Bakı. Trend:
Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə həyata keçirilən pul köçürmələrinin həcmi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistik bülletenə əsasən, bu ilin avqust ayında Azərbaycanda bank sistemindən kənar sürətli pul köçürmə sistemləri vasitəsilə həyata keçirilən köçürmələrin həcmi 38,1 milyon manat (51,5 min əməliyyat) təşkil edib.
Trend-in AMB-nin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin avqust ayı ilə müqayisədə əməliyyatların sayı 13,6 min və ya 20,9 faiz, köçürmələrin həcmi isə 100 min manatdan çox və ya 0,3 faiz azalıb.
Hesabat dövründə bir köçürmənin orta məbləği 739 manat təşkil edib ki, bu da 2025-ci ilin avqust ayındakı göstəricidən 152,5 manat və ya 26 faiz çoxdur.
Eyni zamanda, AMB-nin məlumatına görə, bu ilin avqust ayında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycandakı banklara 133,1 milyon manat (221,2 min əməliyyat) daxil olub.
Trend-in AMB-nin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin avqust ayı ilə müqayisədə əməliyyatların sayı 50,1 min və ya 18,5 faiz, daxil olan vəsaitlərin həcmi isə 30,5 milyon manat və ya 18,6 faiz azalıb.
Bu ilin avqust ayında bir köçürmənin orta məbləği 601,5 manat təşkil edib ki, bu da 2025-ci ilin avqust ayındakı göstəricidən 1,7 manat və ya 0,3 faiz çoxdur.
Qeyd edək ki, avqustun sonuna Azərbaycanda bankların və “Azərpoçt” MMC-nin dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 974 minə çatıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu göstərici iyulun sonu ilə müqayisədə 189 min ədəd və ya təxminən 0,8 faiz artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dövriyyədə olan ödəniş kartlarının sayı 8,7 faiz artıb.
Kartların strukturunda da dəyişiklik baş verib: debet kartlarının sayı illik ifadədə 10,2 faiz artıb, kredit kartlarının sayı isə 4,3 faiz azalıb.
Nağdsız ödənişlərin artımı davam edib. 2026-cı ilin avqust ayında ödəniş kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız əməliyyatların həcmi 8 milyard 888 milyon manat təşkil edib. Bu məbləğin 7 milyard 682 milyon manatı elektron ticarətin, 1 milyard 204 milyon manatı POS-terminalların, 2 milyon manatı isə özünəxidmət terminalları və bankomatların payına düşüb.
