Azərbaycanın Şərqlə Qərbi əlaqələndirən rolundan istifadə etməklə CAMCA-nın əhatə dairəsini genişləndiririk - Tamar Kekenadze

İqtisadiyyat Xəbər 1 Oktyabr 2026 10:45 (UTC +04:00)
Azərbaycanın Şərqlə Qərbi əlaqələndirən rolundan istifadə etməklə CAMCA-nın əhatə dairəsini genişləndiririk - Tamar Kekenadze
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Şərqlə Qərbi əlaqələndirən rolundan istifadə etməklə CAMCA-nın əməkdaşlıq və əlaqələr coğrafiyasını genişləndiririk.

Bunu CAMCA-nın idarəedici direktoru Tamar Kekenadze Bakıda keçirilən CAMCA Regional Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, CAMCA Regional Forumunun Azərbaycanda keçirilməsi müxtəlif ölkələrdən və sahələrdən olan nümayəndələrin yeni əlaqələr qurmasına və birgə layihələr üzərində işləməsinə imkan yaradır.

"Forumun Azərbaycanda keçirilməsindən çox məmnunuq. Bu, forumun Azərbaycanda ikinci dəfə keçirilməsidir. Sonuncu dəfə 2018-ci ildə burada olmuşduq və o vaxtdan Azərbaycanda çox mühüm inkişafın şahidi olmuşuq. İndi bu forum 20-dən çox ölkədən müxtəlif sektorları təmsil edən insanların – hökumət, biznes, gənclər, mədəniyyət və təhsil nümayəndələrinin – azərbaycanlı həmkarları ilə yenidən əlaqə qurması, yeni insanlarla tanış olması və yeni layihələr üzərində işləməsi üçün imkan yaradır", - deyə Tamar Kekenadze bildirib.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazı Mərkəzi Asiya və daha geniş regionla əlaqələndirməkdə getdikcə daha böyük rol oynayır.

"Biz Azərbaycanın regionda getdikcə daha aparıcı rol oynadığını, Cənubi Qafqazı Mərkəzi Asiya və daha geniş regionla əlaqələndirdiyini görürük. Belə mühüm bir vaxtda burada olmaq imkanından məmnunuq", - deyə o qeyd edib.
Tamar Kekenadze forum çərçivəsində bir sıra anlaşma memorandumlarının imzalanmasının nəzərdə tutulduğunu bildirib.

"Artıq təhsil konsorsiumumuzun Özbəkistan universitetləri ilə anlaşma memorandumunu imzalamışıq. Eyni zamanda, forum çərçivəsində Asiya-Sakit Okean regionundan olan gənc sahibkarlarla daha bir memorandum imzalayacağıq", - deyə CAMCA-nın idarəedici direktoru bildirib.

O vurğulayıb ki, Azərbaycan CAMCA-nın müxtəlif regionlarla əlaqələrinin genişləndirilməsi üçün mühüm platformadır.

"Azərbaycanın Şərqlə Qərbi əlaqələndirən lider rolundan istifadə etməklə CAMCA-nın əhatə dairəsini genişləndiririk. Azərbaycanın malik olduğu unikal rol bizə Mərkəzi Asiya, Uzaq Şərq, ərəb ölkələri və Körfəz dövlətləri ilə əlaqələr qurmağa imkan verir", - deyə Tamar Kekenadze vurğulayıb.

CAMCA-nın idarəedici direktoru forumun yalnız bir sektora fokuslanmadığını, müxtəlif sahələrdən olan nümayəndələri bir araya gətirdiyini bildirib.

"Forumumuzun unikallığı müxtəlif sektorları təmsil edən insanları – təhsildən biznesə qədər – bir araya gətirməyimizdir. Biz yalnız bir sektora fokuslanmırıq. Çünki bütün sahələrdə fəaliyyət göstərən insanlar investisiya əldə etmək, beynəlxalq səviyyədə tanınmaq və Azərbaycandan kənarda həmkarları ilə əməkdaşlıq etmək imkanına malik olmalıdırlar", - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti