Bakı. Trend:
Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv ölkələr üçün şəxsi məlumatların qorunması üzrə ixtisaslaşmış təlim proqramları, eləcə də dayanıqlı nəqliyyat infrastrukturu və ekoloji mobillik üzrə təşəbbüslər hazırlayır.
Trend-in forumda iştirak edən müxbirinin xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov cümə axşamı AQEM-in “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr olunan Media Forumunda “Azərbaycanın sədrliyi: təşəbbüslər, əməkdaşlıq və nəticələr” panelində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın AQEM-ə sədrliyi dövründə iqtisadi inkişaf, rəqəmsal sistemlər, nəqliyyat şəbəkələri və ekoloji dayanıqlılıq istiqamətlərində sektorlararası əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.
Saməddin Əsədov qeyd edib ki, bağlantılılıq və rəqəmsallaşma Azərbaycanın AQEM sədrliyi çərçivəsində əsas istiqamətlərdəndir.
Onun sözlərinə görə, Azərbaycan təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafı üzrə AQEM-in etimad quruculuğu tədbirinin aparıcı koordinatoru kimi dayanıqlı, müasir və yaşıl dəhlizlərin Asiyada iqtisadi inteqrasiyanın və xalqlar arasında əlaqələrin dərinləşdirilməsi üçün vacib olduğunu nəzərə alır.
Nazir müavini bildirib ki, 2025-ci il ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi AQEM-ə üzv dövlətləri dörd əsas istiqamət üzrə bir araya gətirib.
O qeyd edib ki, bunlar məlumatların mühafizəsi çərçivəsinin inkişaf etdirilməsi, kibertəhlükəsizlik sahəsində əməliyyat təcrübəsinin mübadiləsi, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üzrə bilik mübadiləsinin genişləndirilməsi, eləcə də rəqəmsal transformasiya və innovasiyaların sürətləndirilməsidir.
Saməddin Əsədovun sözlərinə görə, bu istiqamətlər üzrə AQEM-ə üzv dövlətlərdə məlumatların qorunmasının gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması və rəqəmsal transformasiya və innovasiyalara həsr olunan forum, seminar və konfranslar keçirilib.
O bildirib ki, həmin platformalarda dövlət qurumları, tənzimləyici orqanlar, logistika operatorları və texnologiya sahəsinin nümayəndələri iştirak edib, birbaşa dialoq və praktiki tərəfdaşlıqlar üçün imkanlar yaradılıb.
Nazir müavini bu istiqamətdə işlərin 2026-cı ildə də davam etdirildiyini vurğulayıb.
Saməddin Əsədov bildirib ki, ilin qalan hissəsində də bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur.
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi şəxsi məlumatların qorunması üzrə ixtisaslaşmış təlim proqramları ilə yanaşı, dayanıqlı nəqliyyat infrastrukturu və ekoloji mobilliyə həsr olunmuş təşəbbüslər hazırlayır”, – deyə o qeyd edib.
Nazir müavini vurğulayıb ki, keçirilən tədbirlər ayrı-ayrı toplantılar kimi nəzərdə tutulmur. Onun sözlərinə görə, bunlar milli potensialın inkişaf etdirilməsi üçün uzunmüddətli institusional mexanizmin yaradılmasına aparan mərhələlərdir.
