Bakı. Trend:
Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığı gücləndirmək və onların rəqabət qabiliyyətini artırmaq üçün “Qafqaz Benilüksü” ideyasının həyata keçirilməsi mümkündür.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “Strategy International (SI) Ltd.” şirkətinin Direktorlar Şurasının üzvü, Gürcüstanın sabiq xarici işlər və müdafiə naziri Gela Bezhuaşvili cümə axşamı Bakıda keçirilən CAMCA Regional Forumunda deyib.
O bildirib ki, dünyada mövcud olan mürəkkəb və proqnozlaşdırılması çətin təhlükəsizlik mühiti region ölkələrini yeni yanaşmalar üzərində düşünməyə vadar edir.
"Hökumətdəki vəzifəmdən ayrıldıqdan sonra dünyada çox şey dəyişib. Dünya artıq əvvəlkindən xeyli fərqlidir. Mən keçmişdən və mövcud problemlərdən daha çox gələcək haqqında danışmağa üstünlük verirəm. Çünki bu gün dünyada mövcud olan mürəkkəb və proqnozlaşdırılması çətin təhlükəsizlik mühiti bizi risk və çağırışlardan qoruyacaq imkanları yaratmaq üçün fərqli və yaradıcı düşünməyə vadar edir", - deyə Gela Bezhuaşvili bildirib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həllindən sonra Cənubi Qafqazda yeni imkanlar yaranıb.
"Danışacağım məsələ mənim dövrümdə bir xəyal idi. Lakin Qarabağ münaqişəsinin effektiv və uğurlu şəkildə həllindən sonra düşünürəm ki, bu artıq xəyal deyil", - deyə o qeyd edib.
Gela Bezhuaşvili Benilüks modelini nümunə göstərərək Cənubi Qafqaz ölkələri arasında oxşar əməkdaşlıq formatının yaradılmasını təklif edib.
"Bu auditoriyada olanların çoxu Benilüks konsepsiyasını bilir. Bir vaxtlar ölçüləri kiçik olan üç ölkə bazarda rəqabət qabiliyyətlərini və rəqabət imkanlarını artırmaq üçün birlik yaratmaq qərarına gəldi. Bu səhər doktor Starrın daha geniş Mərkəzi Asiya və Qafqaz konsepsiyası ilə bağlı dediklərinə istinad edərək deyə bilərəm ki, mənim fikrimcə, dünən xəyal olan, bu gün reallığa çevrilə bilər. Söhbət, belə demək mümkünsə, Qafqazın Benilüksündən gedir", - deyə o bildirib.
Onun sözlərinə görə, xüsusilə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın inkişafı üçün hazırda əlverişli məqam yaranıb.
"Fikrimcə, bu üç Cənubi Qafqaz ölkəsi bir-birini daha rəqabətqabiliyyətli etmək üçün hansı istiqamətlərdə, sahələrdə və klasterlərdə bir-birinə dəstək ola biləcəyini müəyyənləşdirməlidir", - deyə Gela Bezhuaşvili vurğulayıb.
O, Azərbaycan və Ermənistan arasında hələ həllini gözləyən məsələlərin olduğunu, lakin bunun paralel olaraq regional əməkdaşlığın inkişafına mane olmamalı olduğunu bildirib.
"Ermənistan və Azərbaycan arasında həll edilməli bir neçə mühüm məsələnin olduğunu nəzərə alaraq, bütün hörmətimlə deyə bilərəm ki, buna paralel olaraq bu ideyanı həyata keçirə bilərik. Biz Qafqaz Benilüksü ideyasını reallaşdırmalıyıq", - deyə sabiq nazir qeyd edib.
Gela Bezhuaşvili bunun üçün yeni beynəlxalq qurum və ya əlavə
bürokratik struktur yaratmağa ehtiyac olmadığını bildirib.
"Mən beynəlxalq təşkilatlarda daha çox bürokratiyanın yaradılmasını
və ya hansısa katibliyin təsis edilməsini təklif etmirəm. İlk
növbədə bizim üstünlüklərimizi və bir-birimizi gücləndirə
biləcəyimiz sahələri müəyyənləşdirəcək işçi qrup yaratmalıyıq", -
deyə o bildirib.
Onun sözlərinə görə, belə bir işçi qrupunda yalnız dövlət nümayəndələri deyil, özəl sektor da təmsil olunmalıdır.
"İşçi qrup yalnız hökumətlərdən ibarət olmamalıdır. Mən dövlət-özəl tərəfdaşlığına inanıram. Ona görə də qrup qarışıq tərkibdə olmalıdır. Bu, hökumətlərə güclü mesaj verməlidir ki, rəqabət qabiliyyətimizi, səmərəliliyimizi və beynəlxalq görünürlüğümüzü artırmaq üçün həm hökumətlər, həm də biznes nə edə biləcəyimizi ortaya qoya bilərik", - deyə Gela Bezhuaşvili vurğulayıb.
O, hazırkı geosiyasi şəraitdə bu prosesə Azərbaycanın rəhbərlik
edə biləcəyini düşünür.
"Bu prosesin mexanizminə gəldikdə, mövcud geosiyasi şəraitdə
Azərbaycanın buna rəhbərlik etmək üçün uyğun mövqedə olduğunu
düşünürəm. Azərbaycan bu təşəbbüsü irəli sürməlidir", - deyə sabiq
Gürcüstan xarici işlər və müdafiə naziri bildirib.
Gela Bezhuaşvili işçi qrupunun fəaliyyətinin təşkilində beynəlxalq məsləhətçi qurumların iştirakını da təklif edib.
"Bu işçi qrup yaradılmalı və hökumətlərə öz fəaliyyətlərini təşkil etməkdə kömək məqsədilə seçilmiş aparıcı beynəlxalq məsləhətçi qurum tərəfindən idarə olunmalı və ya moderasiya edilməlidir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, CAMCA Regional Forumu da bu təşəbbüs üçün intellektual və strateji kommunikasiya platforması rolunu oynaya bilər.
"CAMCA Forumu belə bir işçi qrupu üçün intellektual platforma, eləcə də strateji kommunikasiya platforması kimi xidmət edə bilər. Burada məqsəd ideyanı regiona təqdim etmək, müzakirə etmək və onunla bağlı mesajı çatdırmaqdır", - deyə Gela Bezhuaşvili əlavə edib.
