İnformasiya axını fikir ayrılıqlarını aradan qaldıra, yaxud anlaşılmazlıqları dərinləşdirə bilər - Kayrat Sarıbay

Siyasət Xəbər 1 Oktyabr 2026 10:36 (UTC +04:00)
İnformasiya axını fikir ayrılıqlarını aradan qaldıra, yaxud anlaşılmazlıqları dərinləşdirə bilər - Kayrat Sarıbay
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal transformasiya şəraitində sürətli informasiya axını cəmiyyətlər arasında fikir ayrılıqlarını aradan qaldıra, yaxud anlaşılmazlıqları daha da dərinləşdirə bilər.

Trend-in forumda iştirak edən müxbirinin xəbərinə görə, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay AQEM-in “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr olunan Media Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, informasiya sahəsində baş verən dəyişikliklər beynəlxalq münasibətlərə birbaşa təsir göstərir.

“Geosiyasi gərginliklər, iqtisadi qeyri-müəyyənlik və iqlim təzyiqlərinin getdikcə daha çox formalaşdırdığı dünyada rəqəmsal transformasiya cəmiyyətlərin informasiyaya çıxış və onu şərh etmə üsullarını sürətlə dəyişir”, – AQEM-in Baş katibi qeyd edib.

Kayrat Sarıbayın sözlərinə görə, belə bir şəraitdə konstruktiv və faktlara əsaslanan dialoqun təşviqi qlobal prioritetə çevrilir.

O vurğulayıb ki, davamlı dünya etimad və əməkdaşlıq təməli üzərində qurula bilər.

“Qlobal məqsədlər regional fəaliyyət tələb edir. Regional səylər daha geniş BMT sistemini gücləndirən praktiki və uyğunlaşdırılmış həllər təqdim etdikdə öz əsl dəyərini göstərir. Regional həllərin həyata keçirilməsi məhz AQEM-in gördüyü işdir”, – deyə o bildirib.

AQEM Baş katibi qeyd edib ki, 28 üzv dövləti birləşdirən təşkilat Asiya üzrə dialoq üçün inklüziv platforma rolunu oynayır. Onun sözlərinə görə, suveren bərabərlik və konsensus prinsipləri müxtəlif milli təcrübələrə malik ölkələrə ümumi mövqelər tapmağa imkan verir.

“Ümumi mövqeyə gəlmək və tərəfdaşlıqlar qurmaq etimaddan başlayır. Etimad dialoqu praktiki əməkdaşlığa çevirir. Etimad ardıcıl qarşılıqlı əlaqə və birlikdə fəaliyyət təcrübəsi vasitəsilə formalaşır”, – Kayrat Sarıbay deyib.

O bildirib ki, AQEM etimadın möhkəmləndirilməsini hərbi-siyasi, yeni çağırışlar və təhdidlər, iqtisadi, ekoloji və humanitar ölçülər üzrə konkret etimad quruculuğu tədbirləri vasitəsilə həyata keçirir.

Baş katib Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilat çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm nəticələrin əldə edildiyini qeyd edib.

Onun sözlərinə görə, AQEM dialoq platformasından Asiyada praktiki əməkdaşlıq üçün institusional mexanizmə çevrilib, yüzlərlə təşəbbüs həyata keçirilib və region üzrə geniş peşəkar əlaqələr şəbəkəsi formalaşıb.

Kayrat Sarıbay müxtəlif istiqamətlər üzrə əməkdaşlığın bir-birini tamamladığını da vurğulayıb. O qeyd edib ki, təhsil iqtisadi iştirakçılığı artırır, rəqəmsal bağlantılar biliklərə çıxışı genişləndirir, ekoloji əməkdaşlıq isə insanların sağlamlığının və sosial rifahının qorunmasına töhfə verir.

O, Azərbaycanın sədrliyi təşəbbüsü ilə yaradılmış AQEM Qadınlar Şurasının qadınların ictimai həyatda iştirakı, peşəkar inkişafı və sahibkarlıq imkanlarının genişləndirilməsinə töhfə verdiyini bildirib.

Baş katib gənclərin də regional əməkdaşlıqda mühüm rol oynadığını deyib. O, Bakıda ADA Universitetinin təşəbbüsü ilə keçirilmiş rəqəmsallaşma və tədqiqat potensialının artırılmasına həsr olunan tədbiri bu baxımdan nümunə kimi göstərib.

Kayrat Sarıbay AQEM-in Biznes Şurası, Maliyyə Sammiti, AQEM Fondu, Beyin Mərkəzləri Forumu və Görkəmli Şəxslər Şurası kimi məsləhətçi platformalarının da müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.

O, media ilə AQEM-in müxtəlif qurumları arasında əlaqələrin genişləndirilməsinin təşkilatın fəaliyyətinin daha geniş auditoriyalara çatdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

“Media nümayəndələri ilə AQEM qurumlarının bir araya gəlməsi təcrübəni region üçün əhəmiyyətli olan aydın xəbər materiallarına çevirmək üçün unikal imkan yaradır”, – deyə Baş katib bildirib.

Kayrat Sarıbay mədəni anlaşmanın və xalqlar arasında birbaşa əlaqələrin də davamlı etimadın formalaşmasında mühüm rol oynadığını söyləyib.

O, AQEM-ə üzv ölkələrin nağıl və folklor nümunələrini bir araya gətirən “Asiya nağılları” toplusunu buna nümunə göstərib. Bildirib ki, 2025-ci ildə ərəb və qazax dillərində nəşr olunan toplunun bu il Azərbaycan və Çin dillərində nəşrləri təqdim edilir.

Baş katib qeyd edib ki, hər yeni nəşr, o cümlədən uşaqlar və gənclər üçün qonşu cəmiyyətlərin ənənə və dəyərləri ilə tanış olmaq imkanı yaradır.

“Bu, mədəni anlaşmaya praktiki töhfədir”, – deyə o əlavə edib.

Kayrat Sarıbay AQEM üzv dövlətləri arasında əməkdaşlığın dərinləşməsinin media peşəkarları arasında əlaqələrin genişləndirilməsi ilə müşayiət olunmalı olduğunu bildirib.

Onun sözlərinə görə, Media Forumunun gündəliyində süni intellekt dövründə medianın məsuliyyəti, jurnalistikanın sosial həmrəylik və mədəni anlaşmadakı rolu kimi mühüm məsələlər yer alır.

Xəbər lenti

Xəbər lenti