Bakı.Trend:
İsrail Prezidenti İsxak Hersoq sentyabrın 30-da Tel-Əvivə uçan BƏƏ-nin "Flydubai" aviaşirkətinə məxsus reysin qəzaya uğramasının qarşısını alan Tsvi Manes, Şota Musayev, Asaf Radjuan və Yaniv Hayonu Mülki Qəhrəmanlığa görə Prezident mükafatı ilə təltif etməyi planlaşdırır.
İsrail KİV-nə görə ,bu barədə Hersoqun ofisi məlumat yayıb.
"İsrail Prezidenti Dubaydan uçan reysdə baş verə biləcək faciənin qarşısını alan dörd israillini Mülki Qəhrəmanlığa görə Prezident mükafatına təqdim etməyi planlaşdırır. Mülki Qəhrəmanlığa görə Prezident mükafatı göstərilən qəhrəmanlığa görə İsrailin ən yüksək mülki dövlət mükafatıdır. Bu mükafat ən ağır sınaqlar zamanı digər insanların həyatını xilas etmək naminə öz həyatlarını riskə atan şəxslərin xidmətlərinin İsrail Dövləti tərəfindən tanınmasını simvolizə edir", - deyə bəyanatda bildirilib.
Ofis əlavə edib ki, "Mülki Qəhrəmanlığa görə Prezident mükafatı Prezident Hersoq tərəfindən müstəsna qəhrəmanlıq göstərən və qarşılıqlı məsuliyyət hissi ilə hərəkət edərək, eyni zamanda öz həyatlarını real təhlükəyə atan insanların şərəfləndirilməsi məqsədilə təsis edilib".
Xatırladaq ki, Sentyabrın 30-da Dubaydan Tel-Əvivə uçan Flydubai sərnişin təyyarəsi qaçırılma siqnalı verib. Daha sonra təyyarə Səudiyyə Ərəbistanına enib. Flydubai şirkətinin mətbuat xidmətindən TASS-a bildirildiyi kimi, bütün sərnişinlər təhlükəsiz vəziyyətdədir.
İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, insidentə səbəb iki pilot arasında baş verən əlbəyaxa dava olub. İsrailin "i24News" telekanalı isə şahidlərə istinadən pilotlardan birinin bıçaqla yaralandığını bildirib. İsrailin müdafiə naziri İsrael Katz insidenti terror aktına cəhd kimi qiymətləndirib.
