Xocavənd. Trend:
“Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak edən hərbi texnikalar nümayiş olunub.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, təlim çərçivəsində media nümayəndələrinə silah və sursatların, eləcə də digər hərbi texnikaların xüsusiyyətləri barədə məlumat verilib.
Nümayiş olunan “T-90S” əsas döyüş tankı düşmənin tanklarını, özüyeriyən artilleriya qurğularını və digər zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulub.
Azərbaycan istehsalı olan “VAŞAQ” zirehli döyüş maşını çətin relyef və iqlim şəraitində yüksək keçid və manevr qabiliyyətinə malikdir.
150 millimetrlik “SPİKE-ER” özüyeriyən tank əleyhinə idarəolunan raket kompleksi gündüz, gecə və məhdud görünmə şəraitində termal nişangah vasitəsilə müasir dinamik mühafizə sistemləri ilə təchiz edilmiş tankların və digər zirehli texnikaların məhv edilməsi üçün nəzərdə tutulub. Atış məsafəsi səkkiz kilometr olan kompleksin raketinin çəkisi 34 kiloqram, qurğusunun çəkisi isə 90 kiloqramdır.
Sərgidə “BARKAN” pilotsuz quru vasitəsi də təqdim olunub. Avtonom platforma kimi hazırlanmış, mini tankı xatırladan bu robot süni intellekt imkanlarına malikdir və hərbi kəşfiyyat, müşahidə və atəş dəstəyi üçün nəzərdə tutulub. Yüksüz çəkisi 1050 kiloqram, faydalı yükü 200 kiloqram olan vasitə beş saat fəaliyyət göstərə bilir. “BARKAN” 7,62 millimetrlik SARP-L silah sistemi ilə təchiz olunub və mənfi 30 dərəcədən müsbət 55 dərəcəyədək temperatur şəraitində işləyə bilir.
Nümayiş etdirilən “ASLAN” orta sinif pilotsuz quru vasitəsi kəşfiyyat, müşahidə, hədəflərin aşkarlanması və atəş dəstəyinin təmin edilməsi üçün hazırlanıb. Çəkisi 750 kiloqram olan vasitənin işləmə müddəti yeddi saat, rabitə məsafəsi isə 1,2 kilometrdir. 7,62 millimetrlik SARP silah sistemi ilə təchiz olunan vasitə 40 santimetrlik su maneəsini və 60 santimetrlik xəndəyi keçə bilir.
“BOYGA” pilotsuz uçuş aparatı 81 millimetrlik minaatan sursatı ilə təchiz olunub və dəqiq zərbə endirmə qabiliyyətinə malikdir. Terrorla mübarizə, sərhəd təhlükəsizliyi və asimmetrik müharibə əməliyyatlarında istifadə olunan aparatın maksimum havada qalma müddəti 30 dəqiqə, uçuş məsafəsi beş kilometr, uçuş hündürlüyü isə 1000 metrdir. Qaldırma gücü 17 kiloqram, maksimal sürəti saatda 54 kilometrdir.
“KARGU” zərbə pilotsuz uçuş aparatı düşmənin yüngül zirehli hədəflərinə və canlı qüvvəsinə dəqiq zərbə endirmək üçün nəzərdə tutulub. Uçuş müddəti 25 dəqiqə, maksimal uçuş hündürlüyü bir kilometr, radio əlaqə məsafəsi beş kilometr olan aparat saatda 72 kilometr sürət yığa bilir. Döyüş başlığının çəkisi 1,38 kiloqram, maksimum qalxış çəkisi səkkiz kiloqramdır.
“MİNİ İHA D” kiçik sinif pilotsuz uçuş aparatı əsasən kəşfiyyat, müşahidə və məlumat toplama məqsədləri üçün istifadə olunur. Aparatın uçuş müddəti 100 dəqiqə, maksimal uçuş hündürlüyü 2,5 kilometr, radio əlaqə məsafəsi 15 kilometrdir. Maksimal sürəti saatda 72 kilometr, faydalı yükü 580 qram, maksimum qalxış çəkisi isə 5,8 kiloqramdır.
Təqdim olunan “İHTAR D” PUA əleyhinə mübarizə sistemi xüsusi əhəmiyyətli obyektlərə mini və mikro pilotsuz uçuş aparatlarının yaratdığı təhdidləri aradan qaldırmaq üçün hazırlanıb. Sistem dörd radar vasitəsilə azimut üzrə 360 dərəcə əhatə təmin edir, hədəfin məsafəsi, azimutu və yüksəkliyi barədə məlumat verir. Lövhədə göstərilən maksimal məsafə X diapazonunda 15 kilometr, S diapazonunda isə 25 kilometrdir.
Nümayişdə Türkiyə komando bölmələrinin istifadə etdiyi KGM-5.56 yüngül pulemyotu və KNT-76 snayper tüfəngi də yer alıb. 5,56×45 millimetrlik NATO sursatından istifadə edən KGM-5.56 pulemyotunun çəkisi 7,8 kiloqram, atış tezliyi dəqiqədə 800 atəşdir. Effektiv atış məsafəsi tək hədəfə 600 metr, toplu hədəfə isə 800 metr təşkil edir.
7,62 millimetrlik NATO sursatından istifadə edən KNT-76 snayper tüfənginin çəkisi beş kiloqram, darağının tutumu 20 patron, effektiv atış məsafəsi 800 metr, maksimal atəş məsafəsi isə 3800 metrdir.
