlaqələr daha böyük əhəmiyyət daşıyır. Açıq deyim ki, hər bir ölkə bu sahədə əməkdaşlığa kifayət qədər meyllidir”, – deyə Baş prokuror əlavə edib.
Yeni informasiya texnologiyaları ilə törədilən cinayətlər
Rəqəmsallaşma dövründə cinayətlərin üsul və formalarının dəyişməsi, belə cinayətlərə qarşı mübarizə və süni intellektin bu sahədə gələcək rolu barədə sualı cavablandıran Baş prokuror Kamran Əliyev bildirib ki, narkotiklərin internet üzərindən qanunsuz dövriyyəsi və yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlər xüsusi diqqət tələb edir.
“Yeni növ cinayətlər dedikdə xüsusilə narkotiklərin internet üzərindən qanunsuz satışı, kibercinayətkarlıq və yeni informasiya texnologiyalarından istifadə etməklə törədilən digər cinayətlər nəzərdə tutulur.
Təəssüf ki, cəmiyyətin inkişafı üçün meydana çıxan hər bir yenilik fəlsəfi baxımdan həm müsbət, həm də mənfi rol oynaya bilər. Yeni informasiya texnologiyaları, o cümlədən qeyd etdiyiniz süni intellektin tətbiqi bəşəriyyətin inkişafında yeni addımdır. Təəssüf ki, cinayətkarlar da bu texnologiyaların, o cümlədən süni intellektin imkanlarından istifadə edirlər. Bu baxımdan məsələyə çox ciddi yanaşmalıyıq.
Kibercinayətlərin sayı, təəssüf ki, gündən-günə artır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 30-cu fəsli kibercinayətlərə həsr olunub və bu fəsildə üç maddə yer alır. Həmin maddələr informasiya sistemlərinə qanunsuz daxilolma və müdaxilə kimi əməlləri əhatə edir.
Reallıqda isə, mən deyərdim ki, hazırda törədilən bütün cinayətlərin təxminən 40–50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir. Bu da prokurorluq və digər hüquq-mühafizə orqanları əməkdaşlarının həmin sahədə bilik və bacarıqlarını daha da təkmilləşdirməsini zəruri edir. Təbii ki, bu istiqamətdə işləyirik”, – deyə Kamran Əliyev bildirib.

İnsan alveri, məişət zorakılığı və ekoloji cinayətlər
Baş prokuror mübarizə aparılması vacib olan digər cinayət növlərinə də toxunub:
“Zamanın tələbinə uyğun olaraq rəqəmsal cinayətləri, narkotiklərin qanunsuz dövriyyəsini və informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətləri qeyd etdik. İnsan alverinə və məişət zorakılığına qarşı mübarizəni də xüsusi vurğulamaq istəyirəm. Bu sahələrdə üzərimizə mühüm vəzifələr düşür. Ekoloji cinayətlərə qarşı mübarizə də indiki mərhələdə çox aktualdır. Çirkli pulların yuyulmasına və istifadəsinə qarşı mübarizə də qarşımızda duran ən mühüm vəzifələrdən biridir”.
Qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması
Cinayətkarlığın yeni formaları meydana çıxdıqca qanunvericiliyin hansı istiqamətlərdə təkmilləşdirilməsinə ehtiyac yarandığı barədə sualı cavablandıran Baş prokuror Kamran Əliyev bildirib ki, bir sıra istiqamətlərdə dəyişikliklər artıq edilib və bu proses davam edir.
“Qanunvericiliyin təkmilləşdirilməsi dinamik prosesdir. Bununla yanaşı, onun sabitliyini qorumaq da vacibdir. Çünki qanunların səmərəli tətbiqi üçün sabitlik zəruridir.
Digər tərəfdən, cəmiyyətin müxtəlif sahələrində sürətli inkişaf və elmi tərəqqi qanunvericiliyin yenilənməsini zəruri edir. Bu dəyişikliklər diqqətlə aparılmalıdır. Qanunvericiliyin sabitliyini qorumaqla yanaşı, mühüm sahələr üzrə ona dəyişiklik və əlavələr edilməlidir. Bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə işimizi davam etdiririk”, – deyə Baş prokuror bildirib.
Kamran Əliyev qanunvericiliyə dəyişiklik edilməsi üçün ciddi əsasların olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu əsaslar təcrübədən, o cümlədən məhkəmə və istintaq təcrübəsindən irəli gəlir.
“Qanunvericiliyin dəyişdirilməsi üçün, ilk növbədə, ciddi əsaslar olmalıdır. Bu əsaslar zərurətdən, eləcə də məhkəmə və istintaq təcrübəsindən irəli gəlir. Biz əvvəlcə həmin təcrübəni öyrənir və dəyişikliklərə ehtiyac olduğunu əsaslandırırıq. Müəyyən müddət ərzində qanunvericiliyə dəyişiklik edilməsinin zəruri olduğunu gördükdə bununla bağlı müvafiq dövlət qurumlarına müraciət edirik”, – deyə o qeyd edib.
Rəqəmsal sübutlarla bağlı yeni qaydalar
Baş prokuror bildirib ki, prokurorluğun fəaliyyətinə aid dəyişikliklər həm prosessual qanunvericiliyi, həm də maddi hüquq normalarını əhatə edir. O, kibercinayətkarlığa qarşı beynəlxalq konvensiyaların müddəalarının Azərbaycan qanunvericiliyinə daxil edilməsinə toxunub.
“Bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatının kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı konvensiyası qəbul olunub və Azərbaycan onu imzalayan ilk ölkələrdən biri olub. Eyni zamanda, kibercinayətkarlığa qarşı mübarizə sahəsində Avropa Şurasının Budapeşt Konvensiyası da mövcuddur.
Biz hər iki konvensiyanın müddəalarını artıq Azərbaycan qanunvericiliyinə daxil etmişik. Rəqəmsal sübutların əldə edilməsi, qorunması, saxlanması və cinayət işində istifadə olunması ilə bağlı yeni qaydaların müəyyən edilməsi zəruridir”, – deyə Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, rəqəmsal sübutların əldə edilməsi və cinayət işlərində istifadəsi ənənəvi sübutlardan fərqli qaydalar tələb edir.
“Ənənəvi, klassik sübutlardan fərqli olaraq, rəqəmsal sübutların götürülməsi, cinayət işinə əlavə edilməsi, istifadəsi və qiymətləndirilməsi üçün xüsusi qaydalar müəyyən edilməli idi. Bununla bağlı aidiyyəti dövlət qurumlarına təkliflər verdik və müvafiq qanun qəbul olundu. Eyni zamanda, Cinayət Məcəlləsinə də müəyyən dəyişikliklərin edilməsi zərurəti vardı və həmin dəyişikliklər artıq edilib. Deyə bilərik ki, bu dəyişikliklərdən sonra cinayət-prosessual və maddi hüquq normalarımız beynəlxalq konvensiyaların tələblərinə tam uyğundur”, – deyə Baş prokuror əlavə edib.
İllər əvvəl törədilmiş cinayətlərin açılması
Uzun illər bağlı qalmış cinayətlərin istintaqında əldə olunan nəticələrdən danışan Baş prokuror Kamran Əliyev bildirib ki, cinayətin üstündən nə qədər vaxt keçməsindən asılı olmayaraq, onun bütün təfərrüatı ilə açılması zəruridir.
“Cinayət törədilibsə, onun bütün təfərrüatı ilə açılması çox vacibdir. Cinayətkarlar cəzasız qala bilməzlər. Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır. Bu baxımdan, üstündən istər 30, istərsə də 40 il keçsin, hər bir cinayətin açılması zəruridir. Bu məsələyə qətlə yetirilmiş şəxsin yaxınlarının mövqeyindən də yanaşmalıyıq”, – deyə o bildirib.
Kamran Əliyev vətəndaş qəbullarında əvvəlki illərdən bağlı qalmış qətl işləri ilə bağlı müraciətlər aldığını qeyd edib:
“Əvvəlki illərdən bağlı qalmış qətl işləri üzrə həlak olmuş şəxslərin qohumları və yaxınları vətəndaş qəbullarına gəlirlər. Onlar bu cinayətlərin açılacağına böyük ümid bəsləyirlər. Nə baş verdiyini, yaxınlarının nəyə görə və kimlər tərəfindən qətlə yetirildiyini bilmək istəyirlər. Bu, təbii istəkdir və biz həmin istiqamətdə daim işləyirik”.
Baş prokurorun sözlərinə görə, belə işlər üzərində Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi, İstintaq İdarəsi və rayon prokurorluqları aidiyyəti dövlət qurumları ilə birlikdə çalışır. Bu məqsədlə birgə istintaq-əməliyyat qrupları yaradılıb.
Ötən illərdən qalan 57 cinayət işinin üstü açılıb
Kamran Əliyev bildirib ki, indiyədək əvvəlki illərdən bağlı qalmış 57 cinayət işinin üstü açılıb. Onun sözlərinə görə, ən çox nəticə 2022-ci ildə əldə olunub: həmin il 17 belə iş açılıb. 2026-cı ilin birinci yarımilindən bu günədək isə daha yeddi işin açılması təmin edilib.
“Bir neçə işin açılması istiqamətində də xeyli iş görülüb. Hesab edirəm ki, yaxın vaxtlarda onların da açılması təmin olunacaq və bu barədə cəmiyyətə məlumat veriləcək”, – deyə Baş prokuror bildirib.
O vurğulayıb ki, bu nəticələrin əldə edilməsində prokurorluqla yanaşı, digər qurumlar da iştirak edir:
“Ədalət naminə deməliyəm ki, bu işlərin aparılmasında yalnız prokurorluq orqanları iştirak etmir. Daxili işlər orqanları, Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə kifayət qədər səmərəli əməkdaşlıq edirik. Bu işləri biz koordinasiya edirik”.

İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi
İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar, itkin düşmüş şəxslərin taleyi və Birinci Qarabağ müharibəsi zamanı törədilən cinayətlərlə bağlı toplanan sübutların əhəmiyyətindən danışan Baş prokuror Kamran Əliyev bildirib ki, bu işlərin həm tarixi, həm də prosessual əhəmiyyəti var.
“Bu işlərin həm tarixi, həm də prosessual əhəmiyyəti böyükdür. Təəssüf ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı ümumilikdə 4 010 Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsi, altı nəfəri isə İkinci Qarabağ müharibəsi dövründə itkin düşüb”, – deyə o bildirib.
Kamran Əliyevin sözlərinə görə, itkin düşmüş şəxslərlə bağlı dövlət tərəfindən iş aparılır. Bu sahədə İtkin düşmüş şəxslərin işləri üzrə Dövlət Komissiyası ilə prokurorluq orqanları birgə əməkdaşlıq edirlər.
“Bu günədək, səhv etmirəmsə, 900-dən artıq itkin düşmüş şəxsin qalıqları müəyyən edilib. Prokurorluq orqanları itkin düşmüş şəxslərin bütün yaxın qohumlarından DNT nümunələri götürüb. Yeni qalıqlar müəyyən edildikcə onların aidiyyəti laboratoriyalarda eyniləşdirilməsi aparılır”, – deyə Baş prokuror qeyd edib.
Şəxsiyyəti müəyyən edilmiş şəxslərin qalıqları yaxınlarına təhvil verilir
Kamran Əliyev bildirib ki, aşkar olunan qalıqların kimə məxsus olduğunu müəyyənləşdirmək üçün analizlər davam etdirilir.
“İtkin düşmüş şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində işlər görülüb. Səhv etmirəmsə, 328 nəfərin şəxsiyyəti müəyyən edilib, digərləri üzrə analizlər davam edir. Artıq 270-dən bir qədər çox şəxsin qalıqları yaxınlarına təhvil verilib və onlar dəfn olunublar”, – deyə o bildirib.
Baş prokuror vurğulayıb ki, yaxınları uzun illər keçməsinə baxmayaraq, itkin düşən şəxslərin taleyi barədə məlumat gözləyirlər:
“Bu, çox mühüm məsələdir. Uzun müddət keçsə də, yaxınları bu gün də itkin düşmüş şəxslərin taleyi ilə maraqlanırlar. Qeyd etdiyim kimi, bu, təbiidir. Çalışırıq ki, həmin şəxslərin yaxınları heç olmasa müəyyən təsəlli tapsınlar”.
Kamran Əliyev bu istiqamətdə beynəlxalq qurumlarla da əməkdaşlıq edildiyini bildirib. Onun sözlərinə görə, İtkin düşmüş şəxslərin işləri üzrə Dövlət Komissiyası əsasən təşkilati məsələlərlə, prokurorluq orqanları isə işin prosessual tərəfi ilə məşğul olur.
“Bununla bağlı beynəlxalq qurumlarla, xüsusən Birləşmiş Millətlər Təşkilatının İtkin Düşmüş Şəxslər üzrə Komitəsi ilə əməkdaşlıq edirik. Qeyd etdiyim kimi, İtkin düşmüş şəxslərin işləri üzrə Dövlət Komissiyası daha çox təşkilati məsələlərlə məşğul olur. İşin prosessual tərəfi ilə isə prokurorluq orqanları, konkret olaraq Baş Prokurorluğun İstintaq İdarəsi məşğul olur”, – deyə Baş prokuror əlavə edib.
Xaricdə olan şəxslərin məsuliyyətə cəlb edilməsi
Dövlətə və xalqa qarşı xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan, hazırda xaricdə olan şəxslərin məhkəmə qarşısına çıxarılmasında beynəlxalq hüququn roluna dair sualı cavablandıran Baş prokuror Kamran Əliyev bildirib ki, digər dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq vacibdir və konkret nəticələr verir.
“Söhbət yalnız həmin şəxslərdən getmir. Ümumilikdə beynəlxalq hüquq çərçivəsində əlaqələr və digər dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq çox vacibdir, konkret fayda verir. Qeyd etdiyiniz kateqoriyadan olan şəxslərin indi və ya gələcəkdə cinayət məsuliyyətinə cəlb edilməsi də mümkündür. Hesab edirəm ki, bu istiqamətdə müvafiq işlər aparırıq”, – deyə o bildirib.
Baş prokuror qeyd edib ki, sözügedən şəxslərin bir qismi artıq məsuliyyətə cəlb olunub. O, həmin məhkəmə prosesinin keçirilməsini torpaqların azad edilməsindən sonra yaranmış şəraitlə əlaqələndirib.
“Bəli, həmin kateqoriyadan olan şəxslərin bir qismi məsuliyyətə cəlb edilib. Xüsusi qeyd etməliyəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi Qələbənin əldə olunması bu məhkəmə prosesinin keçirilməsinə imkan yaradıb”, – deyə Kamran Əliyev bildirib.
Toplanmış sübutlardan istifadə üçün yaranan şərait
Kamran Əliyev istintaqın və məhkəmə prosesinin aparılmasının mövcud şəraitdən də asılı olduğunu söyləyib:
“Hüquq elmində "istintaq situasiyaları" anlayışı var. Bu o deməkdir ki, istintaqın taktikası və gedişatı, eləcə də məhkəmə prosesinin aparılması cəmiyyətdə yaranmış müəyyən şəraitdən asılı olur.
Qarabağ münaqişəsi başlayandan bəri prokurorluq əməkdaşları uzun müddət ərzində sübutlar toplamışdılar. Bu iş həm əvvəlki, həm də sonrakı dövrlərdə çalışan əməkdaşlar tərəfindən aparılmışdı. Sübut bazası mövcud idi, lakin həmin sübutlardan istifadə etmək üçün münbit şərait yox idi”.
Baş prokurorun sözlərinə görə, hərbi əməliyyatlardan sonra həmin sübutlardan istifadə etmək və şəxsləri məsuliyyətə cəlb etmək imkanı yaranıb. O, cinayət işi üzrə axtarışda olan digər şəxslərin də gələcəkdə məsuliyyətə cəlb ediləcəyinə ümid etdiyini bildirib.
“Bildiyiniz kimi, həmin cinayət işinin axtarışda olan digər iştirakçıları da var. Ümid edirəm ki, onların da gələcəkdə məsuliyyətə cəlb edilməsi mümkün olacaq”, – deyə o qeyd edib.
Kamran Əliyev başqa dövlətlərin təcrübəsinə də toxunub. Onun sözlərinə görə, bəzi ölkələrin hüquq-mühafizə orqanları hərbi cinayətlərlə bağlı sübutlar toplasalar da, həmin sübutların məhkəmə prosesində istifadəsi üçün şəraitləri yoxdur.
“Başqa dövlətlərdə də belə cinayətlər baş verib. Konkret ölkə adı çəkmək istəmirəm, amma yaxın ətrafımıza nəzər salsaq, görərik ki, həmin dövlətlərin hüquq-mühafizə və prokurorluq orqanları hərbi cinayətlərlə bağlı çoxlu sübut toplayıblar. Lakin onların bu sübutlardan istifadə etmək və müvafiq məhkəmə proseslərini keçirmək üçün imkanları və şəraitləri yoxdur. Çatdırmaq istədiyim fikir budur”, – deyə Baş prokuror əlavə edib.
Korrupsiyanın qarşısının alınmasında qabaqlayıcı tədbirlər
Korrupsiyaya şərait yaradan halların əvvəlcədən aradan qaldırılması barədə sualı cavablandıran Baş prokuror Kamran Əliyev ASAN xidmət mərkəzlərinin yaradılmasını mühüm qabaqlayıcı tədbir kimi qiymətləndirib.
“Korrupsiya cinayətləri bəşəriyyəti daim narahat edib. Müasir dünyada istər Avropada, istərsə də planetin digər bölgələrində bu cinayətlər cəmiyyət və dövlət üçün ciddi problem olaraq qalır. Hesab edirəm ki, ölkəmizin siyasi rəhbərliyi tərəfindən bu sahədə kifayət qədər uğurlu işlər görülür.
Qabaqlayıcı tədbir kimi ASAN xidmət mərkəzlərinin yaradılmasını xüsusi qeyd etmək istəyirəm. Bu, mühüm profilaktik addım idi. Həmin mərkəzlərin yaradılması nəticəsində ölkəmizdə korrupsiya cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azaldı. Bu gün də fəaliyyətimizi, əsasən, belə cinayətlərin qarşısının alınmasına yönəldirik”, – deyə Baş prokuror bildirib.
Kamran Əliyev qeyd edib ki, qabaqlayıcı tədbirlərlə yanaşı, korrupsiya cinayətləri üzrə cinayət təqibi də aparılmalıdır. Onun sözlərinə görə, bu istiqamətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir.
“İctimaiyyəti bu sahədə daim məlumatlandırmağa çalışırıq. Hər bir cinayət təqibini, eyni zamanda, maarifləndirici və qabaqlayıcı tədbir kimi qiymətləndirmək olar. Çünki belə hallara qarşı barışmaz münasibət prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən ən mühüm qabaqlayıcı tədbirlərdən biridir”, – deyə o vurğulayıb.
Müraciətlərin təhlili və dövlət qurumlarının məlumatlandırılması
Baş prokuror bildirib ki, korrupsiya cinayətləri və hüquqpozmalarla bağlı prokurorluğa daxil olan məlumatlar təhlil edilir. Bura Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qaynar xətt əlaqə mərkəzinə və digər yollarla daxil olan məlumatlar da daxildir.
“Prokurorluğa korrupsiya cinayətləri və digər hüquqpozmalarla bağlı daxil olan məlumatları təhlil edirik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qaynar xətt əlaqə mərkəzinə və digər yollarla prokurorluğa daxil olan məlumatları zəruri hallarda aidiyyəti qurumlara göndəririk”, – deyə Kamran Əliyev bildirib.
O, məlumatların aidiyyəti qurumlara göndərilməsinin cinayət barədə məlumatların araşdırılmadan həmin qurumlara ötürülməsi kimi başa düşülməməli olduğunu xüsusi vurğulayıb:
“Bu o demək deyil ki, cinayət törətmiş şəxslər barədə məlumatları onların işlədiyi qurumlara göndəririk. Hər bir qanun pozuntusu cinayət deyil. Cinayət xarakteri daşımayan digər hüquqpozmalarla bağlı məlumatları aidiyyəti qurumlara göndəririk. Onlar araşdırma aparır, zəruri hallarda əməkdaşlarını inzibati məsuliyyətə cəlb edirlər. Aşkarlanan boşluqlar barədə də həmin qurumları məlumatlandırırıq ki, qabaqlayıcı tədbirlər görsünlər”.

Sahibkarlığın inkişafı və qanunlara nəzarət
Qanuni fəaliyyət göstərən sahibkarların hüquqlarının qorunması ilə qanunsuzluqlara qarşı mübarizə arasında tarazlığa dair sualı cavablandıran Baş prokuror Kamran Əliyev bunun həssas və vacib məsələ olduğunu bildirib.
“Bu, maraqlı və həssas məsələdir. Hər bir cəmiyyətin inkişafı üçün iqtisadiyyat mühüm əhəmiyyət daşıyır. İqtisadiyyatın uğurlu inkişafı üçün isə sahibkarlıq fəaliyyəti sərbəst, eyni zamanda qanun çərçivəsində həyata keçirilməlidir”, – deyə o qeyd edib.
Kamran Əliyev bildirib ki, nəzarət güclü olsa da, sahibkarlığın və iqtisadiyyatın inkişafına mane olmamalıdır:
“Biz hesab edirik ki, hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq fəaliyyətini elə qurmalıdır ki, qanunsuzluqlarla mübarizə aparmaqla yanaşı, ölkədə həyata keçirilən iqtisadi islahatlara və iqtisadi inkişafa təkan versin.
Əsas rolumuz da bundan ibarətdir: iqtisadi inkişafı əngəlləməmək, əksinə, ona təkan vermək. Buna görə də prokurorluğun aidiyyəti dövlət qurumları və özəl sektorla işini elə qurmağa çalışırıq ki, fəaliyyətimiz fayda gətirsin”.
İnsan alveri və cinayət yolu ilə əldə olunan vəsaitlər
Korrupsiya və insan alveri cinayətlərinə qarşı mübarizəni dəyərləndirən Baş prokuror bildirib ki, bu cinayətləri, eləcə də narkotiklərin qanunsuz dövriyyəsini birləşdirən cəhətlərdən biri qanunsuz gəlir əldə edilməsidir.
“Korrupsiya cinayətlərini, insan alverini, narkotiklərin qanunsuz dövriyyəsini və bu kimi digər cinayətləri birləşdirən amillərdən biri qanunsuz gəlir əldə edilməsidir. Bu cinayətlər nəticəsində əldə olunan maliyyə vəsaitləri sonradan leqallaşdırılır və istifadə edilir”, – deyə Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, insan alverinə qarşı mübarizə sahəsində dövlət qurumları fəaliyyətlərini əlaqələndirirlər. Baş prokuror bu sahədə 2026–2030-cu illəri əhatə edən dövlət proqramına və Daxili İşlər Nazirliyinin müvafiq idarəsinin fəaliyyətinə də toxunub.
“Ölkəmizdə insan alverinə qarşı kəsərli mübarizə aparılır. Bununla bağlı 2026–2030-cu illəri əhatə edən dövlət proqramı var. Daxili İşlər Nazirliyinin müvafiq idarəsi də fəaliyyət göstərir və bu sahədə dövlət qurumları işlərini əlaqələndirirlər. Əsas məsələlərdən biri həm bu cinayətlərə, həm də onların nəticəsində əldə olunan maliyyə vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə aparmaqdır”, – deyə o bildirib.
Kamran Əliyev vurğulayıb ki, həm cinayətlərin törədilməsinə, həm də onlardan əldə olunan vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizə aparılmalıdır:
“Cinayətlərin özünə qarşı mübarizə aparıb, onlardan əldə edilən vəsaitlərin leqallaşdırılmasına qarşı kifayət qədər səmərəli mübarizə aparmasaq, nəticə əldə edə bilmərik. Eyni zamanda, yalnız qanunsuz vəsaitlərin leqallaşdırılmasına diqqət yetirib həmin vəsaitlərin hansı cinayətlərdən əldə olunduğunu diqqətdən kənarda qoysaq, mübarizə yenə səmərəli olmayacaq. Fəaliyyətimizin hər iki istiqamətdə səmərəli olmasına çalışırıq”.
Elektron Prokurorluq sisteminin işə təsiri
Elektron Prokurorluq sisteminin gündəlik fəaliyyətə və vətəndaşların müraciət imkanlarına təsirindən danışan Baş prokuror Kamran Əliyev bildirib ki, Elektron Prokurorluq İnformasiya Sistemi 2021-ci ildə yaradılıb və qısa müddətdə tətbiqinə başlanılıb.
“Bu sistem, ilk növbədə, prokurorluq əməkdaşlarının işini daha səmərəli edir. Əvvəlki illərdən bağlı qalmış qətl işlərinin açılmasında da onun tətbiqi mühüm rol oynayır. Belə işlərdə sübut və məlumatların operativ əldə olunması, çevik fəaliyyət vacibdir. Bu baxımdan sistem əməkdaşlarımız üçün böyük əhəmiyyət daşıyır”, – deyə o bildirib.
Baş prokurorun sözlərinə görə, vətəndaşlar sistem vasitəsilə prokurorluğa şikayət göndərə və müraciətlərinin nəticəsi barədə məlumat ala bilirlər. Elektron ünvanlar və sosial şəbəkələr vasitəsilə müraciət imkanları da mövcuddur.
“Vətəndaşlar Elektron Prokurorluq İnformasiya Sistemi vasitəsilə şikayət edə və müraciətlərinin nəticəsi barədə məlumat ala bilərlər. Bununla yanaşı, elektron ünvanlarımız və sosial şəbəkələr vasitəsilə də müraciət etmək mümkündür”, – deyə Kamran Əliyev qeyd edib.
İstintaq işlərinə elektron nəzarət
Kamran Əliyev bildirib ki, Elektron Prokurorluq İnformasiya Sistemində istintaq, cinayət xarakterli materiallar, dövlət ittihamı və cəzanın icrası ilə bağlı modullar var. Onun sözlərinə görə, bu modullar prokuror nəzarətinin daha səmərəli həyata keçirilməsinə imkan yaradır.
“Baş prokuror kimi istənilən vaxt rayon prokurorluqlarının icraatında olan cinayət işlərinə baxa bilirəm. Onların icraatında neçə cinayət işi olduğunu görə, işlərə daxil olaraq dindirilmiş şahidlərin ifadələri və digər sənədlərlə elektron qaydada, həmin əməkdaşlara ayrıca müraciət etmədən tanış ola bilirəm. Bu imkanlar prokurorluq əməkdaşlarının fəaliyyətinə və iş şəraitinin yaxşılaşdırılmasına kömək edir”, – deyə Baş prokuror əlavə edib.
Rəqəmsal sübutlar və şəxsi həyatın toxunulmazlığı
İstintaqda rəqəmsal məlumatlardan istifadə ilə şəxsi həyatın toxunulmazlığı arasında tarazlığın necə qorunduğu barədə sualı cavablandıran Baş prokuror Kamran Əliyev bildirib ki, yeni texnologiyalar daha çox məlumat əldə etməyə imkan yaratsa da, şəxsi məlumatların qorunması əsas şərtdir.
“Yeni informasiya texnologiyaları, bir tərəfdən, daha çox məlumat əldə etməyə imkan yaradır. Bu, vacibdir, çünki hər bir şəxsin informasiya əldə etmək hüququ var. Digər tərəfdən, hər kəsin şəxsi həyatı və şəxsi məlumatları toxunulmazdır. Bu hüquq Konstitusiyada, beynəlxalq konvensiyalarda və Azərbaycan qanunlarında qorunur. Məsələ etik qaydalar baxımından da böyük əhəmiyyət daşıyır”, – deyə o bildirib.
Kamran Əliyevin sözlərinə görə, Elektron Prokurorluq İnformasiya Sistemindəki məlumatlara giriş məhdudlaşdırılıb və hər bir əməkdaş yalnız öz fəaliyyət sahəsinə aid məlumatları əldə edə bilər.
“Elektron Prokurorluq İnformasiya Sistemində müxtəlif məlumatlar var və onların məxfiliyini qorumağa çalışırıq. Sistemdə məlumatlara girişlə bağlı ciddi qaydalar tətbiq olunur: hər kəs yalnız öz fəaliyyət sahəsinə aid məlumatları əldə edə bilər. Kimin hansı məlumatı necə əldə edə biləcəyinə nəzarət edirik. Bu, vətəndaşlarımız və cəmiyyət qarşısında böyük məsuliyyətdir.
Vətəndaşlardan şəxsi həyatlarının toxunulmazlığının pozulması və ya şəxsi məlumatlarının qanunsuz əldə edilməsi ilə bağlı müraciətlər də daxil olur. Bu hüquqlar qanunla ciddi şəkildə qorunur və hüquq-mühafizə orqanları belə pozuntulara qarşı kəsərli mübarizə aparırlar”, – deyə Baş prokuror qeyd edib.
Elektron nəzarət vasitəsilə gecikmələrin aşkarlanması
Elektron Prokurorluq İnformasiya Sistemi vasitəsilə bölgələrdə aparılan işlərə baxarkən müdaxilə tələb edən hallarla qarşılaşıb-qarşılaşmadığına dair sualı cavablandıran Kamran Əliyev bildirib ki, sistemdə daha çox materiallara vaxtında baxılmaması, araşdırmanın uzadılması və əsassız süründürməçilik halları görünür.
“Sualınıza səmimi cavab verməyə çalışacağam. Elektron Prokurorluq İnformasiya Sistemi vasitəsilə işlərə baxanda daha çox materiallara vaxtında baxılmamasını, araşdırmaların uzadılmasını və əsassız süründürməçiliyə yol verilməsini görürəm. Bəzən əməlin tövsifi ilə bağlı məsələlər də diqqətimi çəkir. Belə hallar olub və biz dərhal müdaxilə etmişik”, – deyə o bildirib.
Baş prokurorun sözlərinə görə, araşdırmanın nəzərdə tutulmuş müddətdən artıq davam etməsinin səbəbləri hər bir halda yoxlanılır. O qeyd edib ki, gecikmələrin obyektiv səbəbləri də ola bilər, lakin subyektiv amil müəyyən edildikdə əməkdaşlar məsuliyyətə cəlb olunurlar.
“Açıq deyim ki, əməkdaşlarımız kifayət qədər peşəkardırlar və işlərini səmərəli qururlar. Bununla belə, araşdırma nəzərdə tutulmuş müddətdən artıq davam edəndə səbəbini dərhal öyrənirik. Hər bir hal ayrıca araşdırılır. Bəzən gecikmənin işin xüsusiyyətlərindən irəli gələn obyektiv səbəbləri olur. Subyektiv amil müəyyən edildikdə isə əməkdaşlarımızı məsuliyyətə cəlb edirik”, – deyə Kamran Əliyev vurğulayıb.
İstintaq işlərində beynəlxalq hüquqi əməkdaşlıq
Məsuliyyətdən yayınmaq üçün ölkəni tərk edən şəxslərlə bağlı ekstradisiya və qarşılıqlı hüquqi yardımın nəticələrini dəyərləndirən Baş prokuror Kamran Əliyev bildirib ki, Baş Prokurorluq səviyyəsində aparılan istintaq işlərinin təxminən yarısında beynəlxalq hüquqi əməkdaşlığa ehtiyac yaranır.
“Baş Prokurorluq səviyyəsində – İstintaq İdarəsində, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində və digər qurumlarda aparılan istintaqların, belə demək mümkünsə, təxminən yarısında beynəlxalq hüquqi əməkdaşlığa ehtiyac yaranır. Bu, hüquqi yardım haqqında vəsatətlərin göndərilməsini və ekstradisiyanı əhatə edir. Ona görə də belə əməkdaşlıq çox vacibdir”, – deyə o bildirib.
Kamran Əliyevin sözlərinə görə, Azərbaycan həm region ölkələrinin, həm də digər dövlətlərin prokurorluq və hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq qurub. O vurğulayıb ki, bu təmasların arxasında konkret işlər dayanır.
“Biz həm region ölkələrinin, həm də digər dövlətlərin prokurorluq və hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik. İlk baxışda kimsə bu təmasları yalnız simvolik görüşlər və səfərlər kimi qiymətləndirə bilər. Lakin onların hər birinin arxasında ciddi iş dayanır. Müxtəlif ölkələrin prokurorluq orqanları ilə memorandumlar imzalayır və səmərəli əməkdaşlıq qururuq”, – deyə Baş prokuror qeyd edib.
Onun sözlərinə görə, hüquqi yardım sorğularının müxtəlif mərhələlərdən keçməsi vaxt apardığı üçün digər ölkələrin aidiyyəti qurumları ilə birbaşa və sıx əlaqələr xüsusi əhəmiyyət daşıyır.
“Hüquqi yardım haqqında sorğunun hazırlanması, müxtəlif mərhələlərdən keçməsi və ünvanına çatdırılması vaxt aparır. Bu sahədə prokurorluq orqanları digər hüquq-mühafizə qurumlarının fəaliyyətini əlaqələndirirlər. Ona görə də ölkələrin aidiyyəti qurumları arasında sıx münasibətlər çox vacibdir.
Bu əməkdaşlıq bir çox hallarda operativ müdaxilə etməyimizə imkan verir. Xarici həmkarlarımızla əlaqələri davam etdiririk və həmin ölkələrdən də çoxlu hüquqi yardım vəsatəti alırıq”, – deyə Kamran Əliyev bildirib.

2025-ci ildə 65 nəfərin Azərbaycana ekstradisiyası
Baş prokuror ekstradisiyanın prokurorluğun gündəlik fəaliyyətinin bir hissəsi olduğunu, şəxslərin həm Azərbaycana gətirilməsi, həm də ölkədən digər dövlətlərə ekstradisiyası barədə ictimaiyyətə məlumat verildiyini söyləyib.
“Mətbuat Xidmətimiz şəxslərin ölkəmizə və ya Azərbaycandan digər ölkələrə ekstradisiyası barədə mütəmadi məlumat verir. Bu, gündəlik fəaliyyətimizin bir hissəsidir.
Hüquqi yardım və ekstradisiya sahəsində Azərbaycan Respublikası Prokurorluğu ilə Ədliyyə Nazirliyi mərkəzi icra orqanlarıdır. Hər iki qurum bu istiqamətdə fəaliyyət göstərir”, – deyə o qeyd edib.
Kamran Əliyevin bildirdiyinə görə, 2025-ci ildə 65 nəfər digər ölkələrdən Azərbaycana ekstradisiya olunub. O, bu rəqəmi yaddaşına əsasən səsləndirdiyini qeyd edib.
“Səhv etmirəmsə, 2025-ci ildə 65 nəfər digər ölkələrdən Azərbaycana ekstradisiya olunub. Hər bir ekstradisiya mürəkkəb prosesdir. İstər biz bir şəxsin ekstradisiyasını tələb edək, istərsə də başqa ölkə bizə müraciət etsin, prosesin bütün mərhələləri yoxlanılır. Bu sahədə qanunun kifayət qədər sərt tələbləri var.
Hər hansı şəxsi başqa ölkəyə ekstradisiya etməzdən əvvəl məsələnin bütün hüquqi tərəflərini nəzərdən keçiririk. Hesab edirəm ki, gələcəkdə bu sahədə əməkdaşlıq daha da təkmilləşməli və çevik olmalıdır”, – deyə Baş prokuror əlavə edib.
Ekoloji hüquqpozmaların araşdırılması
Qanunsuz ağac kəsilməsi, su ehtiyatlarının çirkləndirilməsi və torpaqlara zərər vurulması kimi əməllərlə bağlı vəziyyətə toxunan Baş prokuror Kamran Əliyev bildirib ki, təbii resurslardan qanunsuz istifadə və təbiətə zərər vurulması mühüm məsələlərdir.
“Ekoloji cinayətlər, meşə fondundan düzgün istifadə edilməməsi, yerin təkindən, torpaqlardan və digər təbii resurslardan qanunsuz istifadə, təbiətə zərər vurulması mühüm məsələlərdir. Bu problemlər bütün dünyada, o cümlədən Azərbaycanda ön plana çıxır”, – deyə o bildirib.
Kamran Əliyevin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu kateqoriyadan olan hallarla bağlı prokurorluğa müraciətlər göndərir. Baş Prokurorluqda isə həmin məsələlərlə məşğul olan Cinayət təqibindən kənar icraatlar idarəsi fəaliyyət göstərir.
“Ölkəmizdə bu istiqamətdə kifayət qədər səmərəli iş aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə hallarla bağlı prokurorluğa mütəmadi müraciətlər edir. Baş Prokurorluğun yeni strukturu 2020-ci ildə təsdiqlənərkən Cinayət təqibindən kənar icraatlar idarəsi yaradıldı. Həmin idarə bu və digər kateqoriyadan olan işlərlə bilavasitə məşğuldur”, – deyə Baş prokuror qeyd edib.
İctimai maraqların qorunması və ziyanın ödənilməsi
Kamran Əliyev Cinayət təqibindən kənar icraatlar idarəsinin fəaliyyətinin bəzən düzgün izah olunmadığını söyləyib. Onun sözlərinə görə, idarənin işi ictimai maraqların qorunması kimi də xarakterizə edilə bilər.
“Mətbuatı izləyirəm və görürəm ki, Cinayət təqibindən kənar icraatlar idarəsinin fəaliyyəti bəzən düzgün şərh olunmur. "Cinayət təqibindən kənar" nə deməkdir? Əslində, bu idarəni ictimai maraqların qorunması idarəsi də adlandırmaq olar. Söhbət cəmiyyətin maraqlarının qorunmasından gedir”, – deyə o bildirib.
Baş prokuror qeyd edib ki, idarə ekoloji məsələlərlə yanaşı, məişət zorakılığı, azyaşlılar və ailədə zorakılıq, valideynlik hüququndan məhrumetmə ilə bağlı məsələlərdə, həmçinin cəzaçəkmə müəssisələrində cəzanın məqsədinə nail olunması prosesində iştirak edir.
“İdarə ekoloji cinayətləri, məişət zorakılığı, azyaşlılara qarşı və ailədaxili zorakılıq, eləcə də valideynlik hüququndan məhrumetmə ilə bağlı məsələləri araşdırır. Təəssüf ki, belə hallar baş verir. İdarə, eyni zamanda, cəzaçəkmə müəssisələrində cəzanın məqsədinə nail olunması ilə bağlı prosesdə yaxından iştirak edir”, – deyə Kamran Əliyev bildirib.
O əlavə edib ki, ekoloji hüquqpozmalarla bağlı işlərdə əsas diqqət vurulan ziyanın ödənilməsinə yönəldilir. Ziyanın həcminin daha böyük olduğu hallarda isə şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunur.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyindən yerin təkindən və digər təbii resurslardan qanunsuz istifadə, ağacların kəsilməsi, meşə fondunun məhv edilməsi ilə bağlı materiallar daxil olur. Belə işlərdə əsas diqqətimiz vurulan ziyanın ödənilməsinin təmin edilməsinə yönəlir. Ziyanın həcminin daha böyük olduğu hallarda isə təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunur”, – deyə Baş prokuror vurğulayıb.
Məişət zorakılığı ilə bağlı xəbərdaredici hallar
Məişət zorakılığı, qadın və uşaqlara qarşı cinayətlərdən əvvəl yaranan xəbərdaredici hallarla bağlı sualı cavablandıran Baş prokuror Kamran Əliyev bildirib ki, bu sahəyə müdaxilə xüsusi həssaslıq tələb edir.
“Tamamilə doğrudur. Açıq etiraf edim ki, bu, çox həssas sahədir. Ailənin həyatına həddindən artıq müdaxilə etmək olmaz. Amma bəzən elə hallar yaranır ki, müdaxilə etməyə məcbur oluruq.
Təəssüf ki, qəsdən adam öldürmə cinayətlərinin çoxu məişət xarakterli olur. Təhlil zamanı görürük ki, belə cinayətlərdən əvvəl zorakılıq kimi xəbərdaredici hallar baş verib. Həmin hallar hər zaman cinayət məsuliyyətinə səbəb olmasa da, onlara diqqət yetirmək vacibdir”, – deyə Baş prokuror bildirib.
Kamran Əliyev qeyd edib ki, bəzi qadınlar ailənin dağılmaması üçün zorakılıq barədə məlumat vermək və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək istəmirlər. Onun sözlərinə görə, belə hallara həssas yanaşmaq lazımdır.
“Bəzən qadınlar ailənin dağılmaması üçün zorakılıq barədə məlumat vermək, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək istəmirlər. Bu, başadüşüləndir. Ona görə də belə məsələlərə böyük həssaslıqla yanaşırıq”, – deyə o qeyd edib.
Baş prokuror valideynlik hüququndan məhrumetmənin son zərurət olduğunu vurğulayıb. Bununla yanaşı, onun sözlərinə görə, daxil olan müraciətlər əsasında bəzən valideynlik hüququndan məhrumetmə və ya həmin hüququn məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək lazım gəlir.
“Qeyd etdiyim kimi, uşaqlarla bağlı məsələlərdə valideynlik hüququndan məhrumetmə son zərurətdir. Nə prokurorluq, nə də dövlət kiminsə bu hüquqdan məhrum edilməsini istər. Amma bəzən daxil olan müraciətlər əsasında valideynlik hüququndan məhrumetmə və ya həmin hüququn məhdudlaşdırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalırıq. Belə hallar olur və bu iddialar, bir qayda olaraq, təmin edilir”, – deyə Kamran Əliyev bildirib.
Hüquqi maarifləndirmə və vətəndaşlarla ünsiyyət
Prokurorluğun hüquqi maarifləndirmə fəaliyyəti və ictimai etimadın gücləndirilməsi barədə danışan Baş prokuror müasir informasiya texnologiyalarının bu sahədə müxtəlif vasitələrdən istifadə etməyə imkan verdiyini söyləyib. O, maarifləndirmənin konkret nəticəsi olan mühüm fəaliyyət istiqaməti olduğunu bildirib.
“Müasir informasiya texnologiyaları müxtəlif resurslardan istifadə etməklə maarifləndirmə işi aparmağa imkan verir. Bəziləri maarifləndirməni ümumi bir anlayış hesab edə bilər. Əslində isə onun rolu çox mühümdür. Bu baxımdan Baş Prokurorluqda müvafiq iş planı tərtib edilib”, – deyə Kamran Əliyev qeyd edib.
Onun sözlərinə görə, maarifləndirmənin daha çox aparılmalı olduğu sahələr müəyyənləşdirilib. Bu işin əsas məqsədi vətəndaşlara həm hüquqlarını, həm də məsuliyyətlərini izah etməkdir.
“Daha çox hansı sahələrdə maarifləndirmə işinin aparılmalı olduğunu müəyyən etmişik. Bunun müxtəlif üsul və vasitələri var. Əsas məqsəd vətəndaşlara hüquqlarını və məsuliyyətlərini izah etməkdir.
Bəzən insanlar qanunları və öz hüquqlarını bildiklərini düşünürlər. Amma məsələyə daha dərindən baxanda məlum olur ki, onların məlumatı ümumi xarakter daşıyır, mühüm incəliklər isə bilinmir”, – deyə Baş prokuror bildirib.
Kamran Əliyev qeyd edib ki, prokurorluq əməkdaşları televiziyalarda və dəyirmi masalarda həm ümumi hüquqi mövzular, həm də konkret işlər barədə çıxış edirlər. Cəmiyyəti narahat edən aktual işlərlə bağlı mətbuatda və sosial şəbəkələrdə məlumat verilir.
“Əməkdaşlarımız televiziya verilişlərində və dəyirmi masalarda iştirak edirlər. Onlar həm ümumi mövzularda, həm də konkret işlərlə bağlı danışırlar. Cəmiyyəti narahat edən aktual işlər olduqda mətbuatda və sosial şəbəkələrdə də məlumat verirlər”, – deyə o söyləyib.
Baş prokuror bildirib ki, qurumun rəhbər işçiləri və idarə rəisləri vətəndaşların suallarını onlayn qaydada cavablandırırlar. Prokurorluğa elektron formada daxil olan müraciətlər də cavablandırılır.
“Baş Prokurorluğun rəhbər işçiləri və idarə rəisləri vətəndaşların suallarını mütəmadi olaraq onlayn qaydada cavablandırırlar. Elektron formada daxil olan müraciətlərə də cavab veririk. Hesab edirəm ki, bütün bunlar zəruridir”, – deyə Kamran Əliyev əlavə edib.
Vətəndaş qəbullarında daha çox hansı məsələlər qaldırılır?
Vətəndaşlarla görüşlərdə daxil olan müraciətlərin xarakterindən danışan Baş prokuror Kamran Əliyev bildirib ki, şikayətlər arasında həm əsaslı, həm də kifayət qədər əsaslı olmayan tələblər olur. Onun sözlərinə görə, bəzi müraciətlərdə tərəflərin tələbləri bir-birinə ziddir.
“İlk növbədə qeyd edim ki, müraciətlərə qanun çərçivəsində baxılır. Onların arasında əsaslı, kifayət qədər əsaslı olmayan, bəzən isə bir-birinə zidd tələblər olur.
Cinayət işində zərərçəkmiş və təqsirləndirilən şəxslərin maraqları hər zaman üst-üstə düşmür, bəzən bir-birinə zidd olur. Biz bütün bu müraciətləri araşdırırıq”, – deyə Baş prokuror bildirib.
Kamran Əliyev qeyd edib ki, bəzi müraciətlər irəli sürülən ittihamla, bəziləri isə təqsirləndirilən şəxsin əməlinin tövsifi və ona verilən cəza ilə bağlı olur.
“Məsələn, təqsirləndirilən şəxs törətdiyi əmələ uyğun olmayan daha ağır maddə ilə ittiham edildiyini bildirir. Zərərçəkmiş şəxs isə, əksinə, təqsirləndirilən şəxsə onun fikrincə, qanunun tələb etdiyindən daha yüngül cəza verildiyini və ya əməlinin düzgün tövsif olunmadığını düşünür.
Bəzən də müraciətlərdə cinayəti törədən bütün şəxslərin müəyyən edilmədiyi, kimlərinsə məsuliyyətdən kənarda qaldığı bildirilir. Bu kateqoriyadan olan şikayətlər də daxil olur”, – deyə o söyləyib.
Baş prokurorun sözlərinə görə, son zamanlar dələduzluq faktları və cinayət işinin başlanması ilə bağlı müraciət edənlər də çoxdur. O bildirib ki, belə halların qiymətləndirilməsində cinayət-hüquqi və mülki-hüquqi münasibətlər bir-birindən fərqləndirilməlidir.
“Son zamanlar cinayət işinin başlanması, xüsusilə dələduzluq faktları ilə bağlı müraciət edənlərin sayı çoxdur.
Belə müraciətlərə obyektiv yanaşmağa çalışırıq. Bəzi hallarda tərəflər arasındakı münasibətlər cinayət-hüquqi deyil, mülki-hüquqi xarakter daşıya bilər. Məsələn, borc verilməsi ilə bağlı mübahisələr belə hallardandır. Münasibətlər mülki-hüquqi xarakter daşıyırsa, şəxslər mülki qaydada məhkəməyə müraciət etməlidirlər. Prokurorlara da tövsiyə və tapşırıqlar veririk ki, yalnız qanunun tələbləri çərçivəsində fəaliyyət göstərsinlər”, – deyə Kamran Əliyev bildirib.
Dövlət maraqları və vətəndaş hüquqları
Dövlət maraqları ilə vətəndaş hüquqları arasında tarazlığın necə təmin olunduğu barədə sualı cavablandıran Baş prokuror bildirib ki, onun fikrincə, dövlətin və vətəndaşların maraqları arasında ziddiyyət yoxdur.
“Mənim fikrimcə, dövlətin maraqları ilə vətəndaşların maraqları arasında ziddiyyət yoxdur. Onlar bir-birini tamamlayır. Dövlətin maraqlarını tam təmin ediriksə, bu, vətəndaşların da maraqlarının təmin olunması deməkdir. Eyni zamanda, vətəndaşların qanuni maraqlarını tam təmin etmək dövlətin prokurorluq orqanları qarşısında qoyduğu vəzifədir”, – deyə o qeyd edib.
Kamran Əliyev əlavə edib ki, müxtəlif situasiyalar yarandıqda prokurorluq qanunun tələblərini rəhbər tutmalıdır.
“Bəzən müxtəlif vəziyyətlər yaranır və belə hallarda yalnız qanunun tələblərini rəhbər tutmağa çalışırıq. Prokurorun əsas vəzifələrindən biri dövlətin və cəmiyyətin maraqlarını qorumaqdır. Konkret bir şəxsin marağı ictimai maraqlarla hər zaman uyğun gəlməyə bilər. Bizim üçün dövlətin, cəmiyyətin və onun bütün üzvlərinin maraqları əsasdır. Təbii ki, cəmiyyətin üzvləri də ayrı-ayrı şəxslərdən ibarətdir”, – deyə Baş prokuror vurğulayıb.
Qanunu və etik qaydaları pozan prokurorların məsuliyyəti
Prokurorluq əməkdaşının qanunu və ya etik davranış qaydalarını pozduğu halda məsuliyyətinin necə təmin olunduğu barədə sualı cavablandıran Baş prokuror Kamran Əliyev bildirib ki, belə əməkdaş tutduğu vəzifəyə görə daha böyük məsuliyyət daşıyır.
“Prokurorluq əməkdaşı qanunu pozarsa, hesab edirəm ki, digər qurumların əməkdaşları ilə müqayisədə ikiqat məsuliyyət daşıyır. Tutduğu vəzifə ona etik və mənəvi baxımdan bəraət qazandırmır, əksinə, məsuliyyətini artırır”, – deyə o bildirib.
Kamran Əliyevin sözlərinə görə, qanun və etik qayda pozuntularının qarşısını almaq üçün əməkdaşlar mütəmadi təlimatlandırılır, onlara tövsiyələr verilir.
“Bu sahədə kəsərli mübarizə aparırıq. İlk növbədə, əməkdaşlarımızı daim təlimatlandırır, onlara tövsiyələr veririk. Onlar qanunun tələblərinə uyğun olaraq dövlətə, cəmiyyətə və hər bir vətəndaşa xidmət etməyə çalışırlar”, – deyə Baş prokuror qeyd edib.
O bildirib ki, pozuntu ehtimalı müəyyənləşdirildikdə Baş Prokurorluğun 2020-ci ildə yaradılmış Xidməti Araşdırmalar İdarəsi tərəfindən araşdırma aparılır. Qurumda İntizam Komissiyası və Etik Davranış Komissiyası da fəaliyyət göstərir.
“Belə hallar müəyyən edildikdə 2020-ci ildə Baş Prokurorluqda yaradılmış Xidməti Araşdırmalar İdarəsi araşdırma aparır. Baş Prokurorluqda, həmçinin iki komissiya – İntizam Komissiyası və Etik Davranış Komissiyası fəaliyyət göstərir”, – deyə Kamran Əliyev bildirib.
İntizam və cinayət məsuliyyəti
Baş prokuror izah edib ki, qanun pozuntusu ilə etik davranış qaydalarının pozulması ayrı-ayrı komissiyalarda araşdırılır:
“Prokurorluq əməkdaşı qanunu pozmadan etik davranış qaydalarını poza bilər. Xidməti araşdırmanın nəticələrinə əsasən qanun pozuntusu ilə bağlı materiallar İntizam Komissiyasına, Etik Davranış Kodeksinin tələblərinin pozulması ilə bağlı materiallar isə Etik Davranış Komissiyasına göndərilir. Bu sahədə müvafiq tədbirlər görülür və pozuntuya yol verən əməkdaşlar məsuliyyətə cəlb olunurlar”.
Kamran Əliyevin sözlərinə görə, bu ilin səkkiz ayından bir qədər artıq dövründə prokurorluq əməkdaşlarına töhmət verilməsi, onların vəzifədən azad olunması və sərəncama götürülməsi halları olub. Bir nəfər prokurorluq orqanlarından xaric edilib. O, bəzi əməkdaşların cinayət məsuliyyətinə də cəlb olunduğunu bildirib.
“Bu ilin səkkiz ayından bir qədər artıq müddətində əməkdaşlara töhmət verilməsi, onların vəzifədən azad olunması və sərəncama götürülməsi halları olub. Bir nəfər isə prokurorluq orqanlarından xaric edilib. Son dövrlərdə prokurorluq əməkdaşlarını özümüzün cinayət məsuliyyətinə cəlb etdiyimiz hallar da olub.
Təəssüf ki, belə hallar baş verir. Prokurorluq orqanında işləmək cinayət məsuliyyətindən azad olunmaq üçün heç bir imtiyaz vermir. Əksinə, hesab edirəm ki, bu vəzifə daha böyük məsuliyyət tələb edir”, – deyə Baş prokuror vurğulayıb.
İstintaq barədə məlumatlandırma və məxfilik
Cinayət hadisələri barədə cəmiyyətin operativ məlumatlandırılması ilə istintaq sirrinin və təqsirsizlik prezumpsiyasının qorunması arasında tarazlığa dair sualı cavablandıran Baş prokuror Kamran Əliyev bildirib ki, bu məsələ vətəndaşların şəxsi məlumatlarının məxfiliyi ilə də bağlıdır.
“Əslində, vətəndaşların şəxsi məlumatlarının açıqlanmaması və məxfi saxlanılması məsələsinə artıq toxunduq. İstintaq sirrinin qorunması da bununla bağlıdır”, – deyə o bildirib.
Kamran Əliyev Baş Prokurorluğun Mətbuat Xidmətinin media qurumları ilə əməkdaşlığına toxunub və prokurorluqla əməkdaşlığa görə media işçilərinə təşəkkür edib.
“Çalışırıq ki, Mətbuat Xidmətimiz səmərəli fəaliyyət göstərsin və media qurumları ilə fəal əməkdaşlıq etsin. Fürsətdən istifadə edərək prokurorluqla əməkdaşlığa görə bütün media qurumlarına və media işçilərinə təşəkkürümü bildirirəm. Tam məsuliyyətlə deyirəm ki, prokurorluq bütün media qurumları ilə eyni qaydada əməkdaşlıq edir. Bu da çox vacibdir”, – deyə Baş prokuror qeyd edib.
Onun sözlərinə görə, media həm cinayətlərin qarşısının alınmasında, həm də hüquqi maarifləndirmə və qabaqlayıcı tədbirlərdə mühüm rol oynayır. Bununla yanaşı, cəmiyyətin məlumat almaq hüququ ilə istintaqın və ayrı-ayrı şəxslərin hüquqlarının qorunması birlikdə nəzərə alınmalıdır.
“Medianın cinayətlərin qarşısının alınmasında, eləcə də bayaq toxunduğumuz maarifləndirmə və qabaqlayıcı tədbirlərin həyata keçirilməsində rolu əvəzedilməzdir. İnanın mənə, əvəzedilməzdir. Eyni zamanda, qeyd etdiyim kimi, burada iki prinsip arasında tarazlıq gözlənilməlidir: bir tərəfdən, vətəndaşların və cəmiyyətin məlumat almaq hüququ, digər tərəfdən isə istintaq sirrinin, təqsirsizlik prezumpsiyasının və ayrı-ayrı şəxslərin hüquqlarının qorunması”, – deyə Kamran Əliyev bildirib.
Baş prokuror bildirib ki, məlumat verilərkən onun doğruluğuna əmin olmaq, təqsirsizlik prezumpsiyasını və istintaq sirrini pozmamaq vacibdir.
“Biz, təbii ki, qanunun tələblərinə uyğun olaraq bu tarazlığı tam gözləməyə çalışırıq. Bəzən media nümayəndələri hansısa məlumatı başqa mənbədən əldə edib bizə müraciət edirlər. Bizi düzgün başa düşün: həmin məlumatı yalnız onun doğruluğuna tam əmin olduqda, təqsirsizlik prezumpsiyasının və istintaq sirrinin pozulmayacağına əminlik yarandıqda açıqlaya bilərik”, – deyə o söyləyib.
Kamran Əliyevin sözlərinə görə, xüsusilə intensiv istintaq-əməliyyat tədbirləri aparılan işlər barədə məlumatın açıqlanması mümkün olmaya bilər. Şəxsi məlumatların ictimailəşdirilməsinin nəticələri də nəzərə alınır.
“Çünki elə işlər var ki, bayaq qeyd etdiyim kimi, əvvəlki illərdən bağlı qalmış bir neçə cinayət işinin açılması istiqamətində çox intensiv istintaq-əməliyyat tədbirləri aparılır. Təbii ki, bu işlərlə bağlı məlumat verə bilmərik. Yaxud hər hansı vətəndaşın şəxsi məlumatlarının mətbuata sızmasının, ictimailəşdirilməsinin hansı nəticələrə səbəb ola biləcəyini də nəzərə almalıyıq. Bütün bunlara baxırıq.
Bu, həssas və çox məsuliyyətli məsələdir. Hər bir halda məlumatın açıqlanması barədə qərarı işin hallarına uyğun olaraq veririk”, – deyə Baş prokuror əlavə edib.
Müasir prokurorun peşəkar və mənəvi keyfiyyətləri
Müasir prokurorun və hüquqşünasın hansı keyfiyyətlərə malik olmalı olduğu barədə sualı cavablandıran Baş prokuror Kamran Əliyev bildirib ki, hüquqi bilik və təcrübə ilə yanaşı, vicdanlı və ədalətli olmaq da əsas şərtdir.
“Çətin və maraqlı sualdır. Çalışacağam qısa və lakonik cavab verim. Savadlı hüquqşünas olmaq, qanunları yaxşı bilmək və təcrübəyə malik olmaq çox vacibdir. Amma ilk növbədə mənəviyyatlı, vicdanlı, ədalətli və dürüst olmaq lazımdır. Prokurorluq orqanlarında işləyən şəxslər düzgün insanlar olmalıdırlar. Ən mühüm cəhət budur”, – deyə o bildirib.
Kamran Əliyevin sözlərinə görə, prokurorluq əməkdaşının bilikləri yalnız hüquq sahəsi ilə məhdudlaşmamalıdır. O, geniş dünyagörüşünü, siyasi ayıqlığı, vətənpərvərliyi və dövlətçiliyə bağlılığı da vacib keyfiyyətlər sırasında göstərib.
“Təbii ki, müasir və savadlı prokuror yalnız hüquqi biliklərə deyil, ümumiyyətlə, geniş biliyə malik olmalıdır. Siyasi cəhətdən ayıq olmalıdır. Mənəviyyat geniş anlayışdır və onun ən mühüm tərkib hissələrindən biri vətənpərvərlikdir. Prokurorluq əməkdaşı öz dövlətini və dövlətçiliyini, xalqını, tarixini, mədəniyyətini və dilini sevməlidir. Bunlar çox vacib məsələlərdir”, – deyə Baş prokuror qeyd edib.
O, hüquqi biliklərlə mənəvi keyfiyyətlərin bir-birini tamamlamalı olduğunu bildirib:
“Təsəvvür edək ki, prokurorluq əməkdaşı savadlıdır, biliklidir və bayaq qeyd etdiyim mənəvi keyfiyyətlərə də malikdir. Bunu fəlsəfi kateqoriyalar olan forma və məzmunla müqayisə etmək istərdim. Onun mənəvi keyfiyyətləri, dövlətçilik anlayışı, vətənpərvərliyi və xalqına münasibəti məzmunu təşkil edir”.
Gənc əməkdaşlar üçün təcrübənin əhəmiyyəti
Kamran Əliyev bildirib ki, gənc əməkdaşlar lazımi bilik və mənəvi keyfiyyətlərə malik olsalar belə, prokurorluq fəaliyyətində təcrübə toplamaq üçün zamana ehtiyac duyurlar.
“Eyni zamanda, hesab edirəm ki, prokurorluq və ümumilikdə hüquq-mühafizə orqanlarında təcrübə də mühüm məsələdir. Gənc əməkdaşlar işə gəlirlər. Onlar vətənpərvər, məsuliyyətli, vicdanlı və ədalətli olmaqla yanaşı, dərin hüquqi biliklərə də malikdirlər. Amma təcrübə toplamaları üçün bir qədər vaxt lazımdır”, – deyə o bildirib.
Baş prokurorun sözlərinə görə, prokurorluq fəaliyyəti qanunun tətbiqi ilə yanaşı, insanlarla işləməyi də tələb edir. Buna görə əməkdaşların psixologiya və işin digər tərəfləri barədə də bilikləri olmalıdır.
“Çünki bizim fəaliyyətimiz hüququn tətbiqi və insanlarla işlə bağlıdır. Burada həm psixoloji, həm də digər amillər var. Əməkdaşlarımız bunları da yaxşı bilməlidirlər. Hesab edirəm ki, bəzi bacarıqlar zaman keçdikcə, iş prosesində qazanılan təcrübə əsasında formalaşır”, – deyə Kamran Əliyev əlavə edib.
Prokurorluğa qəbul və gənc əməkdaşların hazırlanması
Prokurorluğun kadr siyasətində nələrə üstünlük verildiyi barədə sualı cavablandıran Baş prokuror Kamran Əliyev bildirib ki, gənc əməkdaşların yetişdirilməsində təcrübəli işçilərin və rəhbərlərin məsuliyyəti böyükdür.
“Gənc prokurorluq əməkdaşlarının yetişdirilməsində və təcrübələrinin formalaşmasında daha təcrübəli əməkdaşların, xüsusilə rəhbər işçilərin məsuliyyəti çox böyükdür. Qanun və etik qaydalar da onlardan bunu tələb edir. Onların borcudur ki, gənc əməkdaşlara düzgün işləməyi öyrətsinlər, işlərini düzgün üsullarla aparmalarına kömək etsinlər və fəaliyyətlərini doğru istiqamətə yönəltsinlər. Bu, çox vacibdir”, – deyə o bildirib.
Kamran Əliyevin sözlərinə görə, prokurorluq orqanlarına qəbul qanunla müəyyən edilmiş test üsulu ilə aparılır. Sənədlər apreldən oktyabrın 1-dək elektron qaydada qəbul edilir. Ardınca test, yazılı imtahan və müsahibə mərhələləri keçirilir.
“Ümumiyyətlə, kadrlarla işin qurulmasına da toxunmaq istərdim. Prokurorluq orqanlarına qəbul qanunla müəyyən edilmiş test üsulu ilə həyata keçirilir və biz hər il bununla bağlı elan veririk. Aprel ayından oktyabrın 1-dək sənədlər elektron qaydada qəbul edilir. Oktyabrın 1-dən yanvarın 1-dək isə test, daha sonra yazılı imtahan və müsahibə mərhələləri keçirilir. Namizədləri bu mərhələlərdən sonra seçirik”, – deyə Baş prokuror qeyd edib.
O bildirib ki, prokurorluqda işləmək istəyən gənc hüquqşünasların sayı çoxdur. Bu il üçün elan edilmiş 30 vakansiyaya sənəd qəbulu müsahibə zamanı davam edirdi.
“Prokurorluqda işləmək istəyən gənc hüquqşünaslarımız çoxdur və bu, bizi sevindirir, ruhlandırır. Bu il üçün 30 vakansiya elan etmişik. Həmin vakansiyalar üzrə sənəd qəbulu hələ davam edir. Artıq kifayət qədər çox gənc hüquqşünas müraciət edib”, – deyə Kamran Əliyev bildirib.
Əməkdaşların 93,2 faizi test üsulu ilə qəbul olunub
Baş prokurorun sözlərinə görə, hazırda prokurorluq əməkdaşlarının 93,2 faizi 2002-ci ildən sonra test üsulu ilə işə qəbul edilənlərdir. O, seçim zamanı hüquqşünasların yalnız qanunları bilməsinə deyil, onların mahiyyətini dərk etməsinə və tətbiqinə yaradıcı yanaşmasına diqqət yetirildiyini söyləyib.
“Hazırda prokurorluq əməkdaşlarının 93,2 faizi 2002-ci ildən sonra test üsulu ilə işə qəbul olunanlardır. Həmin vaxta qədər bu üsul tətbiq edilmirdi. İndi əməkdaşların təxminən 93 faizinin test üsulu ilə qəbul olunması kifayət qədər yüksək göstəricidir.
Çalışırıq ki, prokurorluğa ən səriştəli, savadlı və bilikli hüquqşünasları seçək. Bizim üçün qanunu yalnız texniki baxımdan bilmək deyil, onun fəlsəfəsini və mahiyyətini dərk etmək, tətbiqinə yaradıcı yanaşmağı bacarmaq da vacibdir”, – deyə o vurğulayıb.
Kamran Əliyev prokurorluğun mövcud kadr potensialına əsaslanaraq gələcəkdə qurumun peşəkarlığının və fəaliyyət səmərəsinin daha da artacağını düşündüyünü bildirib.
“Hesab edirəm ki, kadr siyasətimiz kifayət qədər yaxşı və uğurludur. Prokurorluğun bugünkü potensialı və əməkdaşlarının peşəkarlığı mənə deməyə əsas verir ki, bir müddət sonra qurumun peşəkarlığı və fəaliyyətinin səmərəsi daha da artacaq”, – deyə Baş prokuror qeyd edib.
Prokurorluqda qadın əməkdaşların sayı artır
Gender bərabərliyi məsələsinə də toxunan Kamran Əliyev bildirib ki, hüquq təhsilinə və prokurorluqda işləməyə maraq göstərən qadınların sayı artır. Onun sözlərinə görə, son dövrlərdə daha çox qadın prokurorluq orqanlarına işə qəbul olunur və müstəqil vəzifələrə təyin edilir.
“Fürsətdən istifadə edib gender bərabərliyi məsələsinə də toxunmaq istərdim. Universitetlərin hüquq fakültələrində təhsil alanlara diqqətlə baxıram. Azərbaycandakı universitetlərin hüquq fakültələri ilə sıx əlaqələrimiz var. Görürəm ki, xanımlar hüquq elminə böyük maraq göstərirlər. Prokurorluqda işləmək istəyən xanımların da sayı gündən-günə artır. Son dövrlərdə daha çox xanımı prokurorluğa işə qəbul edir və müstəqil vəzifələrə təyin edirik”, – deyə o bildirib.
Baş prokuror qeyd edib ki, dörd qadın əməkdaş rayon prokuroru vəzifəsində çalışır. Baş Prokurorluqda qadın idarə rəisi var, idarə rəisi müavinləri arasında da qadınların sayı artıb.
“Bizdə dörd xanım əməkdaş rayon prokuroru kimi məsul vəzifədə çalışır. Baş Prokurorluqda da qadın idarə rəisi var, idarə rəisi müavinləri arasında xanımların sayı artıb. Bu say getdikcə çoxalır və hesab edirəm ki, bu da müasir prokurorluğun düzgün istiqamətdə fəaliyyət göstərməsi üçün mühüm amillərdən biridir”, – deyə Kamran Əliyev əlavə edib.
Azərbaycan Prokurorluğunun gələcəyi
Kibercinayətkarlıq, süni intellekt və transmilli cinayət şəbəkələri fonunda prokurorluğun gələcəyini necə təsəvvür etdiyinə dair sualı cavablandıran Baş prokuror Kamran Əliyev qurumu dövlətə sadiq, peşəkar və geniş dünyagörüşlü hüquqşünaslardan ibarət çevik struktur kimi gördüyünü bildirib.
“Azərbaycan Prokurorluğunun gələcəyini dövlətinə və dövlətçiliyinə sadiq, peşəkar, geniş dünyagörüşünə malik hüquqşünaslardan ibarət bir qurum kimi görürəm. Onların əsas məqsədi cəmiyyətə və dövlətə xidmət etmək, ölkədə təhlükəsizliyin təmin olunmasına, dövlət maraqlarının və vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, eləcə də iqtisadi inkişafa öz fəaliyyətləri ilə töhfə vermək olmalıdır. Prokurorluğu bu istiqamətlərdə çevik fəaliyyət göstərən bir qurum kimi görürəm”, – deyə Baş prokuror bildirib.

Baş prokurorun vətəndaşlara mesajı
Peşə bayramı ərəfəsində prokurorluq əməkdaşlarına və hüquqi müdafiəyə ehtiyacı olan vətəndaşlara mesajını çatdıran Kamran Əliyev prokurorluğun vətəndaşların xidmətində olduğunu vurğulayıb.
“İstərdim ki, bütün vətəndaşlar prokurorluğun onların xidmətində olduğunu bilsinlər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz - dövlət qulluqçuları dövlətə və xalqa xidmət edirik.
Prokurorluq orqanları dövlətə, cəmiyyətə və hər bir vətəndaşa xidmət edən qurumdur. Tam əmin olun ki, prokurorluq qanunla üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə Baş prokuror bildirib.
