Bakı.Trend:
Türk Dövlətləri Təşkilatının (TDT) "CubeSat" peykinin bu ilin sonu və ya gələn il orbitə buraxılması gözlənilir.
Trend-in müxbiri xəbər verir ki, bu barədə cümə axşamı Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib
Ömüralıyev təşkilatın təhsil və kosmik texnologiyalar sahəsində həyata keçirdiyi layihələrdən də danışıb.
“170 universiteti birləşdirən Türk Universitetləri Birliyimiz var. Həmçinin MEVLANA və Orhun adlı öz təhsil mübadiləsi proqramlarımız mövcuddur”, - deyə o bildirib.
Onun sözlərinə görə, TDT "CubeSat" peyki layihəsini də həyata keçirir. Layihə artıq başa çatıb və peykin cari ilin sonu və ya gələn il orbitə buraxılması gözlənilir.
Region ölkələri arasında nəqliyyat əlaqələrinin inkişafından danışan Ömüralıyev Orta Dəhliz üzrə yükdaşımaların həcminin artdığını qeyd edib.
“2025-ci ildə Orta Dəhliz üzrə birbaşa olaraq təxminən 4,7 milyon ton yük daşınıb. Bu o deməkdir ki, dörd il ərzində Orta Dəhlizlə daşınan yüklərin həcmi səkkiz dəfə artıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Orta Dəhliz üzrə Çindən yola salınan blok qatarlarının sayı 37 faiz artaraq 392 reysə çatıb.
Ömüralıyev bildirib ki, infrastrukturun daha da inkişaf etdirilməsi marşrut üzrə daşımaların həcmini artırmağa imkan verəcək.
“Dünya Bankının məlumatlarına görə, Orta Dəhlizin infrastrukturunun təkmilləşdirilməsi 2030-cu ilədək daşımaların həcmini üç dəfə artıraraq 10 milyon tona çatdırmağa imkan verəcək”, - deyə o bildirib.
Bu kontekstdə o, regionda həyata keçirilən yeni nəqliyyat layihələrinin əhəmiyyətini də vurğulayıb.
“Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və digər ölkələr üçün deyil, həm də regionun əlaqələndirilməsi baxımından çox vacibdir. Digər mühüm layihə Çin-Qırğızıstan-Özbəkistan dəmir yoludur. Hər iki layihə həyata keçirildikdən sonra daşımaların həcmi ilə 15 milyon tona çatacaq”, - deyə TDT-nin baş katibi qeyd edib.
Qeyd edək ki, Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstanda dialoqun, əməkdaşlığın və dayanıqlı iqtisadi inkişafın təşviqinə həsr olunan illik CAMCA (Central Asia, Mongolia, Caucasus and Afghanistan) Regional Forumu ilk dəfə olaraq Bakıda keçirilir.
Forumda özəl biznes və dövlət sektorunun nümayəndələri, yüksək vəzifəli şəxslər, investorlar, sahibkarlar və ekspertlər iştirak edir.
İki günlük tədbir çərçivəsində regionda əməkdaşlığın genişləndirilməsi, iqtisadi artımın və sosial inkişafın təşviqi məsələləri müzakirə olunacaq.
