Bakı. Trend:
Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır.
Bu fikir Prezident İlham Əliyevin Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciətində yer alıb.
Müraciətdə, həmçinin qeyd edilib: “Son iki il ərzində bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir”.
Qeyd edək ki, Media və Yayım Şurasının təşkilatçılığı ilə Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir.
Forum müxtəlif yanaşmaların bölüşülməsi, təcrübə mübadiləsinin aparılması və regionda qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma kimi nəzərdə tutulub.
Tədbirin diqqət mərkəzində müasir medianın dəqiq, etibarlı və qərəzsiz məlumat təqdim etmək məsuliyyəti dayanır. Süni intellektin və sosial media platformalarının informasiya məkanına təsirinin sürətlə artdığı bir şəraitdə medianın etimadın formalaşdırılmasında rolu, həmçinin informasiya mühitində qarşıya çıxan çağırışların müzakirəsi forumun əsas istiqamətlərindəndir.
