"Baku White City" düzgün şəhərsalma planlaşdırmasının heyrətamiz nümunəsidir - Avstraliyalı səyyah (ÖZƏL)

Cəmiyyət Xəbər 1 Oktyabr 2026 16:10 (UTC +04:00)
"Baku White City" düzgün şəhərsalma planlaşdırmasının heyrətamiz nümunəsidir - Avstraliyalı səyyah (ÖZƏL)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

"Baku White City" düşünülmüş dizaynın və düzgün şəhərsalma planlaşdırmasının insanların həyat şəraitinin yaxşılaşdırılmasına necə töhfə verə biləcəyinin heyrətamiz nümunəsidir.

Bunu Trend-ə cümə axşamı Parkinson xəstəliyinin tədqiqatlarına dəstək məqsədilə 1929-cu ilin nadir “Pontiac Roadster” avtomobili ilə xeyriyyə avtoyürüşü həyata keçirən tanınmış avstraliyalı səyyah Rik Lindsi deyib.

“Azərbaycanda gələcəyə baxışınız məni çox heyran edir. "Baku White City" düşünülmüş dizaynın və düzgün şəhərsalma planlaşdırmasının insanların həyatını yaxşılaşdırmağa necə kömək edə biləcəyinin heyrətamiz nümunəsidir. Marşrutumuzun növbəti mərhələsi Azərbaycandan keçir və mən bunu səbirsizliklə gözləyirəm. Xüsusilə Qafqaz dağlarının ətəklərində yerləşən rayonları ziyarət etmək, gözəl kənd və şəhərlərinizi görmək mənim üçün çox maraqlıdır”, - deyə o bildirib.

Səyyahın sözlərinə görə, Azərbaycandan sonra onun marşrutu Gürcüstan ərazisindən davam edəcək. O, burada bir həftə qalaraq qədim pravoslav kilsələrini və şərabçılıq təsərrüfatlarını ziyarət etməyi, yerli sakinlərlə tanış olmağı planlaşdırır.

“Daha sonra Gürcüstana gedəcəyik və orada bir həftə ərzində qədim pravoslav kilsələrini və şərabçılıq təsərrüfatlarını ziyarət edəcək, yerli sakinlərlə tanış olacaq və sadəcə xoş vaxt keçirəcəyik. Bundan sonra Türkiyəyə yollanacağıq. İstanbula çatmaq üçün mənə cəmi üç-dörd gün lazım olacaq və bununla da səyahətim başa çatacaq”, - deyə o qeyd edib.

Səfərinin məqsədindən danışan Rik Lindsi bildirib ki, təqaüdə çıxdıqdan sonra əsl macəra yaşamaq və eyni zamanda Parkinson xəstəliyi üzrə tədqiqatlara dəstəyin vacibliyinə diqqət çəkmək üçün bu səyahətə çıxıb.

“Mən bu səyahətə ona görə çıxdım ki, yaxınlarda inşaatçı kimi fəaliyyət göstərdikdən sonra təqaüdə çıxmışam və yaşlanmadan, hələ belə bir imkanım olduğu müddətdə əsl macəra yaşamaq istəyirdim. Dostlarımdan bəziləri Parkinson xəstəliyindən əziyyət çəkir və bu mənə insanların nə qədər cəsur ola biləcəyini göstərdi. Bu həmçinin onlara kömək etmək və bu xəstəliklə mübarizəyə yönəlmiş tibbi tədqiqatları dəstəkləmək üçün əlimizdən gələn hər şeyi etməyin nə qədər vacib olduğunu göstərdi. Buna görə də Parkinson xəstəliyi üzrə tibbi tədqiqatlar üçün vəsait toplayıram”, - deyə o əlavə edib.

Səyyah həmçinin artıq bir çox ölkədən keçdiyini və onların hər birində keçirdiyi vaxtdan zövq aldığını bildirib. Onun sözlərinə görə, xüsusilə müxtəlif ölkələrin insanları ona fərqli mədəniyyətlərin və həyat tərzlərinin dəyərini daha yaxşı anlamağa kömək edib.

“İnsanlar mənə xüsusilə evimizdə nə qədər şanslı olduğumuzu, eləcə də müxtəlif ölkələrdə yaşayan insanların özünəməxsus mədəniyyətə və həyat tərzinə sahib olmaq baxımından nə qədər bəxtəvər olduqlarını anlamağa kömək etdilər”, - deyə o sözlərini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti