Bakı. Trend:
Orta Dəhlizin səmərəli fəaliyyəti üçün yalnız infrastrukturun inkişaf etdirilməsi kifayət deyil, müxtəlif ölkələrin və qurumların fəaliyyətinin əlaqələndirilməsi, qanunvericiliyin uyğunlaşdırılması, rəqəmsallaşma və logistika proseslərində vahid yanaşmanın tətbiqi vacibdir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu "Chemonics International" şirkətinin Özbəkistandakı nümayəndəliyinin rəhbəri və layihə rəhbəri, Daşkənd Mərkəzi Asiya İnkişaf İnstitutunun həmtəsisçisi və ölkə direktoru, CAMCA Şəbəkəsinin üzvü Farrux İrnazarov cümə günü Bakıda keçirilən CAMCA Regional Forumunun ikinci günündə deyib.
Onun sözlərinə görə, Orta Dəhlizin fəaliyyəti bir növ estafet yarışına bənzəyir və burada prosesin müxtəlif mərhələlərində iştirak edən tərəflərin fəaliyyətinin düzgün əlaqələndirilməsi zəruridir.
"Orta Dəhliz bir növ estafet yarışıdır. Hər kəs öz mərhələsində qaçır, estafeti əlində saxlayır və növbəti iştirakçıya ötürməyə hazırlaşır. Lakin bu zaman tərəflərdən biri digərinə "əvvəlcə sənədləri doldur, sonra estafeti götürəcəyəm" deyə bilər. Bu isə əlavə problem yaradır", - deyə o bildirib.
F.İrnazarov qeyd edib ki, Orta Dəhlizin fəaliyyətində bir neçə ölkənin və qurumun iştirak etməsi onların hər birinin fəaliyyətinin ümumi nəticəyə təsir göstərməsinə səbəb olur.
"Altı ölkənin və müxtəlif qurumların bu prosesin həyata keçirilməsi üçün birlikdə çalışdığını nəzərə alsaq, hər birinin öz işində 95 faizlik dəqiqlik və vaxt göstəricisinə nail olması belə, yekunda ümumi uğur səviyyəsinin təxminən 70 faizə qədər azalmasına səbəb ola bilər. Çünki bütün tərəflər bir-birindən asılıdır", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, hər bir ölkə və qurum öz fəaliyyətinin uğurla həyata keçirildiyini sənədlərlə göstərə bilər, lakin proseslərin bir-birindən asılılığı səbəbindən ümumi nəticə gözlənilən səviyyədə olmaya bilər.
"Kağız üzərində hər bir ölkə 'işimizi yaxşı gördük, hər şey yaxşı getdi' deyə bilər. Lakin yekunda lazımi səviyyəyə çatmaq mümkün olmaya bilər. Çünki tərəflər bir-birindən asılıdır və müxtəlif nəqliyyat növləri də prosesə cəlb olunur", - deyə F.İrnazarov əlavə edib.
O bildirib ki, bu proseslərin əlaqələndirilməsi üçün qanunvericiliyin uyğunlaşdırılması və tərəflər arasında etimadın gücləndirilməsi vacibdir.
"Sinxronlaşdırmanı təmin etmək üçün qanunvericilikdə müəyyən dəyişikliklərə, uyğunlaşdırmaya və dünən də müzakirə etdiyimiz etimada ehtiyac var", - deyə o qeyd edib.
F.İrnazarov Orta Dəhlizin inkişafı ilə bağlı müzakirələrdə infrastruktur məsələsinə həddindən artıq diqqət yetirilməsinin də düzgün yanaşma olmadığını bildirib.
"Təəssüf ki, biz infrastruktur haqqında danışmağa davam edirik. İnfrastruktur Orta Dəhlizin inkişafı üçün bir növ universal həll vasitəsi kimi qəbul edilir. Halbuki infrastruktur, şübhəsiz ki, vacibdir, lakin özü bütün problemləri həll etməyəcək", - deyə o bildirib.
Onun sözlərinə görə, əsas diqqət nəqliyyat marşrutlarında yaranan "dar boğazlara" və prosesləri ləngidən məhdudiyyətlərə yönəldilməlidir.
"Biz həmişə darboğazlara və məhdudiyyətlərə baxmalı, hansı müdaxilələrin real nəticə verə biləcəyini müəyyən etməliyik. Bu yanaşma layihənin həyata keçirilməsinə imkan verə bilər", - deyə F.İrnazarov vurğulayıb.
F.İrnazarov Xəzər dənizində su səviyyəsinin aşağı düşməsinin də nəqliyyat prosesinə müəyyən çətinliklər yaratdığını diqqətə çatdırıb.
"Xəzərdə su səviyyəsinin aşağı düşməsi də müəyyən problemlər yaradır. Bundan əlavə, müəyyən yük növlərinə, gəmi tiplərinə və konkret ölkəyə məxsus nəqliyyat vasitələrinə üstünlük verilməsi məsələləri daha da mürəkkəbləşdirir", - deyə o əlavə edib.
Onun sözlərinə görə, problemlərin həlli üçün əsas addımlardan biri bütün prosesi vahid operatorun və vahid sənədin ətrafında birləşdirməkdir.
"Ən vacib məsələlərdən biri bütün bu prosesləri elə bir çərçivəyə salmaqdır ki, bir operator və bir yük sənədi olsun. Beləliklə, hər bir qurumla ayrıca müzakirə aparmaq əvəzinə, bütün prosesə görə məsuliyyət daşıyan vahid tərəf müəyyənləşsin", - deyə F.İrnazarov bildirib.
O, həmçinin proseslərin vaxtında və keyfiyyətlə həyata keçirilməsini təmin etmək üçün maliyyə məsuliyyətinin tətbiqinin vacibliyini vurğulayıb.
"Digər məsələ öhdəliklərin yerinə yetirilməməsinə görə maliyyə nəticələrinin müəyyən edilməsidir. Əgər müəyyən müddət ərzində tələb olunan nəticəni təmin edə bilmirsinizsə, bunun maliyyə məsuliyyəti olmalıdır. Çünki proseslərin işləməsini təmin etməyin yollarından biri budur", - deyə o qeyd edib.
F.İrnazarov Orta Dəhlizin səmərəliliyinin artırılmasında rəqəmsallaşmanın da mühüm rol oynadığını bildirib.
"Bütün sənədlər rəqəmsal şəkildə dövriyyədə olmalı, proseslər bütün tərəflər tərəfindən tanınmalıdır. Görüləsi çox iş və əhatə olunası böyük bir sahə var", - deyə o əlavə edib.
