Bakı.Trend:
Orta Dəhlizin inkişafının növbəti mərhələsi inteqrasiya prinsipi əsasında qurulmalıdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays cümə axşamı Dünya Bankı Qrupunun “Orta Dəhliz: növbəti mərhələ” mövzusunda keçirilən onlayn tədbiri zamanı deyib.
“Dəmir yolları, limanlar, gömrük orqanları, logistika operatorları və sərhəd xidmətləri ümumi məqsədə - yüklərin səmərəli, proqnozlaşdırılan və rəqabətə davamlı şəkildə daşınmasına nail olmaq üçün birgə fəaliyyət göstərirlər. Buna görə də Orta Dəhlizin inkişafının növbəti mərhələsi eyni prinsip - inteqrasiya əsasında qurulmalıdır”, - deyə o bildirib.
R.Praysın sözlərinə görə, dəhlizin fasiləsiz fəaliyyətini təmin etmək üçün əməliyyat proseslərinin, sənədləşmə, gömrük və sərhəd prosedurlarının, eləcə də rəqəmsal sistemlərin inteqrasiyası tələb olunacaq. Həmçinin ölkələr arasında dövlət planlaşdırılması və qərar qəbuletmə proseslərinin uzlaşdırılmasını təmin etmək lazımdır.
“Əsas amil dövlət və özəl sektorlar arasında sıx əməkdaşlıq olacaq”, - deyə o vurğulayıb.
O qeyd edib ki, dəhlizin transformasiyasında özəl sektor mərkəzi rol oynayacaq.
“Bu, müasir logistika xidmətlərinin yaradılması və istismarı, avadanlıqlara investisiyaların yatırılması, anbar və paylama şəbəkələrinin genişləndirilməsi, eləcə də istehsalçıların dünya bazarları ilə əlaqələndirilməsi hesabına baş verəcək. Nəticədə dəhlizin uğur qazanıb-qazanmayacağını məhz biznes müəyyən edəcək”, - deyə o bildirib.
