Avstraliyalı səyyah Parkinson xəstəliyinin tədqiqinə dəstək məqsədilə Azərbaycanı səyahət marşrutuna daxil edib

Cəmiyyət Xəbər 1 Oktyabr 2026 16:14 (UTC +04:00)
Avstraliyalı səyyah Parkinson xəstəliyinin tədqiqinə dəstək məqsədilə Azərbaycanı səyahət marşrutuna daxil edib
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Parkinson xəstəliyinin tədqiqinə dəstək məqsədilə 1929-cu ilin nadir “Pontiac Roadster” avtomobili ilə xeyriyyə yürüşü həyata keçirən avstraliyalı səyyah Rik Lindsi öz səyahət marşrutuna Azərbaycanı da daxil edərək ölkəmizə yenidən gəlib.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Lindsi "Baku White City"də jurnalistlərlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, o, bu ilin əvvəlində də Azərbaycanda olub və səfərdən aldığı təəssüratlar ölkəmizi yenidən marşruta daxil etmək qərarına gəlməsinə səbəb olub.

“Azərbaycanı o qədər sevdim ki, Türkiyəyə gedərkən marşrutumuza mütləq daxil etmək qərarına gəldim”, - deyə o bildirib.

Lindsi Azərbaycanda iki-üç gün qalmağı planlaşdırdığını, daha sonra təxminən, bir həftəlik Gürcüstana gedəcəyini, bundan sonra isə səfərini Türkiyədə davam etdirəcəyini qeyd edib.

“Burada iki-üç gün qalacağıq, sizin gözəl dağlarınızı araşdıracağıq. Daha sonra sərhədi keçərək təxminən bir həftəlik Gürcüstana gedəcəyik, bundan sonra isə Türkiyəyə yollanacağıq”, - deyə səyyah əlavə edib.

Avtomobili barədə danışan Lindsi “Pontiac”ın 1929-cu ildə ABŞ-nin Detroit şəhərində istehsal edildiyini bildirib. Onun sözlərinə görə, avtomobil əvvəlcə bahalı və ya lüks avtomobillər kateqoriyasına aid olmayıb və Avstraliyaya gətirildikdən sonra kənd təsərrüfatında istifadə edilib.

“Bu, bahalı və ya lüks avtomobil deyil, “Rolls-Royce” və ya “Bentley” deyil, adi ailə avtomobilidir. 1929-cu ildə Avstraliyada satılıb. İlk sahibinin kim olduğunu bilmirik, lakin avtomobildən kənd təsərrüfatında istifadə olunub”, - deyə o bildirib.

Lindsi uzun illər sonra bu avtomobili satın alıb. COVID-19 pandemiyası dövründə boş vaxtından istifadə edərək avtomobili qismən bərpa edib.

“Mən inşaatçıyam. Həmin vaxt çox işimiz yox idi, ona görə də boş vaxtım yarandı və avtomobili bir qədər bərpa etdim. Lakin avtomobil hələ də kifayət qədər köhnə vəziyyətdədir”, - deyə səyyah bildirib.

Lindsi səfər zamanı əsas çətinliklərin təxminən bir əsrlik avtomobilin texniki vəziyyəti ilə bağlı olduğunu deyib.

“Bu avtomobilin təxminən 100 yaşı var. Ona görə də təsəvvür edə bilərsiniz ki, kifayət qədər problemlə qarşılaşırıq. Təkərlərlə, yanacaq sistemi və digər mexanizmlərlə bağlı problemlər var”, - deyə o qeyd edib.

Bununla yanaşı, Lindsi səfərin xeyriyyə məqsədi daşıdığını vurğulayıb. O, Avstraliyada Parkinson xəstəliyinin tədqiqinə dəstək üçün vəsait toplayır.

“Bu tədqiqatlar üçün vəsait toplayırıq. Alimlər və tədqiqatçılar artıq nəticə əldə etməyə çox yaxındırlar – söhbət sözün əsl mənasında bir neçə aydan gedir. Buna görə də bu məqsədə çatmalarına kömək etmək üçün mümkün qədər çox vəsait toplamağa çalışıram”, - deyə o bildirib.

Lindsi qeyd edib ki, söhbət avstraliyalı mütəxəssislərin fikrincə, xəstəliyin müalicəsinə çevrilməsə də, onun inkişafını dayandırmağa imkan verə biləcək metodun hazırlanmasından gedir.

“Mən bu ölkəni sevirəm. Formula 1 Qran-prisindən dərhal sonra gəlmək bizə nəsib oldu. Çünki, düzünü desəm, düşünürəm ki, bu avtomobil bütün həmin yarış avtomobillərini geridə qoyardı. Ona baxın – necə də sürətli və möhtəşəmdir!” - deyə səyyah avtomobili barədə danışarkən bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti