Davamlı sülh cəzasızlıq şəraitində mümkün deyil - Azərbaycan nümayəndəsi BMT-də

Siyasət Xəbər 1 Oktyabr 2026 17:46 (UTC +04:00)
Davamlı sülh cəzasızlıq şəraitində mümkün deyil - Azərbaycan nümayəndəsi BMT-də
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli QHT Forumunun üzv təşkilatının təmsilçisi Nigar Ramazanova BMT-nin İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində keçirilən iclasda Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunması üçün müharibə cinayətlərinə görə məsuliyyət məsələsinin həll edilməsinin vacibliyini vurğulayıb.

N.Ramazanova oktyabrın 1-də Cenevrədə keçirilən iclasda çıxışı zamanı bildirib ki, cəzasızlıq şəraitində davamlı sülh və insan hüquqlarının təmin olunması mümkün deyil.

Onun sözlərinə görə, münaqişə və işğal illərində azərbaycanlılara qarşı ağır cinayətlər törətmiş və hazırda Ermənistanda yaşayan şəxslərdən heç biri məsuliyyətə cəlb edilməyib.

“Əksinə, Ermənistan cəmiyyətinin bəzi təbəqələri həmin şəxsləri qəhrəman kimi təqdim edir. Cinayət törədən şəxslərin cəzasız qalması beynəlxalq ədalətə ziddir və xalqlar arasında həqiqi barışığa mane olur”, - deyə o qeyd edib.

N.Ramazanova Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasını da narahatedici məsələ kimi diqqətə çatdırıb.

O bildirib ki, Azərbaycana qarşı yenidən təcavüzə çağıran və ərazi iddiaları irəli sürən bəzi şəxslər və təşkilatlar hələ də fəaliyyət göstərirlər.

“Davamlı sülhə nail olmaq üçün konkret addımlar atılmalıdır. Keçmişdə törədilmiş müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslər qanun qarşısında cavab verməli, zorakılığa çağıran revanşist təşkilatların fəaliyyətinə son qoyulmalı və qonşu ölkələrə qarşı ərazi iddialarını təşviq edən strukturlar ləğv edilməlidir”, - deyə N.Ramazanova vurğulayıb.

Azərbaycan nümayəndəsi çıxışında mədəni irsin qorunması və geri qaytarılması məsələsinə də toxunub.

O bildirib ki, işğal dövründə Azərbaycan ərazilərindən çoxsaylı qiymətli mədəniyyət nümunələri Ermənistana aparılıb.

“Dünyada oğurlanmış mədəni sərvətlərin geri qaytarılmasını ehtiva edən çoxsaylı müsbət nümunələr var. Biz də Ermənistanı işğal dövründə oğurlanmış mədəniyyət nümunələrini Azərbaycana geri qaytarmağa çağırırıq”, - deyə o bildirib.

N.Ramazanova, həmçinin "Christian Solidarity International" təşkilatının Azərbaycanı hədəf alan bəyanat və fəaliyyətlərinin Azərbaycan və Ermənistan arasında davam edən sülh və normallaşma prosesinə mənfi təsir etdiyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti