Bakı. Trend:
CAMCA regionunun ümumi əhalisi təxminən 150 milyon nəfər, ümumi daxili məhsulunun (ÜDM) potensialı isə 700 milyard dollara yaxındır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov cümə axşamı Bakıda keçirilən CAMCA Regional Forumunda deyib.
O bildirib ki, bu potensial region ölkələri üçün süni intellekt (AI), rəqəmsal transformasiya və yeni texnologiyaların inkişafı baxımından geniş imkanlar yaradır.
“Regionu bütövlükdə götürdükdə, təxminən 150 milyon əhali və 700 milyard dollara yaxın ÜDM potensialı var. Süni intellektin yaradılması baxımından ABŞ və Çinlə rəqabət apara bilməsək də, süni intellekti gündəlik həyatımıza tətbiq edə bilərik”, - deyə Fariz Cəfərov qeyd edib.
Onun sözlərinə görə, region ölkələri süni intellekt texnologiyalarının tətbiqi və inkişafı istiqamətində əməkdaşlığı genişləndirə bilərlər.
“Süni intellekt sahəsində “yaradanlar”, “mənimsəyənlər” və “şəkilləndirənlər” var. Yaradanlar ABŞ və Çindir, onlar çoxlu süni intellekt məhsulları istehsal edirlər. Biz yaxşı mənimsəyən ola bilərik və öyrənərək öz böyük dil modellərimizi və qlobal alətlərimizi yaradaraq bu sahədə “şəkilləndirici” rolunu oynaya bilərik”, - deyə o bildirib.
Fariz Cəfərov qeyd edib ki, süni intellekt ekosisteminin inkişafı üçün enerji təminatı əsas amillərdən biridir.
“Enerji tərəfi həyati əhəmiyyət daşıyır. Hər bir ölkə süni intellekt infrastrukturu qurarkən kifayət qədər elektrik enerjisinə ehtiyac duyur. Bu, ilk növbədə məlumat mərkəzlərinin işlədilməsi, həmçinin soyutma sistemlərinin təmin olunması üçün lazımdır. Bu isə böyük həcmdə enerji tələb edir”, - deyə 4SİM-in icraçı direktoru vurğulayıb.
O bildirib ki, Azərbaycan, Qazaxıstan və Qırğızıstan kimi region ölkələri müxtəlif enerji mənbələri hesabına bu sahədə geniş imkanlara malikdir.
“Bu gün Azərbaycan olaraq diqqətimizi tam şəkildə buna yönəltmişik. Hətta dövlət neft şirkətimiz SOCAR da neft və qazı müxtəlif bazarlara yalnız xammal kimi satmaq istəmir, məlumat mərkəzlərinin yaradılmasına sərmayə yatırır. Mahiyyət etibarilə enerjini süni intellekt biznesinə çevirir. Bu, hazırda Azərbaycanın əsas istiqamətlərindən biridir”, - deyə Fariz Cəfərov qeyd edib.
Onun sözlərinə görə, Qazaxıstan və Özbəkistan da məlumat mərkəzlərinin yaradılması istiqamətində layihələr həyata keçirir.
“Qazaxıstan təxminən 400 meqavat gücündə məlumat mərkəzi tikməyi planlaşdırır. Özbəkistanda da oxşar güc və sərmayə planları var. Azərbaycanda isə məlumat mərkəzlərinin yaradılması üçün xarici sərmayələrin cəlb edilməsinə yönəlmiş addımlar atılır. Bu yaxınlarda “Oracle” və “Haymaker” şirkətləri ilə böyük müqavilə imzalanıb”, - deyə o bildirib.
Fariz Cəfərov Azərbaycanın yalnız logistika və enerji bağlantısı baxımından deyil, rəqəmsal transformasiya sahəsində də regional rolunun gücləndiyini vurğulayıb.
“Azərbaycan yalnız logistika, enerji və malların daşınması üçün Orta Dəhliz rolunu deyil, həm də regionda rəqəmsal transformasiya mərkəzi rolunu oynayır”, - deyə o qeyd edib.
O, rəqəmsal bağlantının süni intellekt ekosisteminin formalaşdırılmasında əsas sütunlardan biri olduğunu bildirib.
“Qazaxıstanla birlikdə həyata keçirdiyimiz “AzInConnect” və rəqəmsal bağlantının “İpək Yolu” layihəsində bu rolumuz var. Ümid edirəm ki, bu ilin sonuna qədər layihə hazır olacaq. Bu, böyük imkan yaradır. Çünki bağlantı olmadan heç bir süni intellekt həllini və ya məlumat xidmətini təmin etmək mümkün deyil”, - deyə 4SİM-in icraçı direktoru bildirib.
Onun sözlərinə görə, yüksək sürətli rəqəmsal bağlantı Azərbaycanın Mərkəzi Asiya və Avropa ilə əlaqələrini genişləndirməklə yanaşı, iri texnologiya şirkətlərinin ölkəyə cəlb edilməsinə də imkan yarada bilər.
“Bu, iri hiperskalyerləri Azərbaycana cəlb etməyə, onların məlumat mərkəzlərini ölkəmizdə yerləşdirməyə və həm regional, həm də qlobal miqyasda xidmət göstərməyə şərait yarada bilər. Çünki bu regionda elektrik enerjisi, ən azı hazırkı dövrdə, Avropa ilə müqayisədə daha ucuzdur. Yüksəksürətli bağlantını təmin etdikdən sonra bu, Avropa bazarlarının Azərbaycana yönəlməsi üçün çox cəlbedici modeldir”, - deyə o əlavə edib.
Fariz Cəfərov süni intellekt ekosisteminin digər mühüm elementinin hesablama gücü olduğunu bildirib.
“Bu yaxınlarda “Dell” şirkəti ilə müqavilə imzaladıq və Azərbaycanda iki superkompüterimiz var. Regiondakı digər ölkələr də bu imkanlara sahib olmaq üçün rəqabət aparırlar. Çünki hesablama gücü olmadan heç bir süni intellekt modelini işlətmək mümkün deyil”, - deyə o vurğulayıb.
O qeyd edib ki, süni intellektin inkişafı üçün məlumat və insan kapitalı da mühüm əhəmiyyət daşıyır.
“Məlumat mərkəzi tikərkən yalnız mühəndislərə deyil, həm də bu mərkəzləri quran, idarə edən və süni intellekt həlləri yaradan insanlara ehtiyac var. Dünya İqtisadi Forumunun məlumatına görə, süni intellekt 90 milyondan çox iş yerini sıradan çıxaracaq, eyni zamanda 170 milyona yaxın yeni iş yeri yaradacaq”, - deyə Fariz Cəfərov bildirib.
Onun sözlərinə görə, əmək bazarında dəyişən tələblərə uyğun olaraq insanların bacarıqlarının inkişaf etdirilməsi əsas məsələlərdən biridir.
“Hökumət olaraq qarşımızda duran əsas məsələ insanların bacarıqlarını necə artırmaq və dəyişdirməkdir ki, onlar süni intellektdən istifadə edərək bilikləri biznesə çevirə bilsinlər”, - deyə o qeyd edib.
Fariz Cəfərov Azərbaycanda bu istiqamətdə həyata keçirilən təhsil və bacarıqların inkişafı proqramlarından da danışıb.
““Coursera” ilə proqramlarımız var. Artıq üç ildir ki, 70 mindən çox azərbaycanlıya pulsuz giriş imkanı yaratmışıq. Platformada 21 mindən çox onlayn kurs var və onların əsas hissəsi süni intellektlə bağlıdır. Hətta süni intellektin köməyi ilə 3 mindən çox kursu Azərbaycan dilinə tərcümə etmişik. Bu, süni intellektin müsbət tərəfidir”, - deyə o bildirib.
O əlavə edib ki, Azərbaycan beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində süni intellekt üzrə insan kapitalının inkişafına da diqqət yetirir.
“Bu yaxınlarda “OpenAI” ilə 500 mindən çox azərbaycanlı tələbəyə süni intellekt biliklərinin öyrədilməsi üçün müqavilə imzaladıq. Həmçinin “SpaceX”/“Grok” ilə müqavilə bağladıq və regiona yeni tərəfdaşlar gəlir”, - deyə Fariz Cəfərov vurğulayıb.
Onun sözlərinə görə, məktəblərdə tədris proqramları yenilənir, müxtəlif universitetlərlə birgə dərəcə proqramları həyata keçirilir.
4SİM-in icraçı direktoru “SABAH.HUB” innovasiya mərkəzinin də bu istiqamətdə mühüm rol oynayacağını qeyd edib.
“Son zamanlar cənab Prezidentin iştirakı ilə “SABAH.HUB” innovasiya mərkəzini açdıq. Burada 20 hektarlıq ərazidə Azərbaycanın “Silikon Vadisi”ni qurmağa çalışırıq. Burada üç universitet, 30-dan çox laboratoriya, 100-dən çox startap və 100-dən çox İT şirkəti fəaliyyət göstərəcək. Bu, sənaye ilə elmin əməkdaşlığı olacaq”, - deyə o bildirib.
Fariz Cəfərov qeyd edib ki, əsas məqsəd universitetləri və startapları sənayenin tələbləri ilə əlaqələndirmək, elmi bilik və təcrübənin biznesə transferini gücləndirməkdir.
