Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və qlobal investisiya şirkəti olan “Brookfield” Azərbaycan, eləcə də Qafqaz və Mərkəzi Asiya regionunda investisiya imkanlarının birgə araşdırılması məqsədilə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.
Bu barədə Dövlət Neft Fondu məlumat yayıb.
Bildirilib ki, tərəfdaşlıq “Brookfield” şirkətinin qlobal investisiya və əməliyyat təcrübəsi ilə ARDNF-nin region üzrə dərin ekspertizasını və geniş institusional əlaqələrini bir araya gətirəcək.
"Əməkdaşlıq çərçivəsində tərəflər enerji və özəl kapital başda olmaqla müxtəlif sahələrdə perspektivli investisiya imkanlarını araşdıracaq, eyni zamanda qlobal institusional investorların regionda investisiya imkanlarına çıxışının genişləndirilməsinə töhfə verəcəklər. Tərəfdaşlıq “Brookfield”in Azərbaycanda fəaliyyət imkanlarının və əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq. Əməkdaşlığın növbəti mərhələlərində digər beynəlxalq institusional investorların da cəlb olunması və bununla investisiyaların daha geniş miqyasda həyata keçirilməsi nəzərdə tutulur", - ARDNF-nin məlumatında qeyd olunub
“Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Konnor Teski bildirib ki, artan enerji tələbatı, zəngin resurslar və qlobal kapitalın cəlb olunmasına verilən önəm Azərbaycan və bütövlükdə region üçün əhəmiyyətli və uzunmüddətli investisiya imkanları yaradır.
"ARDNF ilə uzun illər ərzində formalaşmış əməkdaşlıq münasibətlərimiz mövcuddur və bu tərəfdaşlıq həmin möhkəm təməllər üzərində qurulur. Birgə imkanlarımızdan istifadə etməklə yüksək keyfiyyətli investisiya imkanlarını müəyyənləşdirməyi və regiona əlavə institusional kapitalın cəlb olunmasına töhfə verməyi hədəfləyirik”, - o əlavə edib.
ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov bildirib ki, “Brookfield” ilə qurulan bu tərəfdaşlıq aparıcı qlobal investorlarla əməkdaşlığın daha da dərinləşdirilməsi və regiona uzunmüddətli institusional kapitalın cəlb olunması istiqamətində yanaşmamızı əks etdirir.
""Brookfield"in geniş investisiya və əməliyyat təcrübəsini nəzərə alaraq, regionun davamlı iqtisadi inkişafına töhfə verə biləcək investisiya imkanlarının birgə müəyyənləşdirilməsi və inkişaf etdirilməsi üçün əhəmiyyətli potensial görürük", - o vurğulayıb.
“Brookfield” haqqında
“Brookfield” idarəetməsində 1 trilyon ABŞ dollarından çox aktiv olan aparıcı qlobal investisiya şirkətidir. Şirkət qlobal iqtisadiyyatın əsasını təşkil edən real aktivlərə və mühüm xidmət sahələrində fəaliyyət göstərən bizneslərə investisiya yatırır, eləcə də onların idarə olunmasını həyata keçirir“Brookfield” dünyanın müxtəlif ölkələrində institusional və fərdi investorlar adından infrastruktur, enerji, özəl kapital, daşınmaz əmlak və kredit sahələrinə sərmayə yatırır. Bu istiqamətlər iqtisadi artımın və məhsuldarlığın təmin olunmasında mühüm rol oynayır.
Bir əsrdən artıq tarixə malik olan və 30-dan çox ölkədə fəaliyyət göstərən “Brookfield” uzunmüddətli investisiya yanaşması əsasında müasir iqtisadiyyatın dayanıqlı inkişafı və qarşılıqlı əlaqələrinin gücləndirilməsi üçün əhəmiyyət daşıyan aktiv və bizneslərin inkişafına sərmayə qoyur. Şirkət bu yanaşma ilə müştəriləri üçün uzunmüddətli dəyər yaratmağa və səhmdarları üçün risklər nəzərə alınmaqla yüksək gəlirlilik təmin etməyə çalışır.
ARDNF haqqında
1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivlərinin həcmi 72 milyard ABŞ dollarından çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.
