Azərbaycanda AI, enerji və "yaşıl" investisiyalar əməkdaşlıq üçün geniş imkanlar yaradır - Nazir

İqtisadiyyat Xəbər 1 Oktyabr 2026 10:10 (UTC +04:00)
Azərbaycanda AI, enerji və "yaşıl" investisiyalar əməkdaşlıq üçün geniş imkanlar yaradır - Nazir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov rəqəmsal transformasiya, enerji və "yaşıl" investisiyaları regionda əməkdaşlıq üçün ən geniş imkanlar təqdim edən üç əsas istiqamət kimi qeyd edib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov cümə axşamı Bakıda keçirilən CAMCA Regional Forumunda deyib.

Nazir bildirib ki, region ölkələri iqtisadiyyatlarının bir-birini tamamlayan üstünlüklərə malik olduğu sahələrdə birgə istehsalı artırmalı və regional dəyər zəncirləri formalaşdırmalıdır.

"Biz getdikcə daha çox birgə istehsal etməli, iqtisadiyyatlarımızın bir-birini tamamlayan üstünlüklərə malik olduğu sahələrdə regional dəyər zəncirləri qurmalıyıq. Artıq iri şirkətlərimiz və maliyyə institutlarımız bir-birinin bazarlarında fəaliyyət göstərir və təmsil olunur", - deyə Mikayıl Cabbarov bildirib.

O vurğulayıb ki, tərəfdaşlığa etimad yalnız imzalanan sənədlərlə deyil, əldə olunan nəticələrlə ölçülür.

"Biz hesab edirik ki, etimad imzalarla deyil, nəticələrin əldə olunması ilə ölçülür. Ötən həftə məhz bu şəhərdə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirildi. Forum çərçivəsində süni intellekt, bərpa olunan enerji, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su idarəçiliyi sahələrində ümumi dəyəri 10,8 milyard dollar olan 23 müqavilə və saziş imzalandı", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, forumda Mərkəzi Asiya ölkələri və şirkətləri, eləcə də ABŞ şirkət və korporasiyaları fəal iştirak edib.

"Forum ümumi aktivlərinin dəyəri 30 trilyon dollar olan investorları bir araya gətirdi. Onların arasında BlackRock, Global Infrastructure Partners və Brookfield Asset Management kimi şirkətlər də var idi. Bu, beynəlxalq investorların Azərbaycana artan etimadının aydın göstəricisidir", - deyə Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, Azərbaycan imzalanan öhdəlikləri real istehsala və iqtisadi fəaliyyətə çevirməyə çalışır.

"Biz öhdəlikləri istehsala çevirməyə çalışırıq. İnvestorları vahid əlaqələndirici mexanizm vasitəsilə dəstəkləyirik. Strateji layihələrin həyata keçirilməsi üçün müvafiq hökumətlərarası komissiya yaradılıb və ona Baş nazirin müavini rəhbərlik edir", - deyə o vurğulayıb.

Mikayıl Cabbarov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda dövlət-özəl tərəfdaşlığı xüsusi diqqət mərkəzindədir.

"Burada infrastruktur qurulur və növbəti mərhələ iqtisadi fəaliyyətin təmin edilməsidir", - deyə nazir qeyd edib.

O, regional əməkdaşlıq üçün ən geniş imkanların rəqəmsal transformasiya, enerji və "yaşıl" investisiyalar sahəsində olduğunu bildirib.

"Bizim fikrimizcə, əməkdaşlıq üçün ən geniş imkanlar üç istiqamətdədir: rəqəmsal transformasiya, enerji və "yaşıl" investisiyalar", - deyə Mikayıl Cabbarov bildirib.

Nazir Azərbaycanın 2025–2028-ci illər üzrə Milli Süni İntellekt Strategiyasını təsdiqlədiyini qeyd edib.

"Azərbaycan 2025–2028-ci illər üçün Milli Süni İntellekt Strategiyasını təsdiqləyib. Strategiya məlumat infrastrukturu, bacarıqlar, biznesdə tətbiq və etika məsələlərinə diqqət yetirir. Rəqabətqabiliyyətli enerji və yüksək tutumlu bağlantı məlumat mərkəzləri və süni intellekt infrastrukturu üçün təbii əsas yaradır", - deyə o bildirib.

Mikayıl Cabbarov enerji sahəsində də yeni imkanların formalaşdığını vurğulayıb.

"Azərbaycanda və regionda külək və günəş elektrik stansiyaları artıq fəaliyyət göstərir, beynəlxalq tərəfdaşlarla birlikdə daha çox layihə isə tikilir", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, COP29-un 2024-cü ildə Bakıda keçirilməsi yaşıl investisiyalar baxımından praktik irs formalaşdırıb.

"COP29-un 2024-cü ildə Bakıda keçirilməsi çox praktik bir irs qoyub. Xəzər və Qara dəniz üzərindən yaşıl dəhlizlər enerji istehsalı, ötürülməsi, enerji saxlanc sistemləri və enerji tutumlu sənaye sahələrinə investisiya yatırmaq istəyən investorlar üçün imkanlar açır", - deyə Mikayıl Cabbarov bildirib.

Nazir Azərbaycanın regiondakı rolunun konkret öhdəliklərin yerinə yetirilməsi və əməkdaşlıq üçün imkanların yaradılması prinsipinə əsaslandığını deyib.

"Azərbaycanın bu regiondakı rolu sadə prinsipə əsaslanır: üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirir və əməkdaşlıq üçün qapıları açırıq. Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizi bir çoxlarının reallaşdırılmasını qeyri-real hesab etdiyi dövrdə həyata keçirildi", - deyə o bildirib.

Mikayıl Cabbarov Orta Dəhliz üzrə infrastruktur layihələrini Azərbaycanın gələcək inkişafına sadiqliyinin göstəricisi kimi qiymətləndirib.

"Orta Dəhliz üzrə infrastruktur investisiyaları gələcək inkişafa sadiqliyin ən yaxşı nümunəsidir. Regiondakı tərəfdaşlarımızla "yaşıl" enerji dəhlizlərinin və Qara dəniz kabelinin inkişaf etdirilməsi də bunun başqa bir göstəricisidir", - deyə nazir qeyd edib.

O bildirib ki, sülh regional iqtisadi inkişaf üçün mühüm aktivə çevrilir.

"Biz sülhü çox aydın iqtisadi aktiv kimi görürük. Bizim fikrimizcə, bu proses nəticəsində bütövlükdə regionun və regiondakı hər bir ölkənin kapitallaşması əhəmiyyətli dərəcədə artıb. Sülh prosesi regional bağlantını bütün Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna fayda verə biləcək imkanlara çevirir. Çünki daha əlaqəli region daha sabit regiondur", - deyə Mikayıl Cabbarov vurğulayıb.

Nazir çıxışının sonunda insan kapitalının regionun ən mühüm üstünlüyü olduğunu bildirib.

"İnanırıq ki, ən böyük aktiv insan kapitalıdır. İnfrastruktur və enerji öz-özlüyündə rifah yarada bilməz, bunu insanlar yaradır. Təsvir etdiyim hər bir sektorda məhdudlaşdırıcı amil kapital və ya mineral resursların çatışmazlığı deyil, bacarıqlardır", - deyə o bildirib.

Mikayıl Cabbarov Azərbaycanın təhsili iqtisadiyyat və əmək bazarı ilə əlaqələndirməyə çalışdığını qeyd edib.

"Bizim yanaşmamız təhsili iqtisadiyyat və əlbəttə ki, əmək bazarı ilə əlaqələndirməkdən ibarətdir. Süni intellekt strategiyamız təlim proqramlarını və AI Akademiyasını əhatə edir. 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Fəaliyyət Planı informasiya-kommunikasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik üzrə təhsili bazarın ehtiyacları ilə uyğunlaşdırır", - deyə nazir bildirib.

O, beynəlxalq tərəfdaşları yalnız kapital yatırmağa deyil, həm də yerli mühəndis və mütəxəssislərin hazırlanmasına töhfə verməyə çağırıb.

"Biz tərəfdaşlarımızdan yalnız kapital gətirmələrini deyil, həm də yerli mühəndis və mütəxəssislərin hazırlanmasına töhfə vermələrini xahiş edirik. Universitetlərimiz, peşə təhsili mərkəzlərimiz və bizneslərimiz arasında daha çox mübadiləni təşviq edirik. Çünki istedadı birlikdə hazırlayan və onun hərəkətinə şərait yaradan region birlikdə böyüyür", - deyə Mikayıl Cabbarov əlavə edib.

Xəbər lenti

Xəbər lenti